Moskva-Bakı münasibətlərində yeni mərhələ: Mehriban xanımın Rusiya səfəri inkişafa təkan verəcək

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına həyata keçirdiyi rəsmi səfəri iki ölkə arasında mövcud münasibətlərdə yeni bir mərhələnin başlanğıcı oldu”. Bu fikirləri Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, birinci xanımın Rusiyaya səfəri qarşılıqlı əlaqələrin səviyyəsinə olduqca böyük bir təkan verdi:

“Bunun nəticələrini də hər iki tərəf tezliklə görəcək. Doğrudur, Azərbaycan-Rusiya münasibətləri onsuz da yüksək səviyyədə idi və strateji tərəfdaşlıq həddindədir. Belə ki, tərəflər tarixin heç bir dövrü ərzində belə münasibətlərdə və qarşılıqlı faydalı əməkdaşlıqda - əlaqələrdə olmayıb. 
Hər iki tərəf biri-biriləri ilə bütün sferalarda sıx əməkdaşlıq vəziyyətindədir. Lakin Azərbaycan dövlətinin ikinci siması olan Mehriban xanım Əliyevanın səfəri münasibətlərin real vəziyyəti üzərində “nəhəng göydələn” ucaltmaq üçün bir növ əsasverici və həlledici rol oynadı. Bunu sözügedən səfər zamanı 10-cu Rusiya – Azərbaycan regionlararası forum çərçivəsində imzalanan ikitərəfli sənədlər də sübut etdi. 

Sənədlər sırasından Azərbaycan – Rusiya, eləcə də, Rusiya – Azərbaycan İşgüzar Şuraları arasında turizm sahəsində əməkdaşlıq və turizm alyansınin təsis olunmasına, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlığa dair, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair Memorandumu, o cümlədən, “Opora Rossii” ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair Memorandumu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ilə “Gazprombank” arasında tərəfdaşlığa dair, həmçinin, “Azərmaş” ASC ilə “Rosselmaş” kombayn zavodu arasında əməkdaşlığa dair Memorandumu xüsusilə qeyd etmək istərdim.

Məsələn, “Gəncə Avtomobil Zavod”u ilə “Ural Avtomobil Zavod”u arasında 7,8 milyon dollar məbləğində “Ural” yük avtomobilin tədarükünə dair çərçivə Sazişi ölkəmizdə maşınqayırma sənayesi üçün böyük töhfə verəcək.
Və yaxud da, Azərbaycanın “Nabucco” şirkəti ilə Rusiyanın “Neopark” MMC arasında Azərbaycanda mexanik və robot təchizatlı parkinqlərin salınması üçün müvafiq avadanlığın tədarükü barədə razılaşma, eləcə də, “Azproduct” MMC ilə “Velrıbprom” MMC arasında imzalanan Saziş çərçivəsində 2,34 milyon dollar məbləğində üç min ton dondurulmuş balığın Rusiyaya ixracı geniş perspektivlər açır”.



P.Heydərov hesab edir ki, ölkəmizin ikinci şəxsi Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri digər sahələrdən ən çox iqtisadiyyatımızın məhz qeyri-neft sektorunun inkişafı baxımından böyük töhfələr vədi yaratdı:

“O mənada ki, Azərbaycan-Rusiya münasibətləri onsuz da yüksək səviyyədə və strateji tərəfdaşlıq həddindədir - bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. 
Lakin bunu xüsusən iqtisadi spektrdə əyani şəkildə görmək mümkündür ki, Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı sarıdan bir nömrəli bazardır. Hansı ki, bu, həm adıçəkilən ölkə ilə münasibətlərimizin real vəziyyətindən irəli gəlir, həm də Rusiyanın çox böyük bazar olması ilə əlaqədardır. 
Yəni Azərbaycanda qeyri-neft sektorunun inkişafı Rusiyadan müəyyən mənada çox asılı vəziyyətdədir. Bunu açıq şəkildə etiraf etmək gərəkir. Söhbət ölkəmizin real olaraq ixrac imkanlarından gedir. Bütün iqtisadi aspektlər nöqteyi-nəzərindən qeyri-neft məhsullarımız üçün məhz Rusiya bazarlarına ixrac səmərəli və məqsədəuyğun xarakter daşıyır.
Bütün bunların da nəticəsidir ki, hər iki ölkə arasında əmtəə dövriyyəsi durmadan artır. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq, 2,6 milyard dollara bərabər olmuşdusa, cari ilin yanvar-sentyabr ayları ərzində bu rəqəm 26 faizə çatıb. 
Bu isə onu göstərir ki, demək, imkanlar əslində daha böyükdür. Başqa sözlə desəm, əmtəə dövriyyəsi üzrə mövcud potensial, bəlkə də, hesablana bilinməyən səviyyədədir. Və hazırda bundan çox cüzi səviyyədə istifadə olunur. 
Məsələn, bu gün Azərbaycan kənd məhsullarının Rusiya bazarına ixracatı 600 milyon dollara yaxın təşkil edir. Hökumətlərarası komissiya çərçivəsində aparılan qısa təhlil nəticəsində bu rəqəmi azı iki dəfə artırmaq mümkün olduğu qənaətinə gəlinib.
Söhbət təkcə aqrar məhsullardan gedir. Halbuki bu sıraya sənaye, emal müəssisələrimizin də istehsal mallarını əlavə etmək mümkündür və lazımdır. Lakin bunun üçün də digər bir məsələ, qarşılıqlı investisiya əlaqələrini diqqət mərkəzinə almaqdır. Düzdür, bu sahədə də real göstəricilər yaxşıdır. Ancaq ortada böyük imkanlar var”. 



