İranla bağlı dəhşətli rəqəm açıqlandı: Ölənlərin sayı yüzü keçib

Amnesty İnternational təşkilatı İranda benzin qiymətinin artırılmasına görə günlərdir davam edən etiraz aksiyaları zamanı ən azı 106 nəfərin öldüyünü bəyan edib. Bu barədə məlumat təşkilatın "Twitter" səhifəsində yerləşdirilib.

Məlumata əsasən İran polisi ölkənin 21 şəhərində etirazçılara qarşı atəş açıb.

Rəsmi məlumata görə isə aksiyalar nəticəsində 12 nəfər həyatını itirib. 

Bu arada İran mediası etiraz aksiyaları təşkilatçılarının edam ediləcəyini yazıb.

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min riala qədər, adambaşına kvota çərçivəsində isə 50 faiz qaldırılıb. Yeni qaydalara görə, hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosiklet sahibinə isə ayda 25 litr benzin düşür. Bundan sonra isə ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii etiraf edib ki, İranda benzinin qiymətinin qalxması ilə bağlı baş verən qarşıdurmalar nəticəsində hüquq mühafizə orqanlarının bir neçə əməkdaşı həlak olub.

"Təəssüflər olsun ki, son bir neçə gündə qarşıdurmalar baş verib. Hüquq mühafizə orqanlarının bir neçə əməkdaşı hücuma məruz qalıb və həlak olub", - deyə Əli Rabii vurğulayıb.

Bu arada İSNA agentliyi yazır ki, İran hökuməti benzinin bahalaşmasından daha çox əziyyət çəkən imkansız təbəqələrə bu gün axşamdan etibarən müavinətlər ödəməyə başlayacaq.