Tələbələr dərslərə sağlam qidadan başlamalıdır, təəssüf ki... - AKTUAL

Özləri də etiraf edir ki, mənzildə yemək hazırlamağa o qədər də həvəsli olmurlar 



"Olmazlar, əlbəttə. Bir halda ki, yalan olmasın, hər küçənin başında bir dönərxana var"



Tələbə ölümləri mənzil-məişət problemini də qabartdı. Son bir neçə gündə ard-arda tələbə faciələri yaşandı. Əvvəlcə BDU-nun 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı qidadan zəhərləndilər. Xasmətova Şəkər vəfat etdi, digər 2 tələbə qız həkim nəzarətinə alındı.

Bir neçə gün sonra isə İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ramil Adil oğlu Məhyəddinov Sabunçu rayonu ərazisində yaşadığı mənzildə dəm qazından zəhərlənərək həyatını itirdi. Bu hadisənin ardınca 6 tələbə qız faciənin astanasından döndü. Qızların zəhərləndiyi məlum oldu, xəstəxana şəraitində müalicələri aparıldı. Gənc qızlar müxtəlif ali məktəblərin – “Xəzər”, Bakı Dövlət və İqtisadiyyat Universitetinin tələbələridir. Bir mənzildə kirayə qalırmışlar. 
Bu, tələbəlik həyatı üçün xarakterik haldır. Kirayə mənzillər baha olduğundan tələbələrə təkbaşına mənzil kirayələmək maddi baxımdan əlverişsiz olur. Ona görə də bir neçə tələbə toplaşıb bir mənzil kirayələyir və kirayə haqqı da aralarında bölünür. 

Dəm qazından zəhərlənən tələbə oğlan da yəqin ki, kirayə mənzildə qalırmış. Bəlkə də qeyri-standart qaz sobasından istifadə olunurmuş.       
Baş vermiş hallarla bağlı müvafiq cinayət işi açılıb, istintaq aparılır. Zəhərlənmələrin və ölüm hallarının nədən baş verdiyi istintaqın gedişində məlum olmalıdır.    

Amma müxtəlif versiyalar yayılır. Tələbə qızların zəhərlənməsinin gah BDU-nun yeməkxanasındakı qidalardan, gah kənar restoranlardan sifariş etdikləri qidalardan baş verməsi deyilir. 6 tələbə qızın zəhərlənməsi hadisəsi ilə bağlı da istintaq tədbirləri həyata keçirilib. Mənzildəki qidalardan nümunələr alınaraq analizə göndərilib. 
Təhsil ekspertləri də baş vermiş faciəli hallarla bağlı rəylərini bildiriblər.  

Tarix elmləri üzrə fəlsəfə doktoru Kamran Əsədov hadisə baş verən gün sosial şəbəkədə tələbələrə çağırış etdi: 

- Əziz tələbələr, qidalanmanıza diqqət yetirin. Sağlamlığınızdan önəmli heç nə ola bilməz. Marketdən ərzaq alarkən istifadə tarixinə və saxlanma şəraitinə mütləq diqqət yetirin.

K.Əsədov 3 aydır BDU-nun yeməkxanasında nahar etdiyini də yazıb: 

- Qidalanma problemi haqlı iraddır. Amma bunu təkcə BDU-dan gözləmək olmaz. BDU yeməkxana baxımından düşünürəm ki, problem yaşamır. Keyfiyyət məsələsinə gəldikdə isə, mən 3 aydır günorta yeməyini orada, elə tələbələr olan yerdə yeyirəm. Bir də AMEA-nın bufetində. Tələbəyə gəl ordan yox, burdan ye demək olmaz. Onda da deyəcəklər ki, bəs tələbəni öz restoranından yeməyə məcbur edir. Bir ay əvvəl də 7 tələbə dönərdən zəhərlənmişdi. 



Tələbələr normal qidalana bilmir 


Təhsil eksperti Etibar Əliyev isə tələbələrin qidalanmasına diqqət yönəldib: 

