İntiharın qarşısını Milli Fəaliyyət Planı necə alacaq? - Psixoloqun təklifi var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı tərəfindən ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını bildirib.

Nazir müavini qeyd edib ki, ilk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır:

“Hazırkı tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.



Azad İsazadə: "İstərdim ki, bu proqramın içində ilk növbədə statistik məlumatalar elmi baxımdan analiz olunsun"


Milli Fəaliyyət Planının hazırlanmasının müsbət hal olduğunu deyən psixoloq Azad İsazadə Sherg.az-a bildirib ki, bu planın hazırlanması intiharların tam olaraq aradan qaldırılmasına səbəb olmayacaq:

Psixoloqun fikrincə, yeni layihə qismən də olsa problemin azalmasına yardımçı ola bilər:

“Bu günə qədər istər psixoloqlar və psixiatrlar, istərsə də həkimlər və müəllimlər intiharlarla pərakəndə şəkildə məşğul olurdular. Vahid proqram və plan, xüsusi koordinasiya qrupu yox idi. Ona görə də belə bir proqramın yaranması heç olmasa konkret və real insanlara kömək göstərə bilər. Sözsüz ki, burada təbliğat da güclü olmalıdır və proqram haqqında kütləvi informasiya vasitələri çox geniş məlumatlar verilməlidir.  İstərdim ki, bu proqramın içində ilk növbədə statistik məlumatalar elmi baxımdan analiz olunsun. Çünki sui-qəsdlərlə mübarizə aparmaq üçün ilk növbədə bizə elmi statistik və analiz olunmuş materiallar lazımdır. Yəni, nə baş verir, hansı regionda neçə yaş qrupları və intihar formaları müşahidə olunub? Bütün bunların araşdırılması və təqdim olunması vacibdir. Ona görə də Milli Fəaliyyət Planında bu məlumatların yer alması pis olmazdı  ”.