"Bizim duetimiz söz-söhbətlərə cavab oldu" - Tacir yenə Fədayədən danışdı

Onun azadlığa çıxması nə qədər gündəmi zəbt etdisə, keçmiş duet ortağı ilə bir də duet oxuyacağı da müzakirələrə və marağa səbəb oldu. Hər kəs onlardan danışarkən, "görən onlar bir də bir araya gəlib duet oxuyacaq" deyə sual ünvanlayırdılar. Söhbət 2 ildən sonra azadlığa qovuşan xanım sənətçi Fədayə Laçın, keçmiş duet ortağı Tacir Şahmalıoğludan gedir. 

Hərçənd Fədayə Laçın bir daha Tacirlə duet oxumayacağını da eyham vurmuşdu. Fədayə Laçın azadlığa çıxması ilə bağlı təşkil etdiyi məclisə Taciri dəvət etməsi ilə bu söz-söhbətlər bir daha gündəmə gəldi. Nəhayət cütlük bu günlərdə bir araya gələrək  duet ifa ediblər. Maraqlısı odur ki, cütlük toy məclislərinin birində yaxın keçmişdə ən çox danışılan mahnılardan "Səni deyirlər"i duet oxumağa da fürsət tapıblar.

Tacir Fədayənin həbsxana həyatından sonra yenidən bir araya gəlməyəcəklərini istəyənlərə cavab da verib: 

"Kim nə deyir, kim nə yazır, kim nə pozur, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda Nömrə 1 duet ortağı olmuşuq və dünənki məclisimizdə gözəl bir duetimiz alındı".

Fədayə Laçın da təxminən eyni açıqlamanı verib: 

"Hər zaman Tacirlə toylara birgə getmişik. O da, mən də ifaçıyıq. Bundan sonra da gedərəm. Biz heç vaxt düşmən olmamışıq. Danışmışıq, toylarda, verilişlərdə oxumuşuq. Bacım Tacir Şahmalıoğlu ilə oxumağıma qadağa qoymayıb. Şəxsən mənə elə bir söz deməyib".

Məlumatla bağlı bir də  Tacir Şahmalıoğlu ilə əlaqə yaratdıq. «Şərq»ə  açıqlama verən müğənni məmnunluqla bu sevincini paylaşdı: 

«Mən həmin gün də ifaya başlamazdan əvvəl qeyd etdim ki, Fədayə ilə mən hər zaman dost olmuşuq. Bizim duetlərimiz Azərbaycan səhnəsinin ən güclü duetləri sırasında bəlkə də birinci olub. Bizim sənətimizə paxıllıq edənlər də az olmayıb. Fədayə çıxanda söz-söhbətlər də gəzirdi ki, o məni görmək istəmir, nə bilim, bir də duetdən söhbət gedə bilməz. Mən o vaxt da qeyd etdim ki, biz sənətçiyik, xalqın içində oluruq, məclislərdə duet də oxuyarıq, efirlərdə çıxışlar da edərik. Biz eyni zamanda dostuq. Fədayəni sənətə gətirən insan mən olmuşam.

Fədayə də elə qız deyil ki, bunu unutsun, itirsin. Bu gün də bir yerdə səhnə paylaşmağımız bütün o söz-söhbətlərə cavab oldu. Həyatdı, kim harda hansı səhvi edə bilər, bunu kimsə bilməz. Məni də pis təqdim etməyə çalışdılar ki, mən onu çətin günündə  axtarmamışam. Əksinə, maraqlanmışam. Sadəcə qadın olduğu üçün ailə üzvlərindən başqa digərləri ilə görüşünə icazə verməyiblər. Qaldı mən ona bu gündən sonra da dost olaraq dəstək verməyə hazıram. Bunu da özünə demişəm. Fədayənin güclü səsi var, həqiqətən gözəl səsə sahibdir. Ona görə də onun ifaları hər zaman sevilir. Mən ona ancaq yaradıcılıq uğurları arzulaya bilərəm. Onun uğurlarına mənim qədər sevinən ikinci sənət dostu bəlkə yoxdu. Çünki onu sənətə gətirən də, səhnə üçün  kəşf edən də mən olmuşam».