Əhməd Cəfəroğlunun 120 illik yubileyi keçiriləcək - Qızı Azərbaycana gəlir

Məşhur türkoloq-alim, türkologiyanın müxtəlif sahələri üzrə 360-dan çox elmi əsərin müəllifi professor Əhməd Cəfəroğlunun 120 illik yubileyi keçiriləcək. Bu barədə məlumat verən "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan "Türk ocağı"nın sədri Akif Aşırlı bildirib:

"İstanbul universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Türk İş Adamları Birliyi (ATİB), İstanbul və Azərbaycanın "Türk ocağı"nın birgə təşkilatçılığı ilə Bakı və Gəncədə 3 günlük  elmi-praktik konfrans keçiriləcək. Dekabrın 9-da Bakıda konfransın açılış törəni olacaq, Türkiyənin və Azərbaycanın müxtəlif universitetlərinin , elm mərkəzlərinin 20-dən çox aliminin qatılacağı elmi tədbir dekabrın 10 və 11-də Gəncə Dövlət Universitetində davam etdiriləcək". 

1899-cu ildə Gəncədə doğulan, 18 yaşında Qafqaz İslam Ordusu tərkibində topçu zabiti kimi döyüşən və 1920-ci ilin aprel işğalından sonra Azərbaycanı tərk edən Ə.Cəfəroğlunu dünya türkologiya məktəbinin ən titullu bilim insanı hesab olunur. 
Almaniyada filologiya doktoru adı alıb. 1929-cu ildə  İstanbula dönən bu böyük alim dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilib, Türkiyədə ilk dəfə iki cilddə "Türk dil tarixi" əsərini yazıb. 

Ə.Cəfəroğlu M.K.Atatürkün dil islahatlarında fəal iştirak edib, Türk Dil Qurumunun əsas yaradıcıları sırasına qatılıb. A.Aşırlı deyib ki, Ə.Cəfəroğlu həm də ömrünün sonunadək Azərbaycanın istiqlal savaşını aparan böyük mücahiddir:

"Ə.Cəfəroğlu M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olub, Azərbaycan mühacirət mətbuatının formalaşmasında yaxından iştirak edib. Müxtəlif vaxtlarda "Azərbaycan Yurd bilgisi",  "Türk amacı" dərgilərini buraxıb, mühacirət dərgilərində onlarla məqalə yazıb". 

A.Aşırlı qeyd edib ki, Ə.Cəfəroğlunun yadigarı Nazan Cəfəroğlu Ölçər elmi-praktik konfrans çərçivəsində ata-baba yurdu Azərbaycana gələcək. Dünyada məşhur muzeyşünas kimi tanınan Nazan xanım ata yurdu Gəncədə elmi məruzə ilə çıxış edəcək və xatirələrini bölüşəcək.