Fundamental islahatlar: Bütün sahələr sürətlə inkişaf edir

Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirak edib. Ölkə başçısı tədbirdə çıxışı zamanı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib:

“Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır”.



Elçin Bayramlı: "Bu strateji proqramdır və bunun əsas nəticələri sonralar daha çox özünü göstərəcək"


Prezidentin çıxışnı Sherg.az-a dəyərləndirən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bildurub ki, Cənab Prezident söz verdiyi kimi iqtisadi islahatları sürətləndirib. 

İqtisadçının sözlərinə görə, ölkəmizdə kadr və struktur islahatları da sürətlənib: 

“Sosial müdafiə sistemi təkmilləşdirilir. Bunlar tariximizdə ən fundamental kompleks islahatdır. Əlbəttə ki, bu strateji proqramdır və bunun əsas nəticələri sonralar daha çox özünü göstərəcək. Lakin elə indidən də xeyli müsbət nəticələr var. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yüksək yerlərdə durmağımız da bunun əyani göstəricisidir. Həm islahatların miqyasına, həm formasına, həm də nəticələrinə görə, bu, çox yüksək nailiyyətdir. Son illərdə qeyri-neft sektoru, xüsusən də aqrar sektorda böyük artım tempi müşahidə olunur. Bir neçə il əvvəlki qlobal böhranın vurduğu zərəri də məhz qeyru-neft sektoru kompensasiya edə bildi. Hazırki 15 faizlik artım tempi çox yüksək nəticədir, çox az ölkədə belə temp müşahidə olunur. Dövlət başçısı həmişə deyir ki, biz özümüzü post-neft dövründəyik kimi aparmalıyıq və iqtisadiyyatımızı belə qurmalıyıq. Belə çevik və genişmiqyaslı islahatları aparmaq üçün peşəkar və savadlı kadrlar lazımdır ki, bu məsələlər də həll olunsun. Dövlət orqanlarının içində xeyli müsbət dəyişikliklər müşahidə olunur, nöqsanlar aradan qaldırılır. Ölkə rəhbəri vətəndaşları da bu məsələlərdə fəal olmağa çağırır. Düşünürəm ki, islahatlar davam edəcək və tezliklə ölkəmizin həm iqtisadi, həm də sosial mənzərəsi tamam dəyişəcək. Bu da Azərbaycanın dünyada siyasi nüfuzunu da artıracaq”.