“TANAP Azərbaycana müsbət dividendlər qazandıracaq”

2019-cu ilin 30 noyabrında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunları qeyd edib: 


“Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür”

TANAP-ın Azərbaycan üçün müsbət dividendlər qazandıracağını söyləyən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a bildirib ki, Azərbaycan müstəqillik dövründə 3 iri regional meqa layihənin müəllifi oldu və bu layihələri reallaşdıra bildi:

“Bu layihələrə Bakı –Tbilisi- Ceyhan, Bakı- Tbilisi-Qars və Bakı-Tblisi-Ərzurum daxildir. Bu layihələrin ilkin mərhələsində Azərbaycanı sevməyənlər buna mane olmağa çalışırdılar. Amma mükəmməl xarici siyasətimiz nəticəsində bu layihələr reallaşdı. Bundan sonra artıq TANAP layihəsi irəli sürələndə də yenidən bu məsələyə ironik yanaşanlar oldu. Baxın, şimal qonşumuz Rusiya, cənub qonşumuz İranın  dünyada  iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə münasibətləri sağlam deyil. Hər iki ölkəyə sanksiya tətbiq olunub. Belə bir şəraitdə, vəziyyətdə TANAP-ın həyata keçirilməsi Azərbaycanın uğurlu xarici siyasətinin mahiyyətini ortaya qoydu. Onu da deyim ki, təkcə xarici siyasətlə iş bitmir. Azərbaycanın iqtisadi potensialı da buna imkan verdi. Yəni, ölkəmizin dayanalığı və cəzabadarlığı üzə çıxdı. TANAP Azərbaycanın həyata keçirdiyi 4-cü meqalayihədir”.

İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərir:

“2015-ci ildən etibarən təbiii sektorun neft sektoruna bərabər inkişafı nəzərdə tutulub. Yuxarıda qeyd etdiyim 4 meqa layihə tranzit əməliyyatlarından büdcəyə daxilolmalara şərait yaradır.  Qısa zaman çərçivəsində bu layihələr büdcəyə xeyli gəlir gətirəcək”