"Azərbaycan Yurd bilgisi"nin nəşri hadisə idi

Bu jurnalda Əhməd Cəfəroğlu milli mədəniyyətimizin tədqiqində, az qala, bütöv bir elmi-tədqiqat institutunun işini görmüşdür



"Azərbaycan Yurd bilgisi", "Türk amacı", "Türk dili və ədəbiyyatı məcmuəsi" dərgiləri… 1930-40-cə illərdə nəşr olunan dərgilərin yaradıcısı və baş redaktoru Əhməd Cəfəroğludur. Əhməd bəy mühacirət mətbuatımızın nəhənglərindən olub. Bu dərgilərdə Əhməd bəyin imzası ilə "Azərbaycanın böyük matəmi - 27 nisan", "28 mayıs 1920", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" və sair məqalələr nəşr olunub.  

Əhməd Cəfəroğlunun adına bağlı “Yurd bilgisi” dərgisi Azərbaycanın etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı ilə yanaşı milli istiqlal mübarizəsinin tarixini əks etdirən mühacirət mətbuatımızın ən gözəl nümunələrindən hesab edilir.   

“Yeni Kafkasya”nın mənəvi varisi 


1923-cü ildə İstanbulda “on beş gündən bir nəşr olunan ədəbi, ictimai və siyasi məcmua” – öz deyimləri ilə “siyasi Azərbaycan qaçqınlarının” ilk mətbu orqanı - “Yeni Kafkasya” böyük siyasi-tarixi əhəmiyyətə malik hadisəyə çevrildi. İlk gündən bolşevik idarəsi altında yaşayan həmvətənlərin vəziyyətinə və bolşevik zülmü üzündən mühacirətə gedən türklərin ictimai-siyasi həyatına aid yazılara səhifələrini açıq elan edən “Yeni Kafkasya” nəşr edildiyi dörd il ərzində təkcə xaricdə Sovet hakimiyyətinə qarşı mübarizə aparan Azərbaycan və digər türk xalqları nümayəndələrini öz ətrafında birləşdirməklə kifayətlənmədi, habelə özündən sonrakı mühacir mətbuatı üçün də yetəri qədər geniş mətbuat təcrübəsi miras qoydu. Azərbaycan mühacirətinin 1928-ci ildən etibarən ardıcıl olaraq nəşr etdirdiyi “Azəri türk”, “Odlar yurdu”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, o cümlədən türküstanlıların İstanbuldakı “Yeni Türküstan” (1927), İdil-ural türklərinin Berlindəki “Yeni yul” (1929) jurnalları məhz “Yeni Kafkasya”nın mənəvi varisləri idilər.
Bu sırada böyük alim Əhməd Cəfəroğlunun rəhbərliyi ilə nəşr olunan “Azərbaycan Yurd Bilgisi” dərgisi xüsusi əhəmiyyətə malik idi. Dərgi 1932-ci ilin yanvar ayında nəşr edilmiş ilk sayında öz məqsədini bu şəkildə açıqlayırdı: “Elmi münasibətin millətlər arasında gündən-günə sıxlaşması və yekdigərini bu vəsilə ilə daha çox tanıya bilməsi əvvəlcə böyük millətlərin mövzu daxilində qalan yurdumuzun artıq müstəqilən tədqiqini bir zərurət olaraq tələb etməkdədir. Öz-özünü bizzat tədqiq etməyə millətlər başqa millətlərin etnoqrafik tədqiqi mövzusundan başqa bir şey olmamışdır. Halbuki, Azərbaycan bu ibtidai dövrəsini artıq üzərindən atmış və qapısını da elmi kapitülasyondan çoxdan bağlamışlar”.
Dərginin yazarları nəhəng simalar idi; Əhməd Cəfəroğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Şəfi bəy Rüstəmbəyli... 
Bundan başqa “Azərbaycan Yurt Bilgisi”ndə digər müəlliflərin yazılarına rast gəlmək mümkün idi: Mustafa Vəkilli, A.N.Həkimbəy, Abdullah oğlu Həsən, Abdullah Battal, prof. Xəlil Nemətullah, Xəlil Xasməmmədli, Xeyrəddin İlhami, Talıbxanbəyli Sürəyya, Ziyəddin Fəxri...

