Xüsusi iclas: Deputatlar parlamentin buraxılmasına "HƏ" dedi (YENİLƏNİB)

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması məsələsinə baxılıb. 

Müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi üçün qərar layihəsi oxunub. 

Layihəni sipkerin müavini deputatlara təqdim edib. İslahatların parlamenti də əhatə etməsi qərarda xüsusi olaraq yer alıb.

B.Muradova bildirib ki, YAP üzvü olan, bitərəf və digər müxalifət partiyalarını təmsil edən deputatlar parlamentin buraxılması təşəbbüsünü dəstəkləyib.

Azərbaycan Respublikasının Konstitutsiyanın 98-ci maddəsi rəhbər tutularaq, Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul edib.

Qərar səsə qoyularaq qəbul edilib.

12:30

“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir”.

Bunu Milli Məclisin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında YAP-çı deputatların müraciətini oxuyarkən bildirib.  

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır:

“Azərbaycan Nazirlər Kabinetində, məhkəmə-hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək”.

S. Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir:

“Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

Siyavuş Novruzov müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırıb.

12:23

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyur.

12:21

Spiker Oqtay Əsədov bildirib ki, ölkədə baş verən islahatlar qanunvericilik hakimiyyətində dəyişiklikləri zəruri edib:

“Bu baxımdan da Milli Məclisdə yeniləşmə olmalıdır. Həmçinin Konstitusiyanın 95-ci maddəsinə görə, Milli Məclisin bu kimi məsələləri müzakirə etmək hüququ var. Odur ki, biz bu gün parlamentin buraxılması  və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə başçısına müraciətin ünvanlanması üçün toplaşmışıq”.

12:03

Milli Məclisin (MM) xüsusi iclası öz işinə başlayıb.

Sherg.az bildirir ki, iclası spiker Oqtay Əsədov açıb.

İclasda 5-ci çağırış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə Prezidentinə ünvanlanan müraciətin  müzakirəsi nəzərdə tutulur.