"Robot nəsil" axırımıza çıxacaq: Real ünsiyyətin itməsi ən ağır xəstəliklərə səbəb olur

"Biz həmişə pasiyentlərə tövsiyə edirik ki, canlı ünsiyyəti bərpa edin. Hazırda hamımız qaçaraq həyat tərzi keçiririk. Bu da zəmanənin reallığıdır"



"Amma istək olsa, bir neçə dəqiqə vaxt tapıb valideynlərə, qohumlara zəng edib hal-əhval tutmaq olar. Bunlar istəkdən asılı məsələlərdir"



Metroda 10 nəfərdən 9-nun əlindəki mobil telefona kökləndiyini bu nəqliyyat növü ilə gedib-gələnlər hər gün müşahidə edir. Təkcə metrodamı? Adamlar yolla hərəkət edəndə, avtomobil yolunu keçəndə də gözünü və fikrini telefondan ayırmır. Buna görə sürücülərdən bolluca söyüş “alanlar” o qədərdi ki... Amma eşitmirlər, çünki qulaqları qulaqcıqlarla tıxanıb, sürücünün əsəbi simasından da xəbərsizdilər, çünki gözləri telefondadır. Sosial şəbəkə istifadəçiləri “telefon çıxardanın...” 7 arxdan dönəninə söyüş göndərildiyinin də çox şahidi olublar. Yaşlılar “indi bir mənzildə ər arvadından çayı “vatsap” üzərindən istəyir” deyib dizlərinə döyür, belə əməlləri görən gənclərsə evlilikdən vaz keçir. Məsələn, təkcə ünsiyyətdən qaçmaqla özünə ayrı bir dünya yaratmaq olsaydı, birtəhər dözmək olardı. Amma alimlərin araşdırmaları çox ciddi təhlükədən xəbər verir.     

İngiltərə alimlərinin apardığı araşdırmanın nəticəsinə görə, canlı ünsiyyətdən uzaqlaşan, qohumlarla əlaqə saxlamayan, dostları ilə bağları qıran insanlar sağlıq problemləri ilə daha tez-tez rastlaşır. Belə insanlarda psixoloji gərginlik, əsəb pozğunluğu müşahidə olunur. Nəticədə bu təbəqə insanlar xəstəliklərə də daha tez yoluxurlar. Canlı ünsiyyətə, qohum-əqrəba, dost-tanışla əlaqələrin möhkəmlənməsinə çalışan insanların isə səhhətləri də yerindədir, psixoloji durumları da.   

“Səbəbkarlar” çoxdur


Sözsüz ki, insanlar arasında ünsiyyətin itməsinin başlıca səbəbkarı mobil telefonlardır. Mobil telefonların insan orqanizminə mənfi təsiri artıq neçə illərdir ki, alimlərin ən ciddi araşdırma mövzusuna çevrilib. Tədqiqatçıların bu sahədəki qənaətləri müxtəlif olsa da ümumilikdə bu rabitə növünün insan sağlamlığına təsiri o qədər də ürəkaçan deyil.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 10 il ərzində 13 ölkədə aparılmış tədqiqatların nəticəsinə görə, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı daha böyükdür. Nəticələrə görə, mobil telefon aludəçiləri 50 faiz daha çox xərçəng xəstəliklərinə tutulurlar.
Mütəxəssislər bildirir ki, müasir mobil telefonlarla danışan zaman bir dəqiqə ərzində insan beyninə 217 elektromaqnit impuls ötürülür. Təbii ki, bu “zərbə”lərə hamı tab gətirə bilmir. Xüsusilə məktəb yaşlarında olan uşaqlara bu olduqca mənfi təsir göstərir. Buna görə də mütəxəssislər bu yaşda olanlara mobil telefonlardan istifadə etməmələrini tövsiyə edirlər.

