Özəl məhkəmə ekspertizasına ehtiyac böyük idi: Verilən rəy insan taleyinə təsir edir

Milli Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb. Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

“Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. 



Vəkil: "Özəl məhkəmə ekspertizası institutunun yaradılması gələcəkdə sui-istifadə hallarına və eskpertizada monopoliyaya son qoyacaq"


Özəl məhkəmə ekspertizası institutunun yaradılmasına çoxdan ehtiyac olduğunu deyən tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov Sherg.az-a bildirib ki, institutun yaradılması məhkəmə müstəqilliyini daha da gücləndirəcək:

“Məlumdur ki, Ədliyyə və Səhiyyə Nazirliyinin verdiyi eskpert rəyləri var. Həmin təşkilatların verdiyi rəydən başqa rəy verən təşkilat yoxdur. Hansısa ekspertiza həyata keçirilərkən ikinci bir alternativ mümkün deyil, başqa seçim olmur. Həmin təşkilat səhv ya da düzlüyündən asılı olmayaraq nə rəy verirdisə, sübut kimi sadəcə onların rəyi qəbul olunurdu. Ona görə də özəl məhkəmə ekspertizası institutunun yaradılması həqiqətən mütərəqqi haldır”.

Vəkilin sözlərinə görə, institutun yaradılması millətimiz üçün də çox xeyirlidir:

“Ekspert rəyi çox hallarda insan taleyinə təsir edir. Elə cinayətlər var ki, ekspert rəyi əsasında məsuliyyətə alınma və ya azad olma baş verir. Ona görə də ekspertin verdiyi rəylər birbaşa insan taleyi ilə bağlıdır. Özəl məhkəmə ekspertizası institutunun yaradılması gələcəkdə sui-istifadə hallarına və eskpertizada monopoliyaya son qoyacaq. Qanun layihəsinə dəyişiklik çox yerində olan qərardır. Bu qanun məhkəmə hakimiyyətinin inkişafına da töhfə verəcək. Ümid edirəm ki, qanunun müsbət nəticələrini də görəcəyik.

Biz xalq olaraq belə məqamları dərk etmirik. Elə bilirik ki, belə instituların yaradılması adi bir haldır. İnsanların əksəriyyəti musiqiyə qulaq asır və qeyri-ciddi söz-söhbətlərə fikir verirlər. Amma insan taleyinə təsir edən məsələlərə ciddi yanaşmalıdır. Hər bir ailədə insanların başına hadisə gələ bilər. Məsələnin həqiqətinə, ədalətə nail olmalıyıq. Cəmiyyət olaraq ədalət axtarmalıyıq”.