Xalq yazıçısının təqaüdçülərlə bağlı təklifi gözəldir: Amma mexanizm olmalıdır

Xalq yazıçısı, millət vəkili Elmira Axundova təqaüdçülərin ictimai nəqliyyatdan ödənişsiz istifadəsi və dərmanların da onlara pulsuz verilməsi təklifi ilə çıxış etmişdi. Lakin hələ də təklifə hökumət səviyyəsində reaksiya verilməyib. Xanım millət vəkilinin təklifi, əlbəttə, təqaüdçülərin ürəyindəndir. Nəqliyyatdan pulsuz istifadə və dərmanların da pulsuz əldə edilməsi yaşlı, ahıl insanların təqaüdlərinin böyük bir hissəsinin digər gündəlik məsrəflərə xərclənməsinə şərait yaradacaq.



Ola bilər təqaüdçülər ictimai nəqliyyatdan o qədər də çox istifadə etmirlər, amma dərman preparatlarının alınması üçün böyük məbləğ tələb olunur. Bu da təqaüdlərin tutarlı hissəsini əhatə edir. Tüqaüdçərə belə güzəştlərin tətbiqi mümkündürmü? 
 
"İctimai nəqliyyatdan ödənişsiz istifadə üçün ilk növbədə nəqliyyatda bir kart sistemi tətbiq edilməlidir"

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu məsələnin tətbiq mexanizmi işlənməlidir: 

"Təklif gözəldir. Amma əvvəla, təklifin inteqrasiya mümkünlüyü təsdiqlənməlidir və tətbiq mexanizmi olmalıdır. Təbiidir ki, dünya ölkələrində tətbiq edilən yaxşı nə varsa, bizim ölkədə də olmasını istəyirik. Amma bunun üçün uyğun şərtlər olmalıdır. İctimai nəqliyyatdan ödənişsiz istifadə üçün ilk növbədə nəqliyyatda bir kart sistemi tətbiq edilməlidir. Bu proses hazırda gedir. “Bakı kart” sistemi tətbiq olunur və əhatə dairəsi də genişlənməkdədir. Ancaq proses başa çatmayıb. Bir kart sistemindən kənar qalan şirkətlər, “MMC”lər var. Təqaüdçülərin ictimai nəqliyyatda gediş haqqından azad olunması üçün gərək dövlət bu məsələni öhdəsinə götürsün və sərnişindaşıma ilə məşğul olan şirkətlərə dotasiya ayırsın. Necə ki, bu dotasiya hazırda metropolitenə ayrılır. Əks halda, hökumət əgər daşıyıcı şirkətlərə, “siz təqaüdçüləri pulsuz aparıb-gətirin” deməklə, onların cibinə girmiş olacaq. Bir də, bilirsiniz, bizim millətdə tənbəllik də var. Mən dünyanın bir çox ölkələrini gəzmişəm. Gördüyüm yerlərdə ahıl, yaşlı insanları əksər hallarda hərəkətdə görmüşəm. Amma bizim yaşlılar məcbur qalmadıqca evdən bayıra çıxmırlar.



İqtisadçı: "Təqaüdçülərə elektron kartlar paylansa, ondan daha çox qohum-əqrəbaları istifadə edəcək, nəinki ahılların özü"


Çox az hərəkət edirlər. Passiv həyat tərzi keçirirlər. Pulsuz gediş haqqına gəlincə, bunun üçün elektron kartlardan istifadə olunmalıdır. Amma sizə deyim ki, təqaüdçülərə elektron kartlar paylansa, ondan daha çox qohum-əqrəbaları istifadə edəcək, nəinki ahılların özü. İctimai nəqliyyatda bilirsiniz ki, sürücü ilə sərnişin əlaqəsi minimuma salınır artıq. Kart sisteminin üstünlüyü də bundadır. Amma bəziləri nənə-babalarının elektron kartını alıb nəqliyyatda istifadə edəcək, sürücü yoxlayası deyil ki, kim təqaüdçüdür, kim yox?!. Belə məsələlərin istədiyimiz formada icrası üçün birincisi, daxili mədəniyyət yüksək səviyyədə olmalıdır ki, kimsə nənə-babasına və ya valideyninə dövlət tərəfindən verilən güzəştdən sui-istifadə etməsin. Dərmanların pulsuz verilməsinin mümkünlüyü isə, hesab edirəm ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən keçir. Ən yaxşısı isə budur ki, həqiqi təqaüd istehlak tələbatını ödəyəcək səviyyədə olsun, daha pulsuz ictimai nəqliyyata ehtiyac qalmasın".