İsveçdə aparılmış tədqiqatların nəticələrindən aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlarda artıq 21 yaşlarında beyin şişləri, 18 yaşdan sonra mobil telefonlardan istifadə edənlərdən beş dəfə çoxdur.
Tibbi və biofizika Federal institutunun mütəxəssisləri tərəfindən aparılan tədqiqatların nəticəsi də sevindirici deyil. Belə ki, nəticələrə görə mobil telefondan istifadə zamanı beynin şüalanması 8-10 ildən sonra şişlərin əmələ gəlməsinə səbəb ola bilər.

Alimlərin fikrinə görə, mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur. Çünki bu rabitə vasitəsindən istifadə edən zaman o, beyin və gözlərə ən yaxın məsafədə olur və digər fəsadları ilə yanaşı görmə qabiliyyətinə də mənfi təsir göstərir. Statistik göstəricilər də buna əyani sübutdur. Tayvanlı alimlərin araşdırmaları nəticəsində məlum olub ki, 6-7 yaşında uşaqların, yəni birinci sinif şagirdləri arasında uzaq görmə qabiliyyəti zəif olanlar 21 faizdirsə, yeddinci sinif şagirdləri arasında bu, 65 faiz təşkil edir. Bu isə həmin yaşda olan uşaqların mobil telefonlardan daha çox istifadə etmələrinin nəticəsidir.

Mütəxəssislərin qənaətinə görə, saatlarla mobil telefonla danışan insanlarda baş ağrıları, yorğunluq və sinir gərginliyi halları daha çox olur və telefona olan aludəçilik immun sisteminə ciddi zərbələr vurur. Mobil telefonlardan istifadənin həmçinin cinsi fəaliyyətə, yaddaşa, insanın davranışına və psixikasına da mənfi təsirləri var.

İnsan beyninin 25 yaşadək inkişafını nəzərə alsaq mobil telefonların uşaqlar üçün daha çox təhlükəli olduğunu valideynlər diqqətdə saxlamalıdırlar. Çünki Beynəlxalq Xərçəng xəstəlikləri Araşdırma Mərkəzi müəyyən edib ki, mobil telefonların yaratdığı elektromaqnit sahələri uşaqlarda xərçəng xəstəliklərinin yaranması ehtimalını artırır.
Sözsüz ki, bu gün heç kim öz həyatını mobil telefonsuz təsəvvür edə bilmir. Bu rabitə vasitəsindən istifadə qaçılmazdır. Bunu nəzərə alan alimlər mobil telefonlardan istifadə zamanı daha az mənfi təsirə məruz qalmaq üçün insanları bəzi tövsiyələrə əməl etməyə çağırırlar.
İlk növbədə mobil telefonu işdə və evdə olarkən kənarda saxlamağa çalışmaq lazımdır.
Mobil telefonlardan gün ərzində minimum istifadə edilməlidir. 
Daha yaxşı olar ki, mobil telefonla danışan zaman qulaqcıqlardan və digər xüsusi qurğulardan istifadə olunsun.

Uşaqların yanında “hörmətli” olmaq üçün onları məktəb yaşlarında telefonla sevindirməyin. Əgər onlarda mobil telefonun olmasını vacib sayırsınızsa, o zaman onlara sms xidmətlərindən istifadə etməyi öyrədin.
Uzanıb istirahət edərkən, işdə fasilə zamanı, nəqliyyatda olarkən, növbələrdə dayanarkən telefonunuzu əyləncə hədəfinə çevirib özünüzü ondan asılı vəziyyətə salmayın.
Və ən başlıcası elə düşünməyin ki, mobil telefon olmasa həyat dayanacaq. İllər öncə mobil telefon mövcud olmayanda həyat öz axarında davam edib.
 