“Yurd bilgisi”nin milli-ictimai fikir tariximizdəki yeri


XX əsrin dünya şöhrətli türkoloq – alimi və onun 1932-1934 və 1954-cü illərdə nəşr etdiyi «Azərbaycan yurd bilgisi» məcmuəsi barədə ilk dəfə monoqrafik səpkidə geniş söhbət açan filologiya üzrə fəlsəfə doktoru, publisist Şəlalə Həsənova olub.
Professor Vilayət Quliyev həmin nəşrə yazdığı «Gedənlərin qayıtması” başlıqlı ön sözdə göstərir ki, «Şəlalə Həsənovanın mühacir ədəbiyyatımızın ən sanballı nümunələrindən biri olan «Azərbaycan yurd bilgisi» jurnalı və onun naşir-redaktoru professor Əhməd Cəfəroğlu haqqında yazdığı bu maraqlı kitab yaxın tarixi keçmişimizin daha bir qaranlıq dövrünə işıq salır, xalqımızın böyük oğlunu yenidən milli mədəniyyət xəzinəmizə qaytarır».
30-cu illərin “Azərbaycan ensiklopediyası” adlandırıla biləcək bu jurnalda Əhməd Cəfəroğlu milli mədəniyyətimizin tədqiqində, az qala, bütöv bir elmi-tədqiqat institutunun işini görmüşdür. Məcmuənin daimi müəllifləri sırasında Azərbaycan mühacirətinin nümayəndələri Azərbaycanın alovlu vətənpərvəri idilər və bu baxımdan ‹‹Müsavat›› partiyasının hələ 1911-ci il proqramında yer alan ‹‹türkçülük, azərbaycançılıq, milliyyətçilik›› prinsipləri onların fəaliyyətlərinin əsas istiqamətini təşkil edirdi.
Azərbaycan siyasi mühacirətinin Məmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Xəlilbəy Xasməmmədli, Əli Xəzərli, Məmməd Əlizadə, Mustafa Vəkilli, Nağı Şeyxzamanlı, Şəfibəy Rüstəmbəyli, Səlim Rafiq, Mirzəbala Məmmədzadə və b. nümayəndələri jurnalın fəal müəllifləri idilər. Tanınmış türk alimlərindən Mehmet Fuat Köprülüzadə, Əbdülbaqi Gölpinarlı, Sadəddin Nühəvət, Mahmud Raqib Keşəmihalzadə, Mehmet Şərafəddin, Xəlil Nemətullah, Adnan Cahid və başqaları bu məcmuəyə ciddi elmi-filoloji nəşrlərdən biri kimi yanaşırdılar.
Dərgidə görkəmli şəxsiyyətlər dərin təhlilli məqalələrlə çıxış edirdilər. 
Ümumtürk folklorunun müqayisəli tədqiqi, Etnoqrafik araşdırmalar, XIX əsr Azərbaycan ədəbiyyatına ümumi baxış, Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsi, Məhəmməd Əli Rəsulzadənin Qətran Təbrizi, Məhsəti, Nizami haqqında tədqiqatları, Məmməd Əmin Rəsulzadənin Şirvanlı Xaqani, Nizami haqqında tədqiqatları, Azərbaycan klassikləri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qasimi, Mirzə Fətəli Axundov haqqında yeni faktlar, Məlikbəy Avçı, Siraci, Əhdi Bağdadlı, Sam Mirzə, Ərşi kimi naməlum və unudulmuş ədəbi şəxsiyyətlər barədə eksklüziv elmi tapıntılar nəşr edilirdi. Bu da ”Azərbaycan Yurd Bilgisi” məcmuəsinin zəngin elmi irs kimi verdiyi töhfələr idi. 
Əhməd Cəfəroğlunun müdrik kəlamı var: “Öz-özünü birbaşa tədqiq etməyən millətlər başqa millətlərin etnoqrafik tədqiqat mövzusundan başqa bir şey olmamışdır”.

Türk dünyasının dili – “Yurd bilgisi”


