Fəzail Ağamalı partiyasını gücləndirir: "Niyyətimiz imkanlarımızı genişləndirməkdir"

Keçmiş Maliyyə naziri Fikrət Yusifova yeni vəzifə verilib. Belə ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 28 noyabr sərancamı ilə Fikrət Hüseyn oğlu Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edilib.

Bu təyinatın Ana Vətən Partiyasına nə dərəcədə təsir göstərcəyi ilə bağlı fikrilərini Sherg.az-la bölüşən millət vəkili Fəzail Ağamalı bildirib ki, F.Yusifovun yeni vəzifəyə təyin edilməsində əsas niyyət partiyanın imkanlarını genişləndirməkdir:

“Qarşımızda duran məqsədlərdən biri də proseslərə daha ciddi şəkildə nəzarət etmək, dövlətçiliyimizə və xalqımıza xidmət imkanlarını artırmaqdır. Partiyanın yenilənməsi və partiyanın rəhbər sturukturlarına yeni simaların gətirilməsi ilə kifayətlənmirik. Eyni zamanda rayon və şəhər təşkilatlarını da əməlli-başlı silkələyərək onları da yeniləməyə başlamışıq.

Hansı təşkilatın rəhbərliyinin kifayət qədər potensialı olduğunu, eyni zamanda enerjili və təşəbbüskarlığını nəzərdən keçiririk. Təbii ki, bundan sonra da onlarla işə davam edəcəyik. Yox əgər təşəbbüskar deyillərsə, onları yenilərlə əvəz edəcəyik. Bütövlükdə canlı bir orqanizm kimi istəyirik ki, dövrün, zamanın və dünyada gedən proseslərin tələblərinə uyğun olaraq işimizi elə bir səviyyəyə qaldıraq ki, bu səviyyə ilə dövlətçiliyimizə daha ciddi töhfələr verək.

Eyni zamanda bu gün ölkə prezidentinin çox geniş miqyas daşıyan islahatlarının yerinə yetirilməsi uğrunda fəal iştirak edək. Niyyətimiz dövlətimizə daha ciddi töhfələr vermək, xalqımıza xidmət etmək kimi şərəfli vəzifəni bundan sonra da uğurla həyata keçirməkdir”.