“SOCAR Georgia” azərbaycanlıların sıx yaşadığı daha iki kəndə qaz verəcək

Gələn ay "SOCAR Georgia Gas” şirkəti Gürcüstanda azərbaycanlıların sıx yaşadığı daha iki kəndə qaz verəcək.

Bunu Report-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, dekabrda "SOCAR Georgia Gas” Marneulinin Kirəc Muğanlı kəndinin qazlaşdırılmasını yekunlaşdıracaq:

“Şirkət dövlət investisiya proqramını başa çatdırıb. Gürcüstan hökuməti şirkətin böyük dövlət investisiya proqramını başa çatdırmasını tanımasını təsdiqləyən sənəd də verib.

İnvestisiya tariflərə ilbəil hissə-hissə daxil edilir. Bu gün şirkət Gürcüstanda iki istiqamətdə iş aparır. Biz indi kommersiya nöqteyi-nəzərindən səmərəli olan yerlərin qazlaşdırılması barəsində düşünürük. Təbii ki, azərbaycanlılar sıx yaşayan kəndləri prioritetimiz sırasındadır. Bu ilin sentyabr ayında Marneuli rayonunun Xançığazlı kəndinin qazlaşdırılması başa çatdırılıb”.

M.Məmmədov bildirib ki, bu gün artıq Gürcüstanın ümumilikdə 76-77 faizi qazlaşdırılıb:

“Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə isə qazlaşdırılmanın ümumi həcmi 85 faizi ötüb”.

Qeyd edək ki, “SOCAR Energy Georgia" MMC 2006-cı ildə yaradılıb. SOCAR “SOCAR Georgia Gas” şirkəti vasitəsilə Gürcüstanın qazpaylayıcı şəbəkələrini idarə edir. “SOCAR Georgia Gas” şirkəti 2007-ci ildə yaradılıb.

SOCAR Azərbaycanda birbaşa öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmlərini əsasən ölkənin daxili tələbatına yönləndirir. Gürcüstan bazarına ixrac edilən təbii qaz isə əsasən üçüncü tərəflərdən əldə edilir. SOCAR bu qazı Qazıməmməd-Qazax kəməri ilə nəql edir.