Azərbaycan  mühacirət  mətbuatının görkəmli  nümayəndələrindən olan, dünya miqyasında tanınan məşhur türkoloq Əhməd Cəfəroğlunun çoxşaxəli elmi-nəzəri  və  publisistik  fəaliyyətində  təsisçisi  və  baş  redaktoru  olduğu “Azərbaycan yurd bilgisi” jurnalı xüsusi yer tutur. Təsadüfi deyil ki, alimin  zəngin  irsinin  tədqiqatçıları AYB-ni  türk  dünyasının dil, ədəbiyyat, mədəniyyət məsələlərinin  dərin araşdırıcısı  olması  etibarilə  yüksək qiymətləndirir,  onun bu gün də böyük əhəmiyyətini qeyd edirlər. Azərbaycan mühacirət  mətbuatının tədqiqatçılarından olan A.Tahirli  yazır:  “Əhməd Cəfəroğlunun ədəbi-elmi-nəzəri irsi onun bir türkoloq kimi adını əbədiləşdirir. Lakin bu böyük qələm sahibini Azərbaycan tarixində yaşadacaq daha bir şah əsəri var: “Azərbaycan yurd bilgisi” (AYB) jurnalı” (10, 105). Ə. Cəfəroğlu haqqında Azərbaycan mətbuatında ilk yazının müəllifi olan V.Quliyevin də jurnala  verdiyi  qiymət  əlamətdardır: “Tam əsasla 30-cu illərin “Azərbaycan 
ensiklopediyası” adlandırıla biləcək bu jurnalda Azərbaycan xalqının dili, tarixi, etnik mənşəyi, qonşu mədəniyyətlərlə qarşılıqlı əlaqəsi, türk dünyasındakı yeri və rolu, musiqisi, folkloru, etnoqrafiyası və s. ilə bağlı onlarla maraqlı faktlarla zəngin məqalələr dərc edilmişdir. Heç şübhəsiz ki, Əhməd Cəfəroğlu özünə dünya  şöhrəti  qazandıran  əsərləri  yazmasaydı  belə,  təkcə  “Azərbaycan yurd bilgisi”nin nəşri onun adının elmi-ədəbi dairələrdə əbədi yaşaması və gələcək nəsillərin onu minnətdarlıqla yad etməsi üçün kifayət idi” 1932-34-cü illərdə 36, 1954-cü ilin fevral ayında isə daha bir nömrəsi çap olunmuş  jurnalın  1984-ci  ildə  İstanbulda  bütün  nömrələrinin yenidən fotofaksimilə şəklində  nəşr  olunması  onun  aktuallığına,  dəyərini saxladığına dəlalət edir. AYB-nin 1-ci  nömrəsində  “Bir  neçə  söz”  sərlövhəli müqəddimədə  Ə.Cəfəroğlu jurnalın yaranma səbəbini izah edərək yazırdı: “Son on il ərzində müxtəlif sahələrdə Azərbaycanın tədqiqinə  ciddi  təşəbbüs  edilməsi  qismən yaxşı  nəticələr  vermişsə  də, mədəniyyətimizin bir çox cəhətləri hələ də naməlum  olaraq  qalmaqdadır.  Yəni, tikilmək  istənilən böyük binanın təməli hələ  boşluqlarla  doludur.  Məhz  bu  binanın  təməlindək böyük  boşluqlar yaranmasına səbəb olmuşdur”. AYB-nin bu əsas qayəsi ilə yanaşı “elmi münasibətin millətlər arasında gündən-günə sıxlaşması və biri digərini bu vəsilə ilə daha artıq tanıya bilməsi” zərurətini qeyd edən Ə.Cəfəroğlu jurnal vasitəsilə  həm  Azərbaycanın  tarixi,  mədəniyyəti  və  ədəbiyyatı  haqqında bilgilərin Avropa ictimaiyyətinə çatdırılmasını, həm də Avropada Azərbaycana aid aparılan müvafiq tədqiqatların AYB vasitəsilə intişarını nəzərdə tuturdu. Və xüsusi olaraq qeyd etməliyik ki, jurnalda bu mövzuda dərc olunan yazıların  əsas müəllifi də Ə.Cəfəroğlu özü idi.
Jurnalın bir neçə nömrəsi çapdan çıxandan sonra qayəsi baxımından onu məmnun edən hadisə baş vermişdi. “Fransa Musiqi Cəmiyyəti”nin məcmuəsi olan “Revuede Musicologie” (“Musiqişünaslıq jurnalı”) oxucularına Türkiyədə AYB adlı jurnalın nəşrə başlaması, Azərbaycan musiqisinə, aşıq ədəbiyyatına aid məqalələr dərc etməsi haqqında məlumat vermişdi. “Bir  təşəkkür” sərlövhəli kiçik yazıda Ə.Cəfəroğlu “Revuede Musicologie”də çıxan məlumatı şərh edərək yazırdı: “Müştərək  elm yolunun yolçusu bulunan məsləkdaşımıza göstərdiyi bu münasibətə görə təşəkkür edirik. Düşünürük  ki,  məcmuənin sonrakı nömrələrində də bizim yazılara aid məlumatlara rast gələcəyik”. AYB-də Azərbaycan-Avropa  ədəbi əlaqələrinin işıqlandırılması bir neçə istiqamətdə aparılırdı. Jurnalda Avropa ölkələrinin mətbuatında  Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinə aid dərc olunmuş yazılar tədqiqat xarakterli məqalələrdə  araşdırılır,  Avropa alimlərinin bu mövzuda əsərləri, onların haqqında  məqalələr  dərc  olunur,  “Təhlil  və  tənqidlər” guşəsində müvafiq əsərlərə və resenziyalara yer verilirdi.