İqtisadçı: "Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri bütün digər sahələrdən ən çox iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı üçün töhfələr bəxş etdi"


İqtisadçının sözlərinə görə, Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollar təşkil edir:

“Azərbaycandan Rusiya iqtisadiyyatına isə bu rəqəm 1,2 milyard dollara bərabərdir. Halbuki neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə yanaşı, qeyri-neft sektorunda, maşınqayırmada, istehsal avadanlığı sahəsində, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxşaxəli müştərək layihələr vasitəsilə investisiyaya dair rəqəmləri ən qısa müddət ərzində iki dəfəyə qədər artırmaq mümkündür.
Hesab edirəm ki, hər iki ölkənin sahibkarları da bu işdə fəal olmalıdırlar. Bunun üçün ortada kifayət qədər əsaslar var. Rusiya sahibkarları üçün Azərbaycan investisiyalar baxımından digər ölkələrdən daha əlverişlidir, o cümlədən, bizim sahibkarlar üçün də Rusiyanın özü. Hər şeyi oturub, dövlətlərimizin və hökumətlərimizin təşkil edəcəyini gözləmək də düzgün deyil. Çünki ən azı ortada yaxın keçmişimizdən bir yaxınlıq var, ortaq əməkdaşlıq ənənələri və sair amillər mövcuddur.

Digər bir məsələ isə turizmlə bağlıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı artıq uzun müddətdir ki, prioritet seçildiyindən turizm diqqət mərkəzindədir. Bu sahədə çox müasir infrastruktur yaradılıb. Regionda ən müasir turizm infrastrukturu məhz Azərbaycandadır. 
Lakin qiymətlərdə bir az bahalılıq var. O cümlədən, xidmət işlərində rəqabət qabiliyyətliliyə nail olmaq və sair kimi problemlər mövcuddur. Rusiyadan ən çox turist axını, demək olar, həmişə Türkiyə istiqamətində olub. 
Gürcüstan da bu sahədə bizə rəqabət ortağı idi.

Ancaq real olaraq, biz artıq nisbətən üstün mövqeyə çıxa bilmişik. Belə ki, son vaxtlar Rusiyadan ölkəmizə turist axını çoxalıb. Və bu, getdikcə artmaqdadır. Təsadüfi deyil ki, 2019-cu ilin ilk doqquz ayında ən çox turist məhz Rusiyadan gəlib. Odur ki, bu sahədə daha böyük nəticələrə nail olmaq mümkündür.
Bunun üçünsə ilk növbədə Türkiyə ilə rəqabətdə üstün mövqelərə nail olmaq lazımdır. Qiymət siyasətinə ciddi diqqət yetirmək gərəkir. Turizm sektorunda mövcud xidmət səviyyəsi daha yüksək keyfiyyətə çatdırılmalıdır.
Üstəlik, Rusiya vətəndaşları üçün, yəni istirahətə, müalicə məqsədilə gələnlər üçün əlavə stimullaşdırıcı paketlər təqdim etmək olar. 
Təkcə bu yolla sözügedən ölkədən ildə iki milyona yaxın insanın gəlişinə nail olmaq mümkündür.

Sözün qısası, Rusiya Azərbaycan üçün təkcə kənd təsərrüfatı malları bazarı deyil və olmamalıdır da. Bayaq qeyd etdim ki, Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri bütün digər sahələrdən ən çox iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı üçün töhfələr bəxş etdi. 
Birinci vitse-prezidentimiz Rusiya KİV-ə müsahibəsində də ölkələrimiz arasında münasibətlərin çoxvektorluluğundan danışarkən, məhz iqtisadi amilləri qabardıb və konkret olaraq, həm də tranzit-nəqliyyat sisteminin imkanlarına toxunub”.