Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna baxdı: PARLAMENTİN BURAXILMASI KONSTİTUSİYAYA UYĞUNDUR 

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

13:04

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli  “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılır.

APA-nın məlumatına görə, iclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edir.

İclasda çıxış edən məruzəçi-hakim Rafael Qvaladze Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu barədə məlumat verib: “Azərbaycan Prezidenti Konstitusiya Məhkəməsindən xahiş edib ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul etsin”.

Milli Məclisin qərarı barədə sorğu verən tərəfin nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib ki, həmin qərarda Azərbaycan Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilib. Onun sözlərinə görə, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü və iradəsi, o cümlədən parlamentdə digər partiyalardan olan deputatları və bitərəf deputatlarla birgə onların yüksək əksəriyyəti tərəfindən qəbul edilib: “Parlamentin buraxılması institutu Azərbaycan qanunvericiliyində yeni institutdur. Bildiyimiz kimi həmin institutu 2016-cı ildə ümumxalq səsverməsi yolu ilə Konstitusiyaya daxil edilib. Nə həmin tarixdən əvvəl, nə də sonra müasir Azərbaycan Respublikasının Konstitusion tarixində bu cür ictimai siyasi hüquqi hadisə baş verməyib.  Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün şərait formalaşmamış, onun tətbiqi üçün zərurət olmamış. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiq mexanizmləri müəyyənləşdirilməmiş və Azərbaycan hüquq ictimaiyyətində bu barədə vahid bir fikir formalaşmamışdır.  Eyni zamanda Azərbaycan hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmamışdır. Həmçinin Milli Məclisin buraxılması ictimai siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisədir. Bu hadisənin baş verməsi nəinki birbaşa bugünkü nəticələrə, həmçinin gələcək üçün də çoxşaxəli ola bilər. Bu təsirlər arasında potensial növbəti seçkilər  yeni qərarlar, yeni qanunlar, parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. Bu gün Konstitusiya Məhkəməsi icraata olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 98.1 maddəsinin hazırki vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin Konstitusion qaydalarının, prosedurunu müəyyən etmək və müddəanı tətbiqi nəticəsində potensial hər hansı bir hüquqi mənfi nəticənin qarşını almaqdır.  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev məhz bu mülahizələrdən irəli gələrək  qərara almışdır ki, göstərilən sualların aydınlaşdırılması üçün onlar məhz Konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 bəndini rəhbər tutaraq yaranmış vəziyyətdə Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikasına müraciət edilməsi barədə Qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsini xahiş edirik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları Milli Məclisin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər və Milli Məclisin dekabrın 2-də keçirilən iclasında bu təkliflərə hüquqi qiymət verilib, cənab Prezidentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət ediblər: “Bu gün sizin araşdırmalarınız nəticəsində gələcəyiniz qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə  hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, Qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Konstitusiyamızın 95-ci maddəsinin 16 və 17-ci bəndləri, Konstitusiyamızın 111 və 112-ci maddələrində hərbi vəziyyətin, müharibənin, fövqəladə vəziyyətlə bağlı və bu cür dövlətçilik və xalqımız üçün müstəsna əhəmiyyət əsb edən məsələlərdə iştirakı zəruridir. Konstitusiyamızın məhz bu mənada qanunvericilik hakimiyyətində xüsusi bir yerini qeyd etmiş olur. 981-ci maddədə əlbəttə ki, “Milli Məclis buraxılır” dedikdə, bu baxımdan qanunverici hakimiyyətin funksiyaları dayanır mənasında başa düşülməməlidir. 981-ci maddənin buraxılma məqsədi Milli Məclisin qərarında göstərildiyi kimi növbədənkənar seçkilərin keçirilməsidir. Ona görə də, 981-ci maddədə Milli məclisin buraxılması Konstitusiyanın 89-cu maddəsində deputatın mandatdan özünün imtinası kimi başa düşülməməlidir. Bu maddələrin hər birinin funksiyası və mənası fərqlidir. Hesab edirəm ki, bütövlükdə deputatların səlahiyyət müddətini həll edən 87-ci maddəyə istinad etməliyik. Çünki “səlahiyyət müddəti yeni çağırışın ilk iclas günü bitir” müddəası bütövlükdə Milli Məclisin səlahiyyət müddətini özündə əks etdirmir”.

Ə. Hüseynli bildirib ki, yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir.

 

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovun çıxışından sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib.

12:07

Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

İclasda Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli  “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılır. 

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyev, sorğu verən tərəf nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur.

09:05

Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılacaq.

Xatırladaq ki, noyabrın 28-də Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb.

Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Prezident Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də, Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.