"Qarabağın həllinə töhfə verəcəksə..." - Jurnalistlərin qarşılıqlı SƏFƏRLƏRİNƏ RƏY

“Əgər Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı görüşü Qarabağ münaqişəsinin həllinə azacıq da olsa töhfə verəcəksə, belə səfərlərin təşkili yaxşı haldır”. Bu fikriləri Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfəri effektiv olacaqsa, belə görüşlərə normal baxılmalıdır:

“Məlumdur ki, ATƏT-in Minsk qrupunun nümayəndəsi belə səfərlərin təşkilatçılığı ilə məşğul olur. Ermənistandan gələn jurnalistlər ölkəmizi, azərbaycanlı jurnalistlər də Ermənistanda olan vəziyəti öz gözləri ilə görürlər.



Vüqar Rəhimzadə: "Səfərlər münaqişənin həllinə müsbət təsir edəcəksə, belə səfərlərin davamlı olmalıdır"


Bütün bunlar müəyyən mənada müsbətdir. Amma əsas məsələ bu, səfərlərin münaqişənin həllinə verdiyi töhfənin nə dərəcədə olmasıdır. Hesab edirəm ki, səfərlər münaqişənin həllinə müsbət təsir edəcəksə, belə səfərlərin davamlı olmalıdır. Əsas odur ki, Azərbaycanın işğal edilmiş əraziləri azad edilsin və dünyanın tanıdığı Azərbaycanın ərazi bütövlüyü bərqərar olsun. Ona görə də effektiv olacağı təqdirdə bu səfərlərin təşkilində qeyri-adi bir məqam yoxdur”.

Qeyd edək ki, 17-22 noyabrda Ermənistan, Azərbaycan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Erməni jurnalistlər Bakı, Quba və Gəncə şəhərlərində oldular. Azərbaycan jurnalistləri isə Yerevan, Dilican və Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə səfər etdilər. Səfərlə əlaqədar erməni mediasında, sosial şəbəkələrdə çoxsaylı materiallar təqdim olundu və fərqli fikirlər nümayiş etdirildi. Həmçinin azərbaycanlı jurnalistlər də səfərlə bağlı öz təəsüratlarını bölüşüblər. Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Elçin Vəliyev bildirib ki, bu səfərlə bağlı nə matəm tutmağa, nə də ki xüsusi sevinməyə əsas yoxdur.