Qarabağ münaqişəsinin həlli: Danışıqlar masasında yenilənmiş “Madrid prinsipləri”dir

“Ermənistanın Baş naziri və “məxməri inqilabın” müəllifi Nikol Paşinyan həqiqətən çox əla yalançı olduğunu nümayiş etdirə bilib. Tək yalanla da bir iş görmək mümkün deyil”. 

Sherg.az-ın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı danışarkən deyib. 

Analitik qeyd edib ki, indi Paşinyan hökmən müəyyən qədər həqiqəti dərk etdiyini də sübut etməlidir: 

“Onun üçün ən yaxşısı həqiqət danışmağa başlamasıdır, həqiqət danışdıqca o, həqiqətə yaxınlaşa bilər. Onun bu qabiliyyəti kifayət qədər ciddi şübhə altındadır. Çünki o, 3 dəfə görüşdüyü Emmanuel Makronu özünün çox əla dostu adlandırır. Bir-iki dəfə görüşdüyü adamları özünün dostu adlandıran Paşinyan, Yerevanda vaxtilə onunla birlikdə ağır günlərin sınağından keçən dostlarını inkar edir”.



Mübariz Əhmədoğlu: “Paşinyan başqa formada həmsədrlərinin mövqeyinə təsir etmək istəyir. Amma həmsədrlər buna imkan vermədilər”


Əhmədoğlu vurğulayıb ki, Paşinyan bir neçə dəfə ATƏT-in Minsk Qrupunun adından yalanlar deyib:

“Nəhayət həmsədrləri 9 martda bəyanat yayaraq stolun üstündə olan Dağlıq Qarabağ tənzimlənməsi variantını açıqladılar: 2009-cu ildə qəbul edilən Yenilənmiş “Madrid prinsipləri” hazırda yenə danışıqlar stolunun üstündədir. Yenilənmiş “Madrid prinsipləri”-nə qarşı Ermənistanın əvvəlki rəhbərliyi də müharibə aparıb. Amma ciddi bir şey əldə edə bilməyiblər. Paşinyan başqa formada həmsədrlərinin mövqeyinə təsir etmək istəyir. Amma həmsədrlər buna imkan vermədilər. Regiona sentyabr və oktyabr səfərlərindən sonra da verdiyi bəyanatlarda həm dolayısı, həm də birbaşa yolla 9 mart bəyanatına istinad var. Minsk Qrupunun mövqeyində ümumi konseptuallıq bundan ibarətdir ki, region 3 dövlətli olaraq qalacaqdır və regionda da heç bir dövlətin de-yure ərazisinin sahəsində dəyişiklik olmayacaq.Çünki Paşinyan Dağlıq Qarabağ tənzimlənməsi prosesini dayandırmaq və yaxud onun istiqamətini dəyişmək gücündə deyil. Amma düz danışmaqla bəlkə də müəyyən qədər öz əhalisinə, xalqına hörmət etmiş olardı. Paşinyan öz xalqına hörmət qoysa onda vasitəçilərə və beynəlxalq aləmin iri dövlət başçılarına hörmət qoymaq hissi də yaranacaq”. 

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsində Paşinyanın qabağında böyük bir mənbə var:

“O, müqayisəli təhlil aparmaqla hər şeyi başa düşə bilər.1988-ci ildə-Dağlıq Qarabağ münaqişəsi başlamazdan qabaq dünya erməniliyinin maliyyə, geosiyasi, geoiqtisadi parametrləri ilə dünya erməniliyinin, o cümlədən Ermənistanın özünün indiki vəziyyətini müqayisə etsin. Hər şey bəlli olacaq və Ermənistanın 1988-ci ildən bu vaxta qədər ki, fərqinin o miqdarda aşağı düşməsini gözləmək üçün əlavə 30 il gözləməyə ehtiyac qalmayacaq. Bəlkə də 30 ayın içərisində Ermənistan əvvəlki keçdiyi problemin girdabına yuvarlanan yolu 30 ayda da keçə bilər”.