Millət vəkili: "Pensiya yaşı və "uşaqpulu" ilə bağlı ümumi məxrəcə gəlinməlidir"

Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov hökumət üzvlərinə təkliflər verib. Sherg.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir:

"Burada ümumi məxrəcə gəlməyə ehtiyac var. Yaşlı insanların sosial yükünü dövlət öz üzərinə götürməyi bacarmalıdır. Hesab edirəm ki, pensiya yaşı ilə bağlı müəyyən ümumi məxrəcə gəlmək lazımdır".

V.Əhmədov onu da deyib ki, “uşaqpulu”nun verilməsi millətin tələbidir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən “uşaqpulu” verilir. Amma biz hamımız faktiki olaraq “uşaqpulu” ilə böyüyən adamlarıq. “Bu gün “uşaqpulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. "Uşaqpulu" verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaqpulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir”.