   

İnsanın sağlamlığı ruh halından keçir 


Psixoloq Elnur Rüstəmov “Şərq”ə açıqlamasında istənilən tədqiqatın hansısa hipotezi əsaslandırmaq məqsədi daşıdığını dedi:

“İngilis alimləri çox doğru araşdırma aparıb. Bioloji, sosioloji və psixoloji varlıq olan insanın həyatında ünsiyyət mühüm yer tutur. İnsanı həyata bağlayan dəyərlər var. Bu dəyərlər insana adət-ənənə, din, inanclar, incəsənət, musiqi və sairə vasitəsilə ötürülə bilər. Bütün dəyərlərin ana qayəsi insanların bir-birinə qarşı humanist davranışıdır. Real ünsiyyətin itməsi isə mənəvi yüklənməyə səbəb olur, buradan da psixoloji gərginlik yaranır. Psixoloji gərginlik immunitet zəifliyinə gətirib çıxarır. Çünki insanın sağlamlığı onun ruh halı ilə birbaşa bağlıdır. İmmunitet zəifliyi özüylə yanaşı stress, depressiya yaradır və orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir. Biz həmişə pasiyentlərə tövsiyə edirik ki, canlı ünsiyyəti bərpa edin. Hazırda hamımız qaçaraq həyat tərzi keçiririk. Bu da zəmanənin reallığıdır. Amma istək olsa, bir neçə dəqiqə vaxt tapıb valideynlərə, qohumlara zəng edib hal-əhval tutmaq olar. Bunlar istəkdən asılı məsələlərdir. Kimsə deməsin ki, vaxtım yoxdu, vaxt tapa bilmirəm. Canlı ünsiyyət həm zəng etdiyimiz, yaxud vaxt ayırıb ziyarət etdiyimiz doğmalarımız, yaxınlarımız üçün nə qədər xoşdursa, ziyarət edən üçün ondan da artıq avantajdır. Çünki bununla insan bəlkə də başa düşmədiyi, xeyrini ilk baxışda hiss etmədiyi mənəvi sakitlik əldə edir. Ruh halına hüzur bəxş etmiş olur. Nəticədə stresdən uzaqlaşır, paralel olaraq da xəstəliklərdən. Ona görə də, əlbəttə, canlı ünsiyyət, qohumluq bağlarının qorunması vacibdir”.

“Laqeyd nəsil formalaşmaqdadır”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Rauf Məmmədov da bu məsələ ilə bağlı araşdırma aparıb. Qənaətini qısaca qeyd edirik: 

“KİV-dən və şəxsi müşahidələrdən əldə olunan məlumatlara əsasən demək olar ki, müasir dövrdə gənclərin ailə həyatına münasibəti, sovet dövründə evlilərin ailəyə olan münasibətindən çox fərqlənir. Yaşlı nəsil, ailəyə xüsusi bir dəyər verdiyi halda, bir qisim gənclər artıq ona bir dəyər kimi baxmırlar. Buna görə də, bu gənclər üçün ailənin qurulması böyük bir tarixi gün olmadığı kimi, onun dağılması da bir faciə deyildir. Çünki gənc valideynlərin övladlarına olan münasibətində də müəyyən laqeydlik hissi formalaşıb. Bu tendensiya, bütün gənclərə sirayət etməsə də, KİV-dən, sosioloji araşdırmalardan və şəxsi müşahidələrdən əldə olunan məlumatlara əsasən demək olar ki, tədricən kütləviləşir. Bu, yanlız Azərbaycanda deyil, modernləşmə və qloballaşma prosesindən sürətlə keçən bütün cəmiyyətlərdə kütləvi hal alır. 



Nə baş verir? Nəyə görə gənclərdə laqeydlik, eqoistlik, məsuliyyətsizlik hissləri güclənir? Nədən ənənəvi ailədə ataların daşıdıqları maddi-mənəvi məsuliyyət hissi, anaların fədakarlıq xüsusiyyətləri, ailə qurumu ilə bağlı kollektiv dəyərlər tədricən zəifləyir?

