"Ayıb olsun" - QAT sədri Cümşüd Nuriyevə sərt sözlər dedi

Politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir edib. Onun bu çıxışı sosial şəbəkələrdə ciddi müzakirə edilərək tənqid edilib. 

C. Nuriyev bildirib ki,  o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi: “Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) də “Əsas Məsələ” verilişində ekspert kimi iştirak edən Cümşüd Nuriyevin çıxışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

“Çox təəssüflər olsun ki, yenə də bəzi “həmkarlarımız” və ya özünü ekspert hesab edən bəzi kəslər öz ampluasındadırlar: Yalan informasiya yaymaqla ürəkləri bulandırmaq və konkret olaraq AzTV-yə qarşı qara piar kompaniyası aparmaq. “Əsas Məsələ” verilişində ekspertlərdən biri, Cümşüd Nuriyevin çıxışını kontekstdən çıxararaq onun Qarabağa könüllü gedən qadınları təhqir etdiyi kimi göstərir. O, öz çıxışında “Qarabağ” sözünü işlədibsə və ya “Qarabağda döyüşən qadınlar” sözünü işlədibsə biz rəsmi qaydada Cümşüd Nuriyevin əvəzinə hər kəsdən üzr istəməyə hazırıq. Amma işlədibmi? Xeyir. Üzümüzü tutub hər bir vətəndaşımıza müraciət edirik. Bəzi qeyri-peşəkar saytların yazılarına inanmaqdansa verilişə ən azından myvideo-dan bir də baxın”.

Politoloqun fikirləri ilə bağlı Sherg.az-a danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, C.Nuriyevin söylədikləri tamamilə yanlışdır:

“Deyəsən, bu Cümşüd Nuriyev bilmir ki, nəylə gündəmə gəlsin. O, deyəsən psixoloji, ruhi problemlə yaşayır. Həmin sözü demək üçün çox səviyyəsiz adam olmaq lazım idi. Həmin dövrdə  qadın batalyonun yaranması ilə bağlı məlumatım da var. Bu, o demək deyil ki, kişilər vuruşmurdu. Sadəcə qadınlar da istəyirdilər ki, yararlı olsunlar. Əllərinə  silah alsınlar. Qadın batalyonun tərkibində, həmçinin ondan da kənarda yüzlərlə azərbaycanlı qadın  döyüşə gedirdilər. Ən çox da Ağdam, Füzuli istiqamətində qadınlar gedib döyüşürdülər. Onların içərisində qəhrəmanlıq göstərənlər, şəhid olanlar, Milli Qəhrəmanlar da var. Yəni Cümşüd  Nuriyev bunları görmürsə, ağzına gələni danışırsa, bu, adamın fikrinə heç münasibət bildirməyə dəyməz.  Birmənalı  şəkildə, bu insanlar cəmiyyətdə sərt qınağa tuş gəlməlidirlər. “Ayıb olsun” şəklində münasibət bildirilməlidir.

A.Nağı bildirib ki, bu yaxınlarda C.Nuriyev Qarabağ qazilərini də təhqir edib:

“O “Yeni Musavat”ın canlı yayımına çıxıb demişdi ki, erməni jurnalistləri Bakıya gələndə Qarabağ qaziləri heç bir etiraz etmirdilər. Daha sonra da döyüşcü qadın batalyonu haqqında fikir bildirərək yenidən insanları qıcıqlandırır. Bu adamda sanki anormallıq gedir, müəyyən proseslərdə özünü idarə edə bilmir”.