İŞİD-in dünyaya xəbərdarlığı ciddiyə alınmalıdır: Terror və sui-qəsdlər istisna deyil

İŞİD terror təşkilatının yeni lideri Əbu İbrahim Haşimi tərəfdarlarına müraciət edib. Haşimi terror təşkilatına məxsus “Təkva” və “Qüreyş” media orqanları vasitəsilə 13 maddəlik təlimat yayımlayıb.

Qərb liderlərinə sui-qəsd edilməsi əmrinin yer aldığı broşürlərdə “tənha canavar” adı verilən və təkbaşına hərəkət edən İŞİD-çilərin prezidentlər, dövlət rəsmiləri, ordu komandirləri kimi qorunan şəxslərə necə yaxınlaşmaları barədə məlumatlar əksini tapıb.

İŞİD-in sıradan bir təşkilat olmadığını deyən politoloq Azər Rəşidoğlu Sherg.az-a bildirib ki, uzun illərdir  onun kökünü tam qazımaq mümkün olmur.

Analitik qeyd edib ki, İŞİD, əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terror qruplaşmasıdır:

“Qruplaşma 29 iyun 2014-cü il tarixində yeni "xilafət" yarandığını elan edərək, tanınmamış dövlət və terror təşkilatına çevrilib. ABŞ və müttəfiqləri 2014-cü ildə Suriyada İŞİD-ə qarşı "Sarsılmaz qətiyyət" adlı əməliyyat keçiriblər. 2015-ci ilin sentyabrın 30-da Rusiya Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə hərbi əməliyyatlara başlayıb və İŞİD-ə sarsıdıcı zərbələr endirib. Lakin buna baxmayaraq, İŞİD bölgədə müxtəlif terror aktları və qətllər həyata keçirməkdə davam edib. İŞİD-i formalaşdıran qüvvələr ərəb-yəhudi qarşıdurmasından məharətlə istifadə ediblər. Məsələ ondadır ki, Yaxın Şərqdə İsrail dövlətinin yaradılması ilə ərəb dünyası tənəzzülə sürükləndi. Əslində, ərəb ölkələri heç vaxt demokratiya uğrunda mübarizə aparmayıblar. Onların məqsədi əvvəlki qüdrətlərini təmin etmək olub. Ərəb baharı zamanı Misirdə islamçı Mursi prezident seçildi və qısa zamanda general Əbdul Fəttah əs-Sisi tərəfindən devildi. Bundan sonra İraq və Suriyadakı qanlı xaos fonunda xilafət və İŞID ideyası yenidən gündəmə gəldi. İŞİD ideyası ilə panarabizim ideyası yenidən dirçəlmiş oldu”. 



Azər Rəşidoğlu: "İŞİD kimi radikal qrupların sayəsində on illər boyunca davam edəcək vətəndaş müharibələri yenidən enerji daşıyıcılarına sahib olmaq istəyən Qərbə sərf edir"


A.Rəşidoğlu bildirib ki, İŞİD tam fərqli taktiki gedişlərdən istifadə edir:

“İŞİD hətta geyimində belə fərqlənir. İŞİD-in qara geyimləri və bayraqları məqsədli şəkildə Abbasidlərin 8-ci əsrdə istifadə etdiyi geyim və bayraq atributlarına bənzədilirdi. İŞİD xilafət qurduğunu elan etsə də, bütün fəaliyyət prinsiplərini terror üzərində qurub. Lakin dünyanı vahimə altında saxlayan İŞİD-in bu dərəcədə maraq doğurması yalnız onun qəddarlığı və terrora meylli olması ilə bağlı deyil. Yaxın Şərqdəki xaos və Avropadakı ideoloji böhran fonunda İŞİD alternativ paradiqma ilə çıxış edir. Normal Avropa cəmiyyətində tərbiyə alan, formalaşan insanların İŞİD-a qoşulmasının səbəbi heç də yalnız natamamlıq kompleksindən əziyyət çəkən genetik müsəlmanların revanş arzusu ilə bağlı deyil. Bu terrorçu təşkilata qoşulanlar arasında genetik xristian olanlar da var. Deməli, söhbət qisasdan deyil, bezdirici eyniliyə alternativ axtarışından gedir. Qərb insanı uzun illərdir alternativ axtarır. Oşonun, digər mistik filosofların Qərbdə bu dərəcədə populyar olmasının başlıca səbəbi də elə alternativ paradiqmanın tapılmamasındadır. Yaxın Şərqdə isə bəziləri elə düşünürlər ki, İŞİD-ın xilafət ideyası ilə orta əsrlər dövrünün sosial ədalət baxışlarını bərpa etmək mümkün olacaq. İŞİD cinayət törədir, terror edir, lakin mövcud dini və sekulyar sistemlərə alternativlə çıxış edir. Onu cəlbedici edən də elə budur. Nə mötədil şiə, nə mötədil əhli sünnə cərəyanları alternativ təqdimatında İŞİD qədər populyar deyil. Amansızlığı və qəddarlığı ilə yanaşı İŞİD və ona bənzər təşkilatlar tamamilə yeni düzən və yeni mübarizə metodları təklif edir. Bu, onu kimlər üçün isə daha da cəlbedici edir. Son illər ərəb ölkələrində demokratiyanın məğlubiyyəti elə İŞİD-ə yol açır. Təqdim olunan şəriət dövləti ideyası münasibətimizdən asılı olmayaraq alternativ paradiqmadır və xaos nəticəsində hər şeyini itirən insanlar İŞİD-ə üz tutur. Lakin məsələ göründüyü qədər sadə deyil. Bu paradiqmanın daşıyıcıları qəddar savaşçılardı. Söhbət yalnız savaşçıdan da getmir, beyinləri yuyulan insanların törədə biləcəyi fəsadlar narahatçılıq doğurur. Zombiləşmiş, az qala hamını inkar edən qrupların məqsədləri heç də vətəni azad etmək deyil. Təkfirçi qruplar azad etdikləri ərazilərdə şəriət dövləti yaratmaq məqsədlərini gizlətmirdilər, lakin burada da əsl həqiqət heç də şəriətin bərpasından getmirdi. Bu gün İŞİD və bu kimi radikal təşkilatların “Allahu Əkbər” hayqırtıları kimlərəsə xoş gələ bilər. Lakin tarixi təcrübə göstərir ki, belə qurumlar, adətən, Qərb xüsusi xidmət orqanları ilə bağlı olurlar. İŞİD-in bu qədər geniş əlaqələrə malik olmasında da Qərb maraqlı idi. Bu, idarəolunan xaos nəzəriyyəsinə uyğun görünür. Öz hakimiyyətlərini yıxan ərəb ölkələri Yaxın Şərqdə demokratik təsisatlar yaratmaq barədə düşünməyə başlamışdılar. İŞİD kimi radikal qrupların sayəsində isə on illər boyunca davam edəcək vətəndaş müharibələrinin əsası qoyuldu. Belə durum yenidən enerji daşıyıcılarına sahib olmaq istəyən Qərbə sərf edir. Odur ki, yeni sui-qəsd və terrorların olacağı ehtimalı az deyil”.