Bakı strateji dialoq platformasına çevrilib - GENERALLARIN GÖRÜŞÜNƏ BAXIŞ

“Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən Azərbaycan sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir: 

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Bu fakt bir daha Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq platforması kimi özünü beynəlxalq münasibətlərdə təsdiq etməsinin ifadəsidir. Qloballaşan dünyada hegemon güc mərkəzlərinin dialoq məkanı kimi seçəcəyi ünvanların sayı hər ötən gün bir qədər də azalır. Çünki bəzi qlobal məsələlər ayrı-ayrı milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi mövcud siyasi reallıqların fonunda müxtəlif qütblərə doğru itələməyə başlayıb. Bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi baxımından müsbət hal deyil. Belə bir situasiyada Azərbaycanın tərəfdaşlıq məkanı kimi çıxış etməsi diplomatiya tarixində ekstraordinar hadisə kimi qiymətləndirilməlidir”. 



Deputat: "Bu fakt, hər şeydən əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsidir"


Parlament üzvü vurğulayıb ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda üç dəfə görüşü olub: 

“Bu, əlbəttə ki, təsadüfi xarakter daşımır. Bu fakt, hər şeydən əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsidir. Regional və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan çoxvektorlu, praqmatik xarici siyasət həyata keçirir. Bu da həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir”.