Mehriban xanımın Moskva səfəri: İki ölkə arasında münasibətlər daha da möhkəmlənəcək

"Rusiya bizim əhalicə və ərazicə ən böyük qonşumuzdur. Təxmini hesablamalara görə, 2-3 milyon arasında soydaşımız, həmvətinimiz Rusiya ilə birbaşa bağlıdır, orada yaşayır, fəaliyyət göstərirlər". Bunu Sherg.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, Rusiya həm də 31 ilini artıq geridə qoyan Ermənistan-Azərbaycan münaqişəsinin, Qarabağ probleminin dinc danışıqlar və sülh yolu ilə tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir: 

"Bununla yanaşı, iki ölkənin liderləri, dövlət başçıları arasında yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin kökü, təməli  isə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub və həmin vaxtdan da bu günə kimi bu münasibətlər  bu xətt üzrə davam, hər iki xalqın və dövlətin inkişafına, rifahına xidmət etməkdədir. Heç təsadüfi deyil ki, ötən il iki ölkənin lideri ən azı 8 dəfə bir araya gəldi, bu il isə ən azı 3 dəfə görüşdülər və dekabrın 20-də növbəti görüşün keçirilməsi gözlənilir. Bunlar iki dövlət lideri arasında münasibətlərin hansı yüksək səviyyədə olduğunu gözlər önünə sərmiş olur və geniş, əlavə izahata da ehtiyac qalmır.

Eyni zamanda, ölkə prezidentinin ən yaxın, ən sadiq silhadaşı kimi Birinci ledi, Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə iki ölkə arasında münasibətlərin inkişafına və davam etdirilməsinə, daha da sürətləndirilməsinə öz töhfəsini verməyə çalışır və bunu da reallaşdırır. Məhz elə bu səbəbdəndir ki, bu ilin avqust ayında Rusiya Federasiyasının prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin inkişafında xidmətlərinə görə, Mehriban xanımım Rusiyanın ən ali ordeni- “Dostluq” ordeni ilə təltif etdi. Bu, çox böyük uğur və tarixi hadisə idi. Mehriban xanım da öz növbəsində bunu tam haqq edirdi, bu yüksək ordenə layiq idi.

Rusiyaya səfəri çərçivəsində də Vladimir Putinlə bir araya gələn, görüşən Mehriban xanıma qonşu dövlətin prezidenti tərəfindən “Dostluq” ordeni təqdim edildi və  bunun bir daha Azərbaycan dövlətinə, Mehriban xanımın fəaliyyətinə verilən bir dəyər olduğu vurğulandı.
Rusiya prezidenti “Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiriririk”-deyərək, bəyan etdi ki,  ordenin adı məhz Mehriban xanımın Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafı üçün gördüyü işləri əks etdirir".



Parlament üzvü vurğulayıb ki, hər zaman yüksək təvazökarlığı və səmimiyyəti ilə seçilən Mehriban xanım ordenə görə dərin təşəkkürünu bildirdi:

"Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var”-deyərək, minnətdarlığını ifadə etdi.
Mehriban Əliyeva eyni zamanda “Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir”-deyərək, Rusiya Federasiyası ilə münasibətlərin Azərbaycanın xarici siyasətində çox mühüm yer tutduğunu vurğuladı.
O, “…Bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir” -deyərək, bütün sahələrdə,  o cümlədən, iqtisadi sahədə  əməkdaşlığın artıq öz bəhrələrini verdiyini və bunun  çox sevindirici hal olduğunu sözlərinə əlavə etdi.

Bu baxımdan bir daha belə hesab edirəm ki, Mehriban xanımın Rusiya səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək, öz müsbət töhfələrini verəcək. Eyni zamanda, Mehriban xanımı bir daha belə bir yüksək mükafata, ordenə layiq görülməsi, ona Rusiya prezidenti tərəfindən ordenin təqdim edilməsi münasibəti ilə təbrik edir, Azərbaycan naminə mübariz və fədakar fəaliyyətində növbəti uğurlar diləyirəm".