Qardaşının öldürdüyü Aytən əxlaqsız olmayıb: 5 il əvvəl anası ilə bacısı... - ÖZƏL

Ötən gün Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, qətllə bağlı cinayət işi başlanılıb.

Onun sözlərinə görə, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzəliyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 

İlkin istintaqla hadisənin Babək Fərzəliyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edək ki, 2014-cü ildə Aytənin anası və bacısı yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Aytənin həyatına təhlükə olduğu üçün onu Azərbaycan Uşaqlar Birliyininin Sığınacağına yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub.



Kəmalə Ağazadə: "Sığınacaqda qala bilmirdi, çünki hər zaman düşünürdü və deyirdi ki, anama və bacıma qovuşmaq istəyirəm"


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sherg.az-a açıqlamasında qeyd edib ki, 2016-cı ilə qədər Aytən birliyin sığınacağında qalıb:

“Bu il yanvarın 2-də Aytənin 20 yaşı tamam olacaqdı. Aytən 2016-cı ildə sığınacağımızdan çıxdı. Bəlkə də o, dövlət tərəfindən himayəyə götürülsəydi, bu bədbəxt hadisənin qarşısını almaq olardı. Amma təəssüf ki, belə ailələr var. Əslində hadisənin əsas qaynağı və səbəbi 2014-cü ildə ailə münaqişəsi zəminində ana ilə bacının özünü atmasıdır. Aytən də bizim sığınacağa təhlükəsizliyi məqsədi ilə yerləşdirilmişdi. Ata ölüm həddinə çatdırılma maddəsi ilə həbs edildi və 4 il həbsdə yatdı. Bu müddət ərzində Aytənin heç bir qohumu bir dəfə də olsun onunla maraqlanmadı. Onun durumu psixoloji baxımdan çox ağır idi. Lakin Aytən əxlaqsız bir qız deyildi. Sığınacaqda qala bilmirdi, çünki hər zaman düşünürdü və deyirdi ki, anama və bacıma qovuşmaq istəyirəm. Biz neçə ay ərzində ölüm faktını Aytəndən gizlətdik. Çünki buna hazır deyildi. Elə bir yaşda idi ki,  çox çətinliklər çəkirdi”.

K.Ağazadə bildirib ki, Aytən 2016-cı ildə sığınacaqdan ayrıldıqdan sonra bir şəxslə qeyri-nəsmi nigahda olub və ondan dünyaya uşağı gəlib:

“Uşaq 9 aylıqdır. Bu müddət ərzində Aytənlə daimi əlaqə saxlayırdıq, kirayə pulu xeyriyyəçilər tərəfindən verilirdi. Həmçinin qida ilə təmin edirdik, özü də işləyirdi. Dəfələrlə təklif elədim ki, gəlsin uşağı ilə bir yerdə sığınacağımıza qayıtsın. Çünki qeyri-rəsmi nigahda olduğu adam ona baxmırdı, özü üçün həyat sürürdü. Hazırda da ortalıqda yoxdur. Bu gün nə uşağın sənədi var, nə də Aytənin şəxsiyyət vəsiqəsi. Aytənə nə qədər dedim ki, gəlsin vəsiqəsinin alınmasında ona kömək edək. Amma onu daha çox aldada biləcək adam qardaşı oldu. Elə aparıb anası ilə bacısının məzarının üstündə də Aytəni qətlə yetirdi”.