- Ali məktəblərdə tələbələrin qidalanması məsələsinə diqqəti artırmaq lazımdır. Tələbatı böyük olan yeməklərin keyfiyyəti çox aşağı səviyyədədir. Dönərxanaların əksəriyyəti Hindistandan gətirilmiş, kiloqramı 2 manata olan, mənşəyi bilinməyən ətlə işləyir. Azərbaycanda ticarətin qaydası belədir: az pul qoyub, çox qazanmaq. Dönərin bir kiloqramının pulunu bir pay dönərdən çıxarırlar. Bu azmış kimi Universitet həyətində dönərxana açır. Xəzərə bitişik regionda yaşamağımıza baxmayaraq, yeməkxanalarda balıq xörəklərinə rast gəlinmir. Söhbət varlıların məskən saldığı restoranlardan getmir. Nəticədə cavanlar bizə yad və aşağı qiyməti 30 manata olan "suşi" kimi yeməklərdən istifadə edirlər (bunu da almağa hələ gücləri çatsa). Tələbənin nizamlı qidalanması deyilən bir şey yoxdur. Universitetlərin ətrafındakı türk yeməkxanalarında yeməklər olduqca bahadır. Təxminən 20-25 il öncə universitetlərin yataqxana inşa etmək imkanları çox idi. Rektorların çoxu bu imkanı əldən verdilər və milyonlar lazımsız işlərə xərcləndi. Türkiyədə və dünyanın əksər ölkələrində universitet kampusları və yataqxanalar həm də tələbələrin təhlükəsizliyi məkanıdır. Təəssüflər olsun ki, bizim tələbələr bu cür imkanlardan məhrumdurlar. Tələbə Universitetə böyük vəsait ödəyir, təəssüflər olsun ki, əvəzində ona keyfiyyətsiz təhsil və normal yaşamaq və qidalanmaq şəraiti verilmir.



Kampuslar tikilsin


Ekspertlər bu fikirdədir ki, tələbə yataqxanaları yenilənməlidir. Məlumdur ki, hazırda əksər tələbə yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Doğrudur, köçkünlərin yeni mənzillərlə təmin edilməsi dövlət səviyyəsində həyata keçirilir. Amma boşaldılan tələbə yataqxanaları təmir edilib təkrar istifadəyə verilmir. Tələbə yataqxanaları bərbad durumdadır.

Tələbələr mənzil kirayələyir, maddi çatışmazlıq səbəbindən normal qidalana bilmirlər. Dönərxanalarsa tələbələr üçün əsl tələdir. Dərsdən yorğun çıxan tələbə əlacı yolüstü dönər alıb qidalanmaqda görür. Naməlum ətdən hazırlanan, bəzən hətta 1 manata da satılan, üstəlik, bolluca su ilə qarışdırılmış ayran da hədiyyə edilən dönərin orqanizmə hansı xeyri ola bilər? Belə bir qida ilə gününü keçirən tələbələrdən yüksək zəka, intellekt, böyük nailiyyətlər gözləməyə dəyərmi? Əlbəttə, zəka məsələsində istisnalar həmişə olur, biz sadəcə ümumi mənzərəni təsvir etməyə çalışırıq. Əvvəllər qayda belə idi ki, 2-3 tələbə bir mənzil kirayələyirdi, hər həftə rayondan, kənddən ərzaq sovqatı göndərilirdi, tələbələr də bu ərzaqla ev şəraitində nahar hazırlayırdılar. Getdikcə bu adət də aradan qalxmağa başladı. Tələbələr özləri də etiraf edir ki, mənzildə yemək hazırlamağa o qədər də həvəsli olmurlar. Olmazlar, əlbəttə. Bir halda ki, yalan olmasın, hər küçənin başında bir dönərxana var. Kafe-restoranlar ucuz qiymətə nahar təklif edirlər. “Reklam” daha bundan artıq necə olmalıdır? Tələbə də gəncdi, aldanır, “dəb”də olan yeməklərlə qidalanmaq istəyir. “MkDonalds”lar şəbəkəsi beləcə artır. Aldadıcı dad və toxluq hissi gənclərin (uşaqların da) sağlamlığını ciddi təhdid edir. Amma tələbələri maarifləndirən, yararsız ərzaqlarla qidalanmağın zərərli tərəflərini izah edən də yoxdur. 
Digər vacib məsələ marketlərdə istifadə müddəti ötmüş ərzaqların piştaxtalarda saxlanmasıdır. Səhlənkar alıcı istehsal tarixinə diqqət etmir və yararsız məhsulu alıb evə gətirir. Zəhərlənmə baş verdikdə isə… təəssüf ki, səbəb və səbəbkarlar tapılmır. Bu məsələdə maarifləndirmə çox önəmlidir. Gənclərə sağlam qidalanma, sağlam həyat tərzi də tədris edilməlidir. Xüsusilə gənc xanımların reklamlara aludə olub arıqladıcı çaylar, oğlanların da enerji içkiləri (süni enerji içkilərini əksəriyyət içir) qəbul etməsinin zərərləri anladılmalıdır.                                                                                          

Heç olmasa, valideynlər tələbələrə ərzaqların düzgün saxlanma üsullarını, sağlam qidalanma qaydalarını başa salsınlar.