Müharibə qaçılmazdır: Tərəflər arasındakı bu ehtimalı Moskva da görür - AKTUAL

“Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb”. Bu sözləri Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin deyib. Rusiyalı analitik vurğulayıb ki, Bakı hücuma hazırlaşır: “Azərbaycan Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan Respublikası ərazisinə təcavüz etsin”. Xramçixinin sözlərinə görə, Rusiya Ermənistana dəstək olsa, münaqişəyə dördüncü tərəf - Türkiyə də qoşulacaq: “Böyük bir müharibə başlaya bilər. 

Sonrası bəlli deyil. Hər şey müharibənin senarisindən asılı olacaq. Ermənistan Qarabağ savaşında digər KTMT dövlətlərinə də bel bağlaya bilməz. Çünki bu ölkələrin heç biri Qarabağı Ermənistan ərazisi kimi tanımır”. 
Bir sıra ekspertlər Xramçixinin ifadələrini son günlər Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarına cavab və eyni zamanda Rusiyanın münaqişə ilə bağlı mövqeyi kimi dəyərləndirirlər. Lakin əksəriyyət düşünür ki, müharibə başlayacağı təqdirdə Rusiyanın hansı mövqe sərgiləyəcəyini indidən konkret demək qeyri-mümkündür. 



Politoloq: “Kreml bu riskləri minimuma endirmək istəyir. Burada erməni məsələsi ikinci planda dayanır”


Rusiyalı hərbi ekspertin sözlərini “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə deyib ki, Xramçixin və onun kimiləri müxtəlif fərziyələr irəli sürə bilərlər. Amma təcrübə göstərir ki, müharibə zamanı son qərar Rusiyanın hərbi-siyasi rəhbərliyi tərəfindən verilir. Analitikin sözlərinə görə, indidən heç kəs deyə bilməz ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi müharibə başlayacağı təqdirdə hansı mövqeni tutacaq: 

“Hər halda Rusiya XİN başçısı Sergey Lavrovun son açıqlamalarını hamımız xatırlayırıq. Lavrovun “Qarabağdakı ermənilər öz taleyi ilə bağlı müzakirələrə qatılmalıdır” sözü göstərir ki, Moskvada bəzi dairələr dolayı da olsa, separatçı rəhbərliyin mövcudluğunu qəbul edirlər. Müharibə ehtimalı isə hər zaman üçün qaçılmazdır. Yaxşı bilirik ki, işğal altında olan torpaqlarımızı heç vaxt elə-belə bizə qaytarmayacaqlar. Nəinki Dağlıq Qarabağı, hətta ətraf rayonları belə qarşılıq gözləmədən geri verməyəcəklər. Çünki Ermənistanda hakimiyyətlər dəyişsə də, münaqişəyə münasibət dəyişmir. Ona görə də Azərbaycan tərəfi hərbi əməliyyatlara hər zaman hazır vəziyyətdədir”. 

Siyasi şərhçinin fikrincə, tərəflər arasındakı müharibə ehtimalını Moskva da görür: 

“Şübhəsiz, regionda gedən hərbi əməliyyatlar Rusiya üçün risk yaradır. Kreml bu riskləri minimuma endirmək istəyir. Burada erməni məsələsi ikinci planda dayanır. Müharibə başlayarsa və miqyası böyüyərsə, ermənilər hər vəchlə çalışacaq ki, savaş Ermənistan sərhədlərini keçsin. Bununla onlar KTMT-nin müdaxiləsinə hüquqi şərait yaratmaq istəyirlər. Rus ekspertlər sadəcə öz fikirlərini dilə gətirirlər, ancaq real hadisələr başqa cür inkişaf edə bilər”.