ABŞ Senatı Türkiyəni şantaj etməyə çalışır

“Erməni soyqırımı” qətnaməsi yenidən səsverməyə çıxarılıb



“Lakin Ağ Ev Konqresin bu addımını qəbul etmir”



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərindən sonra senator Lindsi Qrehem “erməni soyqırımı” qətnaməsinin tanınmasına veto qoyub. Məlumata görə, Qrehemin Ərdoğanla görüşündən sonra Ağ Evin yüksək vəzifəli əməkdaşlarından biri ondan qətnaməyə veto qoymasını istəyib. Məlumatı Qrehem də təsdiqləyib və bunu ondan xahiş etdiklərini deyib: “Bunu etməyimin yeganə səbəbi Ərdoğanın şəhərdə olması idi. Yəni belə bir qətnamə üçün əlverişsiz zaman idi.

Çalışıram ki, ölkələrimiz arasındakı münasibətləri xilas edim”. Qrehem qətnaməyə veto qoyduğu üçün “narahat” olduğunu və gələn dəfə lehinə səs verəcəyini bildirib. Deyilənə görə, keçən həftə “erməni soyqırımı” qətnaməsi Menendes tərəfindən yenidən Senatda səsverməyə çıxarılıb. Lakin Ağ Evin bu dəfə veto üçün senator Devid Perdyuya müraciət etdiyi qeyd edilib. Göründüyü kimi Senat uydurma məsələni davamlı gündəmə gətirsə də, Ağ Ev israrla qəbul olunmasının qarşısını alır. Ekspertlərə görə, Senatdakı ermənipərəstlərdən fərqli olaraq rəsmi Vaşinqton indiki məqamda Ankara ilə münasibətləri kəskinləşdirmək istəmir. 

Qətnamənin bloklanmasını “Şərq”ə təhlil edilən politoloq Əhəd Məmmədli bildirib ki, əgər məsələ sadəcə Donald Trampdan asılı olsaydı, o, türkiyəli həmkarı Ərdoğanla münasibətləri normal saxlayardı:

“Ərdoğanın ABŞ-a səfəri zamanı Tramp ona simpatiyasının olduğunu etiraf etdi. Lakin reallıq odur ki, Amerikada bütün məsələləri prezident həll etmir. Ələlxüsus Trampa qarşı daxili elitada müxalifət var. Ona görə də Konqresdən çıxan hansısa məsələ Ağ Ev tərəfindən qəbul edilmir. ABŞ-da idarəetmə ilə qanunverici orqanlar arasında ziddiyyətlər hər zaman olub. Ancaq qondarma erməni soyqırımı isə Türkiyə ilə bağlı şantaj mahiyyəti daşıyır. Məlum qətnamə məhz bu səbəbdən tez-tez gündəmə gətirilir və siyasi təzyiq kimi qiymətləndirilir. Hələlik qətnamənin qarşısı senatorlar tərəfindən alınır. Çünki Ərdoğan-Tramp görüşünün üzərindən çox keçməyib. Ağ Ev münasibətlərin daha da gərginləşməsini istəməsə də, uydurma qətnamənin mütəmadi olaraq gündəmə gələcəyi şübhəsizdir”.