İranda baş verənlər prosesin başlanğıcıdır: Əsas hadisələr hələ qarşıdadır

“İlk baxışda yanacaq qiymətinin artması ilə başlayan iğtişaşların siyasi tələblərə keçməsi, İranda xalqların nə qədər azadlıq eşqi ilə yaşadığının sübutudur”.  Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Partiya təmsilçisi bildirib ki, İranda etiraz aksiyaları ilk dəfə deyil, zaman zaman təkrar olunur: 

“Amerikanın İrana tətbiq etdiyi sanksiyalardan sonra İran iqtisadiyyatının demək olar ki, çökməsi ciddi faktordur. Amerika İranın xarici siyasətini dünya təhlükəsizliyinə hədə kimi qəbul edir. ABŞ İranın regionda destruktiv rol oynadığını, müxtəlif terror təşkilatlarını maliyyələşdirdiyini, eyni zamanda nüvə silahını əsas gətirərək Tehranı zəiflətməyə çalışır. Bu baxımdan sanksiyaların nə qədər İranın daxili siyasətinə təsiri Amerikadan asılıdır. ABŞ İrandan tələb etdiklərini alarsa, proseslər səngiyə bilər. Əlbəttə, İran polisinin əliyalın dinc əhaliyə güc tətbiq etməsi heç bir insani və beynəlxalq normalara sığmır. İranın keçmiş prezidenti Əhmədinejadın Həsən Ruhanini, Rəisini tənqid etməsini də ciddi qəbul etmirəm. Əhmədinejatın prezidentliyi dövründə də bu tip iğtişaşlar baş verib. Sabiq prezident İran-Ermənistan əlaqələrinin inkişafına töhfə vermiş və Sarkisyanla qucaqlaşıb-öpüşmüş şəxs kimi yadda qalıb”. 



Politoloq: "Proseslərin arxasında duran Amerika və qərbyönlü qüvvələri hələlik xalqların azadlığından çox İrandakı rejimin dəyişməsi maraqlandırır"


Analitikin sözlərinə görə, yaşananlar ümumi prosesin başlanğıcıdır və əsas hadisələr hələ qarşıdadır: 

“Proseslərin arxasında duran Amerika və qərbyönlü qüvvələri hələlik xalqların azadlığından çox İrandakı rejimin dəyişməsi maraqlandırır. Ona görə də İranda yaşayan Azərbaycan türkləri proseslərdə çox ağıllı hərəkət etməlidirlər. Olayları düzgün analiz etməli, ciddi təşkilatlandıqdan sonra mübarizəyə qalxmalıdırlar. Ümumiyyətlə, İranda türk xalqına nifrət açıq hiss olunmaqdadır. Min ilə yaxın türk hakimiyyəti altında yaşamış farslar asanlıqla türklər üzərindəki hakimiyyətindən vaz keçməyəcəklər”.