Sanksiyalar Tehranı çökdürür: ABŞ-ın İranla bağlı planları həyata keçməkdədir

“İranda baş verən etiraz aksiyaları əsasən ABŞ-ın bu ölkəyə tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının nəticəsindən qaynaqlanır”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, bu, gözlənilən bir proses idi: 

“ABŞ İrana hərbi müdaxiləni iqtisadi müdaxilə ilə əvəz edərək sonda kütləvi və qəzəb dolu etiraz aksiyalarına nail oldu. Bu, Vaşinqtonun strateji və prioritet planıdır. Aksiyaların bütün İran əyalətlərini əhatə etməsi, prosesi geridönməz məcraya gətirə bilər. Etiraz aksiyaların artıq sosial tələblərdən siyasi tələblərə keçməsi, burada İran rejiminin dəyişdirilməsini özündə ehtiva edir. Benzinin üç dəfə bahalaşması ağır sosial şəraitində yaşayan İran vətəndaşları üçün müsbət bir gediş deyil. İnsanlar bundan sonra sosial vəziyyətin daha da ağırlaşacağının fərqində olduqları üçün rejimin dəyişdirilməsi tələbi irəli sürürlər”. 



Politoloq: "İranda baş verənlər geosiyasi prosesdi və yeni dəyişikliklər qaçılmaz olacaq"


Analitik vurğulayıb ki, Tehran rejimi İraqda, Livanda, Suriyada və Yəməndə apardığı müharibənin mənfi nəticələri ilə üz-üzədir: 

“İran xalqı bu müharibələrin onların dünyadan tədricinə və sanksiyalara məruz qaldığının fərqində olduğu üçün, bu gün küçələrdə etiraza qalxıb. İranda baş verənlər geosiyasi prosesdi və yeni dəyişikliklər qaçılmaz olacaq. Rejim etirazları yatızdıra bilməsə, Xuzistanda, Bəllicistanda və Əhvazda yeni terror hücumları ilə üzləşə biləcək. Bu daha da daxili təhlükəsizlik riskini artıracaq. Bu etirazlar daxili sosial faktordan irəli gəlsədə burada xarici amillərdə xüsusi rol oynayır. ABŞ-ın İran planı reallaşdığı üçün etirazlara dəstək verəcək. İran rejimi məcbur qalıb, ABŞ-la anlaşa və yeni nüvə sazişinə başlamaq üçün danışıqlara gedə bilər”.