Şagirdlər poliknikalara göndərilir – SƏBƏB

Azərbaycan məktəblərində bu ildən şagirdlərin poliklinikalarda tibbi müayinədən keçməsi tələb edilir. Valideynlər isə bu tələbi heç də birmənalı qarşılamırlar.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində bütün təhsilalanların ildə bir dəfə icbari dispanserizasiyası (tibbi müayinəsi) həyata keçirilir və bu mütləqdir:

“İcbari dispanserizasiyanın nəticələri “Dispanser vərəqi”ndə qeyd edilir və şagirdin təhsil aldığı ümumtəhsil məktəbinə təqdim olunur”.

Amma məktəblilərin sağlamlıq haqqında tibbi arayış alması ilə bağlı Təhsil Nazirliyi tərəfindən hər hansı bir göstəriş verilməyib.

Məktəblilərin məcburi tibbi müayinədən keçirilməsi “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Bakı Şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, uşaqların icbari dispanserizasiyası hər il daimi olaraq aparılacaq.

Bununla bağlı bütün poliklinikalara məlumat verilib və bundan sonra hər il, ildə bir dəfə uşaqlar icbari müayinədən keçiriləcək.

Müayinələrin məktəb daxilində deyil, poliklinikalarda keçrilməsinin də səbəbləri məlum olub. Belə ki, məktəblərin çoxunda mütəxəssislərin özləri gəlib məktəbliləri müayinədən keçirsə də, poliklinikada olan USM, Rentgen avadanlıqları məktəblərdə olmadığı üçün uşaqların tibb müəssisələrində yoxlanması daha məqsədəuyğun hesab edilir.