Biz düşünürük ki, mövcud tendensiyanın təməlində obyektiv səbəblər dayanır. Cəmiyyətdə individual dəyərlərin kök salması və real-emosional ünsiyyətin qeyri-emosional virtual ünsiyyətlə əvəz olunması;

Qadınların cəmiyyətdə iqtisadi müstəqilliyinin artması və gender rollarının kişi-qadın formulu istiqamətində tədricən dəyişməsi.
İnternet bəşəriyyət tarixinə daxil olan ən böyük bir ixtiradır. Onun müsbət tərəfləri olduqca çoxdur. Lakin internetdə insan və cəmiyyət üçün təhlükəli olan amillər də kifayət qədərdir. Onlardan biri, insanların tabuların, dəyərlərin və sərhədlərin olmadığı virtual aləmi, tabuların, dəyərlərin və sərhədlərin olduğu real aləmdən daha çox sevmələri və ona aludə olmalarıdır. Bu aləmin sakinləri həmçinin, sosial şəbəkələrdə, pornoqrafik saytlarda, qorxulu oyunlarda iştirak etmək və psixikası pozulmuş terrorçu, manyak, əxlaqsız fərdlərlə əlaqə yaratmaq imkanlarına sahib olurlar. Bunlar, yalnız, həmin insanların mənəvi-psixoloji durumunun dəyişməsinə deyil, həmçinin, onların ətrafında olan insanlar ilə münasibətlərinin də dəyişməsinə şərait yaradır. Ailə üzvlərindən hər birinin gizli virtual aləmi real ailə mühitinin birliyini parçalayır və onun yerində formalaşan boşluq tədricən ailənin “qara dəliyi”nə çevrilir. Bu tendensiyanın inkişaf etməsi, cəmiyyətin də eyni aqibət ilə üzləşməsinə şərait yaradır. 



Son dövrdə ictimaiyyətdə ətraf aləmə qeyri-emosionallığı, diqqətsizliyi, laqeydliyi, eqoizmi və real aləmdən daha çox virtual aləmə bağlılığı ilə seçilən, sərhədsiz və tabusuz virtual aləmin sakinləri kimi qeyri-məhdud zaman və məkan, əxlaq və dəyər anlayışlarına, fərqli psixika, davranış və həyat tərzinə malik olan və reallıqla uzlaşa bilməyən bir “robot nəsildən” bəhs olunur. Fərqli mühitdə yetişən yaşlı nəsil, bunları daha aydın şəkildə müşahidə edə bilir. Məsələn, ictimai yerlərdə olarkən və yolda gedərkən gözləri mobil telefonlarda olan, qulaqları qulaqcıqlar ilə qapanan, ətrafında baş verənləri görüb-eşitməyən, əksər hallarda avtobuslarda uşaq və yaşlılara yer verməyən, qonşu və qohumlarla əlaqə qurmağa meyil etməyən, ailədə valideynlərin, məktəb və universitetlərdə müəllimlərin, cəmiyyətdə yaşlıların avtoritetini qəbul etməyən, ailə üzvləri ilə az ünsiyyətdə olan, həyatının böyük bir hissəsini internetdə hərəkətsiz şəkildə keçirən, dostlarını, gələcək həyat yoldaşını ünsiyyət qurduğu virtual aləmdə axtaran bir nəsil mövcuddur. Əslində, cəmiyyətdə və şəxsiyyətin formalaşması prosesində baş verən bu hadisələri individualizm kimi səciyyələndirmək olar.
Bölgələrdə şəhərdən fərqli olaraq, ailə-qohumluq institutuna əsaslanan ənənəvi kollektivizm dəyərləri daha çox qorunur. Çünki şəhərlərə nisbətdə modernləşmə prosesləri zəif gedir. Fikir versək görərik ki, bölgələrdə qohum-əqrəba arasında ünsiyyət hələ də möhkəmdir. Və bu insanlar daha çox gülümsəyir, nəinki şəhər əhalisi. Gülüş insanın daxili aləminin rahatlığından xəbər verən güclü amildir”.