Müşfiq Ələsgərli: "Onlayn medianın inkişafı üçün bəzi qanunlarda yeniləmə etmək zəruridir"

Məlum səbəblərdən bəzi saytların fəaliyyəti bloklanıb və onlara giriş məhdudlaşdırılıb. Bəziləri bundan narazılıq etsə də, əslində sözügedən saytların bloklanması başadüşülən və qəbulediləndir. Çünki həmin saytlar Azərbaycanda siyasi-ictimai həyatda baş verən prosesləri tamamilə qərəzli və yanlış formada ictimaiyyətə təqdim edirlər. O baxımdan uydurma xəbərləri ilə toplum arasında narazılıq və iğtişaş yaradan bu cür saytların bloklanması media ekspertləri tərəfindən də dəstəklənir.

Lakin problem ondadır ki, ölkədə fəaliyyət göstərən və qısa yolla tanınmaq arzusunda olan bəzi saytlar bloklanmış internet portallarına istinad edərək onların həqiqəti əks etdirməyən xəbərlərini yayırlar. Narazılıq ifadə olunduqda isə əldə etdikləri xəbəri dəqiqləşdirərək tirajladıqlarını bildirirlər. Hətta bu mübahisəli məsələ bir neçə dəfə məhkəmə predmeti də olub. Media nümayəndələrinin fikrincə, mövcud problem mətbuatla bağlı qanunvericilikdə boşluqların olmasından qaynaqlanır. 

Məsələni Sherg.az-a dəyərləndirən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, problem illərdir gündəmə gətirilsə də, hələlik nəticə əldə etmək mümkün olmayıb. 

M.Ələsgərlinin sözlərinə görə, onlayn medianın tənzimlənməsi üçün xüsusi hüquqi baza olmalıdır: 

“Əlbəttə, bu yöndə ciddi şəkildə addımlar atılıb. Məsələn, 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun yeniləşdirilib və ciddi dəyişiklik edilib. Lakin həmin qanun hələlik onlayn medianın müasir dövrdəki fəaliyyətini tam formada tənzimləyə bilmir. Onlayn medianın inkişafı üçün bəzi qanunlarda yeniləmə etmək zəruridir. Domen adlarının qeydiyyatı ilə bağlı da problemlər var. Burada sadəcə konnektdən söhbət getmir. Məsələn, APA kimi bir agentlik məlumat yayayaraq loqosunun başqaları tərəfindən oğurlandığını deyir, ancaq heç nə sübut etmək olmur. Çünki kimsə bir nöqtənin yerini dəyişməklə, yəni APA-nı “APAXəbər” etməklə yeni domen kimi qeydiyyatdan keçə bilir. Domen adları haqqında, kontentin tənzimlənməsi üçün də müvafiq qanunlar olmalıdır. Bunun üçün isə KİV haqqında qanunda dəyişiklik etmək lazımdır. Xüsusən, “KİV qurumu təsis etmək” bölümündə onlayn medianın təsis edilməsi ilə bağlı tənzimlənmə labüddür”.  

MŞ sədrinin müavini təəssüflə bildirib ki, zaman-zaman bu cür təkliflər verilir, açıqlamalar gündəmə gəlir. Milli Məclis də bundan xəbərdar olur, amma yekunda nəticə olmur: 

“Sonda bütün ağrı-acını Azərbaycan xalqı və dövləti çəkir. Sözün açığı bu məsələdə bir xaotiklik və hüquqi boşluq var. Bəzi saytlar məhz bu boşluqdan sui-istifadə edərək neqativ əməllərə al atırlar. Nə qədər ki, ayrıca İnformasiya Məcəlləsi yoxdur və qanunda boşluqlar var, bu cür hallar çox olacaq. Əslində bu cür hallara qarşı bizdə qanunvericilik bazası mövcuddur. Sadəcə olaraq, qanunvericiliyi bir balaca yeniləşdirmək və uyğunlaşdırmaq lazımdır. Əfsuslar olsun ki, bu məsələdə biraz ləngimələr var. Qanunların sayı da o qədər çoxalıb ki, aralarında məntiqi bağlılıq yaratmaq çətinləşib. İnformasiya əldə etmək və yaymaq haqqında təqribən 15-ə qədər qanun var. Bunların bəziləri arasında uyğunsuzluq var, bir qanun digərini tamamlamır. Ona görə də təklif edirik ki, Azərbaycanda informasiya məcəlləsi, KİV-in fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik sistemi yaradılsın. Bloklanmış saytlara istinad edən media qurumları iddia edir ki, həmin xəbəri götürəndən sonra dəqiqləşdirmə apararaq yayıb. İndi baxmaq lazımdır ki, sayt istinad edərək aldığı informasiyanı həqiqətənmi dəqiqləşdirib? Bu sahədə müəyyən problemlər var”.