Qarabağa səfərlərin qarşısı "qara siyahı" ilə alınan deyil - TƏK YOL VAR

Azərbaycan dövləti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, Azərbaycan dövləti Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən bütün xarici ölkə vətəndaşlarına xatırladır ki, Ermənistanın hərbi birləşmələri tərəfindən davam edən işğal səbəbindən həmin ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən xarici vətəndaşlar, o cümlədən jurnalistlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər.

Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək və Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqlar”.



Deputat: "Ölkəmiz işğalda olan ərazilərini düşməndən təmizləməli və sərhədlərimizə nəzarət etməlidir"


Millət vəkili Elman Məmmədov Sherg.az-a açıqlamasında bu cür səfərlərin qarşısını almaq üçün ölkəmizin yeganə yolu olduğunu söylədi.

Deputat bildirdi ki, Azərbaycan ərazilərini düşməndən təmizləməli, ərazi bütövlüyünü təmin etməli, Azərbaycanla-Ermənistan sərhədlərində bizim hərbiçilər dayanmalıdır:

“Yəni, sərhədimizi  özümüz qorumalıyıq. Bu gün Azərbaycanın işğal altında olan ərazilərinə nəzarət Ermənistanın əlindədir. Ermənistan kimə icazə verirsə, istər turistlər, istərsə də qeyri-turistlər, iş adamları, cinayətkar və terrorçular gəlib-gedirlər. Bunun qarşısını heç bir etirazla almaq mümkün olmayıb, bu gündən sonra da olmayacaq. Azərbaycan tərəfi olaraq xəbərdarlıqlar edirik, ərazimizə gələnləri arzuolunmaz şəxslər siyahısına salırıq. Həmin şəxslər isə bildirir ki, “Biz Azərbaycana gəlməmişik. İşğal altında olan ərazilərdə turist və.s kimi gəzirik”. Ona görə də Azərbaycanın ikinci bir yol yoxdur. Ölkəmiz işğalda olan ərazilərini düşməndən təmizləməli və sərhədlərimizə nəzarət etməlidir. Bundan sonra kimin gəlib-gedəcəyinə özümüz nəzarət edəcəyik və bizdən icazə alacaqlar”.