Dombas düyünü: Burada Putinin reytinqi Zelenskidən çoxdur

“Vladimir Zelinski prezident seçkisi öncəsi Donbas münaqişəsinin həll ediləcəyi vədini verib, ən azı bunun üçün çalışacağını söyləyib”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Kamran Sultanlı deyib. 

Politoloq bildirib ki, Zelenskinin hakimiyyətə gəlişindən sonra müəyyən müsbət hadisələr baş verib: 

“Öncə Kerç insidentində həbs edilmiş girovlar Ukraynaya qaytarıldı, daha sonra gəmilər geri verildi, Zelenski tez-tez cəbhə xəttinə səfər edir. Bu yaxınlarda isə Ukrayna ordusunun 2014-cu ildə partlatdığı körpünün təmirdən sonra açılışını etdi. Reallıq odur ki, Ukraynanın Şərqində, xüsusən Donbasda Rusiyanın imici çox yüksəkdir. Burada Rusiya təbliğatı olduqca güclüdür və Putinin reytinqi Zelenskidən kəskin çoxdur. Məhz buna görə Zelenski qeyd edir ki, informasiya müharibəsi ilə donbaslıları Ukraynada qalmağa inandırmaq lazımdır. Bunu reallaşdırmaq çox çətin olacaq. Son keçirilmiş sorğulara əsasən, xalq Zelenskinin Donbas istiqamətində fəaliyyətini dəstəkləyir.

Politoloq: "Buna görə Zelenski qeyd edir ki, informasiya müharibəsi ilə donbaslıları Ukraynada qalmağa inandırmaq lazımdır"


Lakin Ukraynada milliyətçi kəsim kapitulyasiyani qəbul etmir. Digər tərəfdən Zelenski münaqişənin həllinə nail olmaq üçün Ştaynmayer formulunu qəbul etməyə hazırdır. Lakin bununla bağlı daxildə ciddi basqılar var. Çünki, bu formul Rusiyaya daha çox sərf edir. Rusiya Donbasın özünə birləşdirilməsini istəmir. Donbas sadəcə Ukraynaya təzyiq etmək üçün bir vasitədir. Bu bölgənin dənizə çıxışı yoxdur. Moskva üçün Donbas o zaman önəmli ola bilər ki, Rusiya Maripolu nəzarətə alsın və buradan Krıma quru yolunu açsın. Bu isə heç də asan proses deyil”. 

Analitik vurğulayıb ki, 2014-cü ildən Ukrayna ordusu təkmilləşib: 

“Rusiya istəyir ki, Donbas muxtar ərazi olsun və Ukraynaya daxil edilsin. Belə olarsa, həm parlamentdə Rusiyanın təsiri artacaq, həm də Ukraynanın Qərbə istiqamətində iplər daima Rusiyanın əlində olacaq. Kreml Ukraynanın daxili siyasətinə təsir edə biləcək. Ukrayna isə Rusiya ordusunun təmas xəttindən çəkilməsini tələb edir. Bu cür fikir ayrılıqları münaqişənin həllinə maneçilik törədir. Bu ziddiyyət “Normandiya formatı”nın növbəti görüşündə özünü göstərəcək. Hazırda Rusiyanın mövqeyi Qərb tərəfdən ciddi nəzərə alınır. Bu isə o anlama gəlir ki, Zelenski növbəti görüşdə bütün liderlərə qarşı tək mübarizə aparmalı olacaq”.