“Bütün məmurlar rüşvətə bulaşmayıblar, təmiz adamlar da var” - MÜSAHİBƏ


“Amma elələri də var ki, insanları incidirlər, narazılıq da bundan doğur”

“Heç kim özündən başlamaq istəmir. Sən özün düzgün və təmiz işlə digəri də sənə baxıb, şəffaf işləsin”

Akademik, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva “Şərq”ə danışıb. Xanım parlamentari ilə xaricdəki bəzi anti-Azərbaycan qüvvələrin məkrli planları, bəzi gənclərimizin yanlış istiqamətlərə sürüklənməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından söhbət açdıq. 

 Söhbəti təqdim edirik.

-Son illər Azərbaycanda görülən işlər, ölkəmizin  böyük iqtisadi layihələrdə aparıcı rol oynaması respublikamızın inkişafını gözü götürməyən qərəzli qüvvələri ciddi narahat edir... 

- Kənarda dayanıb,tənqid etmək ən asan işdir. Əlbəttə, bütün sahələrdə tənqid olmalıdır. Amma bu, sağlam tənqid olmalıdır ki, tərəqqiyə müyəssər olunsun. Çətini yaxına durub, ümumilli məqsədlər üçün dəstək vermək və iş görməkdir. Prezidentimiz və Birinci-vitse-prezidentimizin ətrafında birləşib, vətən, millət, xalq naminə gördükləri işlərdə onlara dayaq durmalı və dəstək verməliyik. Bir azərbaycanlı üçün əsl vətənpərvərlik budur. 

-Bəzən xaricdəki bəzi dairələrin Azərbaycandakı sabitlik və stabillə, inkişafa qısqanclıqla yanaşmasının şahidi oluruq.  Bunlar nədən irəli gəlir? 

- Avropalılar tarix boyu çox məkrli siyasət aparıblar. Onlar nəinki şərq xalqlarına qarşı, hətta bir-birilərinə qarşı da  məkrli siyasət yürüdüblər. Avropalıların ən aparıcı xüsusiyyətləri individualizmdir. İndividualizm nə deməkdir? Yəni hər şey özüm üçün, qalanlara nə olur, olsun! Bütün dünya məhv olsun, amma mən bundan fayda götürüm, qazanc əldə edim. Bu gün Bakı Dövlət Universitetinin(BDU) 100 illiyinə həsr olunmuş tədbirdə idim. Orada çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, müəyyən qüvvələr Azərbaycanı qarışdırmaq üçün xeyli iş gördülər, amma niyyətləri alınmadı. 

-Bəzi gənclərin üzərində manipuliyasiya edib, onları ölkəmizə qarşı qoymaq istəyirlər... 

-Çalışırlar ki, gənclərimizi yollarından çıxarsınlar. Gənclərimiz yalançı təbliğata uymamalıdırlar.  Baxın, Ammerika Ərəb ölkələrinə fəlakətdən başqa nə gətirib?  Həmin ölkələrin milli sərvətlərini talayıb, aparıb. İraqda qayda-qanun yaratmaq istəyir. Niyə öz qonşuluğunda yerləşən Latın Amerikasında nizam-intizam yaratmır? Oradakı narkobaronlara niyə əncam çəkmir? Çünki ABŞ özünə yaxın ərazidə iğtişaş, qarşıdurma istəmir. Ona sərf edir ki, uzaqdan durub neftlə zəngin bir regionu qarışdırsın və  sonra da bulanıq suda balıq tutsun. Bunları gənclərimiz bilməlidir və saxta təbliğata uymamalıdır. Azərbaycanın indiki iqtidarı  ölkəmizi yeganə düzgün istiqamətə aparır. Biz də xalq olaraq bu yolla ardıcıl irəliləyib, inkişafa nail olmalıyıq. 

-Son aylar ciddi kadr və struktur islahatlar həyata keçirilir. Buna münasibətiniz necədi? 

-Əlbəttə, münasibətim müsbətdir. Məhəmməd Hüseyn Şəhriyar məşhur “Azərbaycan” şeirində deyirdi:“Övladların nə vaxtadək tərki-vətən olacaqdır?”
 İlk növbədə gənc nəsil öz ölkəmizdə iş tapmalıdır. Burada təhsil almalıdır. Buna şərait yaradılmaldır və yaradılır da. Əsas problemlərimizdən biri bilirsiniz nədir? Heç kim özündən başlamaq istəmir. Hamı gözləyir ki, başqası eləsin. Dəyişiklik etmək istəyən qurum rəhbəri birinci özündən başlamalıdır. Sən özün düzgün və təmiz işlə digəri də sənə baxıb, şəffaf işləsin. Çox düşünmüşəm ki, bu qədər islahatlar aparılır, amma yenə də haradasa işsiz insanlara rast gəlinir.  Bəzilərinin haqqı tapdanır, bəziləri ədalətsizliklə üzləşir. Bu hallar niyə yaranır? Hamısı ona görədir ki, bəziləri şəxsi maraq və mənafeyini ümumilli maraqlardan üstün tuturlar. İnkişaf etmək, millətimizin irəli getməsini, ucalmasını istəyiriksə, gərək özümüzdən başlayaq. Düzdü, “bütün məmurlar başdan-başa korrupsiya və rüşvətə bulaşıblar” demək yanlışdır. Belə deyil. Təmiz adamlar da var. Amma elələri də var ki, insanları incidirlər. Narazılıq da bundan doğur. Özlərinin merkantil maraqları üçün insanları narazı salırlar.  

-Amma dayaq durmayanlar da var...

-Mən həmişə düşünmüşəm ki, bu,  mənim öz doğma xalqımdır. Mən öz xalqımın nümayəndəsinin yüksəlməsini, inkişafını, imzasının imzalar içərisində olmasını istəyirəm. Məxsusi olaraq, gənc nəslə dəstək göstərmək lazımdır. Gənclər sabahımızdır, gələcəyimizdir. Mənim prinsipim budur.

-Qeyd etdiniz ki, görülən bütün işlərin əsas qayəsi Dağlıq Qarabağın münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarətdir. Sizcə, münaqişənin həlli niyə uzanır və məsələnin tənzimlənməsi nədən keçir?
 
-Dağlıq Qarabağ münaqişəsinin həlli olduqca mürəkkəb məsələdir. İllərdir, ulu öndərimiz Heydər Əliyev və indiki Prezidentimiz cənab İlham Əliyev misilsiz işlər görüblər. Amma hələ ki, real irəliləyiş görmürük. Düşünürəm ki, məsələnin həlli ümümi geosiyasi vəziyyətdən asılıdır. Ya böyük dövlətlərin özü bu məsələni həll etməlidir, ya da zaman, reallıq və proseslərin gedişatı münaqişənin həllini labüd edəcək. Qarabağsız yaşamaq ağırdır, çətindir. Allah şahiddir ki, Prezident də, Mehriban xanım da bu istiqamətdə hərtərəfli işlər aparırlar. Mehriban xanımın Rusiya səfəri bu yöndə atılan növbəti addımdır.  Hər halda ümidimi itirmirəm. Bütün problemlərin həllini bir-iki nəfərin üstünə atmaq düzgün deyil. Bütöv xalq və toplum olaraq eyni hədəfə vurmalıyıq və bu yöndə səylərimizi davam etdirməliyik. Qarabağın işğaldan azad olunması həm də bu amildən keçir. 

Söhbətləşdi: Ayyət ƏHMƏD