Savaş təhlükəsi qalır: Ruhaninin çağırışına Vaşinqton nə cavab verəcək? - ŞƏRH

İran Prezidenti Həsən Ruhani ABŞ-la danışıqların şərtini açıqlayıb. O bildirib ki, Tehran əvvəlki kimi Vaşinqtonla danışıqlara hazırdır, lakin ABŞ sanksiyaları ləğv etməlidir: “ABŞ öz despot, qanunsuz, yanlış, terror xarakteri daşıyan sanksiyalarını aradan qaldıran kimi “5+1” ölkələr qrupunun rəhbərləri görüşə bilər. Bu məsələdə bizim də problemimiz olmayacaq”.

Ruhani qeyd edib ki, hətta bir saat sonra belə danışıqlar aparmağa hazırdır, lakin sanksiyalar ləğv olunmalıdır.

ABŞ-ın sanskiyaları ləğv edib-etməyəcəyi ilə bağlı fikirlərini Sherg.az-la bölüşən politoloq Azər Rəşidoğlu bildirib ki, hələ də İran və ABŞ arasında savaş təhlükəsi aradan qalxmayıb:

“Əgər ABŞ və İran arasında savaş olarsa, Vaşinqtonun bölgədə bir neçə mühüm müttəfiqləri var. Bunlar uzun müddətdir İranla rəqabətdə olan Səudiyyə Ərəbistanı və İsraildir. İsrail əslində Vaşinqtonu bu savaşa təhrik etməyə çalışır. İrana ağır zərbə vurmaq, onun mövcud rejimini dəyişmək istəyən İsrail üçün, Vaşinqtonu bu savaşa inandırmaq çox mühümdür. Səudiyyə Ərəbistanı isə ən böyük regional düşməninə qarşı hərbi hərəkata dəstək verəcək. Hətta Misirin də müəyyən qədər İrana qarşı əməliyyata qoşulması mümkündür. Qahirə ABŞ-dan daha çox yardım almaq üçün bu əməliyyata qoşula bilər. ABŞ hərbi bazaları hazırda faktiki olaraq İranı dörd tərəfdən mühasirəyə almış hesab olunur. Körfəz ölkələrində ABŞ-ın 5-ci hərbi dəniz bazası yerləşir. Bundan başqa Küveyt, İraq, Əfqanıstan, Pakistan və Türkiyə ərazisində leqal ABŞ hərbi bazaları var. Bunların yanında bir də gizli hərbi bazalar, kəşfiyyat mərkəzləri mövcuddur ki, bütün bunlar ehtimal olunan savaş zamanı böyük güc deməkdir. Bütün bunları bir yerə cəm edəndə İranın açıq döyüşdə ABŞ və müttəfiqləri qarşısında müqavimət göstərməsinin mümkünsüz olacağı görünür. İranın ən son texniki göstəricilərə malik ABŞ təyyarələri qarşısında Hava Hücumundan Müdafiə Sistemləri belə yoxdur. İran İslam Respublikası mövcud olduğu 40 il ərzində çox geniş "Gerilla təcrübəsi"nə malikdir: İran-İraq savaşı, Livan və Fələstində İsrailə qarşı savaşçı qrupların hazırlanması, eləcə də 1990-cı illərdə Balkan yarımadasında Serbiya, Kosova, Bosniya və Herseqovinada, Yəmən, Əfqanıstan, İraq və daha neçə ölkədə silahlı müqavimət dəstələrinin hazırlanması. İran ordusunun bu istiqamətdə böyük təcrübəsi ilə yanaşı Yaxın Şərq coğrafiyasında təlim verib hazırladığı böyük militan qrupları var.



Azər Rəşidoğlu: "İranın nizami qüvvələrinin ABŞ və müttəfiqləri qarşısında uzun müddət dayanması mümkün görünməsə də, savaşın sonrakı mərhələsində "Gerilla savaşı"nda vəziyyət dəyişə bilər"


İran generallarından biri 5 region ölkəsində 200 mindən artıq silahlı savaşçının olduğunu bildirmişdi. Ehtimal olunan savaşda İranın nizami qüvvələrinin ABŞ və müttəfiqləri qarşısında uzun müddət dayanması mümkün görünməsə də, savaşın sonrakı mərhələsində "Gerilla savaşı"nda vəziyyət dəyişə bilər. Çünki iranlılar uzun müddətdir bu savaşa hazırlaşır, regionda körfəz keçidləri də daxil olmaqla ABŞ-ın bütün maraq nöqtələrini bilir və onları hədəfə çevirəcək. Bu isə bölgədə uzun müddətli və amansız müharibə deməkdir. İraq və Əfqanıstan işğallarını, eləcə də İsrailin Livana hücumları zamanı baş verənləri nəzərə alsaq, o zaman bu mərhələnin amerikalılar üçün də ağır keçəcəyini söyləmək olar. Üstəlik, savaşın uzanması və baş verəcək dağıntılar, kütləvi insan ölümləri müsəlman dünyasında Amerika əleyhinə düşmənçiliyi daha da gücləndirə, kütləvi təpkiyə səbəb ola bilər”. 

Analitik bildirib ki, mövcud mənzərə müharibənin xeyli dərəcədə ağır və riskli olduğunu əks etdirir:

“Hər nə qədər Tramp qeyri-standart bir prezident olsa da, Vaşinqtonda onu bu savaşdan çəkindirəcək güclər var. Bu mənada artan təhdidlər və savaş çağırışları heç də müharibənin xəbərçisi ola bilməz. Ancaq risk də hər zaman qalır. İranın rəqibləri ona qarşı ən ağır zərbənin daxildəki çaxnaşma ola biləcəyinə inanırlar. Çünki istənilən halda dərin dövlətçilik təcrübəsi, ideoloji gücü olan ölkəyə hər hansı kənar müdaxilə İranı daha da gücləndirir. İranda etnik qruplara dəstək çağırışı, bəhreynli deputatın azərbaycanlılara müstəqillik çağırışı, son günlər İranın ərəblər yaşayan Əhvaz bölgəsində davamlı etirazlar İranı içəridən zəiflətmək planının elementləridir. Qarşıdakı dövrdə bu cür fəaliyyətlər daha da artacaq, etnik qruplar içərisində iğtişaşlar, etirazlar artacaq. Buna qarşı Tehranın reaksiyasının nə olacağı da maraq doğurur. İran hakimiyyətinin kənardan təzyiqlərə qarşı içəridə təpki yaratmaq kimi təcrübəsi var. Odur ki, bu təzyiqləri xaricə qarşı müqavimətə çevirmək və ya toqquşma arealını Yaxın Şərqin başqa bir nöqtəsinə daşımaq mümkündür. Hər halda bunu da qarşıdakı aylarda görəcəyik. İran dəfələrlə sınaqdan keçirtdiyi sınaqlardan bu dəfə də faydalana bilər və Vaşinqtonu sanksiyaları ləğv etməyə çağıra bilər. ABŞ hansı qərarı verəcək, bunu indi söyləmək tezdir”.