Şəhidə ağlamazlar, ana!

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi




Bayraqları bayraq edən üstündəki qandır 
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!

Əlbəttə, bu misralar yalnız gəlişi gözəl sözlərdən ibarət deyil. Yəni fikirlərin mayasında, məhvərində  çox dərin məna, böyük hikmət dayanır. Eyni zamanda heç kimə sirr deyil ki, Azərbaycanın ay-ulduzlu, üç rəngli şanlı bayrağının daim yüksəklərdə dalğalanması və torpaqlarımızın müdafiəsi uğrunda çoxsaylı qəhrəman oğullarımız böyük şücaətlər göstərərək canlarından keçiblər. Bu gün də keçirlər. Belə mərd, mübariz, adını Azərbaycanın savaş tarixinə qızıl hərflərlə yazdıran və məmləkətimizə qəhrəmanlıq salnaməsi qoyub gedən oğullarımızdan biri də şəhid pilotumuz, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəmanımız Murad Mirzəyevdir. Qəhrəmanımız 2016-cı ilin aprel (2-5 aprel tarixində) savaşında düşmən təxribatının qarşısını alarkən böyük döyüş əzmi və rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalıb. Zabit yoldaşlarının söylədiyinə görə, "Mövzu vətəndirsə, gerisi təfərrüatdır" deyib döyüşə atılan pilotumuzun rəhbərlik etdiyi kəşfiyyat qrupları düşmən təxribatlarının qarşısını almaq üçün Talış yüksəkliklərindəki erməni postlarını və yüzlərlə düşmən əsgərini məhv edir.

Hətta bəzi etibarlı mənbələrin məlumatına görə, şəhidimizin başçılıq etdiyi kəşfiyyat taborunun Şuşaya çatmağına çox az qalıbmış. Amma Şuşanı azad görmək qəhrəmanımıza nəsib olmadı....  

Sümüyünə qədər hərbiçi


Bütün dost-tanışları və yaxınları tərəfindən "Sümüyünə qədər hərbiçi" adlandırılan şəhidimiz savaşlarda nümayiş etdirdiyi böyük igidlik və döyüş nümunəsi ilə düşmənin qorxulu kabusuna çevrilib. Və bu gün Azərbaycan gəncliyi Murad Mirzəyevin həmin savaş nümunəsindən və ənənəsindən faydalanmağa çalışır. Hətta əksər hərbçi və sivil vətəndaşlarımız qəhrəmanımızın qorxmazlığı və döyüş hünəri barəsində ağızdolusu danışaraq özlərini ona oxşatmağa çalışırlar. Təbii ki, bütün bunlar onsuz da ölməz olan şəhidimizi unudulmaz edəcək. Şəhidimiz daim qəlblərdə və yaddaşlarda yaşayacaq. Murad Mirzəyevin döyüş əzmi onu bütün qəhrəmanlıq nümunələrinin fövqündə saxlayacaq. Şəhidimizin 13-14 yaşlarından hərb yolunu seçməsi və bu yolda qətiyyətlə irəliləyib ciddi uğurlar əldə etməsi onun vətənpərvər ruhda böyüməsindən irəli gəlib. Vətənpərvərlik ruhu, vətənə olan sevgi, milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ailədən başlayır. Bütün bu məsələləri nəzərə alaraq qəhrəmanımızın ailəsinə baş çəkdik. Və bu zaman şahidi olduq ki, şəhidimizin əksər qohum-əqrəbası, xidmət və sinif yoldaşları, müəllimləri onun ailəsini ziyarət etməyə gəliblər. Qəhrəmanımızın yaxınları, doğmaları ilə onun keçdiyi həyat və döyüş yolu barədə danışdıq. 

Öz işindən danışmayan qəhrəman 


Öncə, söhbətə qəhrəmanımızın atası Telman Mirzəyevlə başladıq. Şəhidimizin ailəsinin dolanışığından söz açan T.Mirzəyev qeyd etdi ki, dövlət qəhrəmanımızın ailəsinə dəstəyini əsirgəmir: "Onun ailəsinə dövlət də, biz də dəstək göstəririk. Dövlətin dəstəyi tam yüksək səviyyədədir. Sağ olsun Prezidentimiz, şəhid ailələrinə böyük qayğı göstərir".
Qəhrəmanımızın atası söyləyib ki, Murad döyüşə yollanması barədə ailəsinə heç bir məlumat verməyib: "Biz bilmirdik. Murad bizə öz işi haqda heç nə danışmırdı.  Arada soruşanda hər şey yaxşıdı deyib, başqa mövzuya keçərdi. Heç bir məlumat vermirdi. Muradın şəhid olmasını televiziyada eşitdik. Onda bildik ki, erməni təxribatının qarşısı alınarkən Murad şəhid olub».

Böyük vətənpərvər


T.Mirzəyev bildirib ki, Muradın müəllimləri, qohum-əqrəba onları tək buraxmır: "Gəlib-gedirlər. Bizi evdə tək qoymurlar. Hərə bir xatirə danışır. Murad kitaba çox meyilli idi. Boş vaxtı qalanda da idmanla məşğul olurdu. Böyüyüb, Qarabağ məsələsini dərk edəndən sonra deyirdi ki, torpaqlarımızı geri qaytarmalıyıq. Ərazilərimiz düşməndən təmizlənməlidir. Böyük vətənpərvər idi. Vətənə, ailəsinə, ata-anasına və balalarına çox bağlı idi”.  

Döyüş zamanı Murad və hərbiçi dostlarının çox böyük şücaətlər göstərdiyini deyən T.Mirzəyev vurğulayıb ki, Murad tək deyil və ölkəmizdə belə mərd, cəsur oğlanlar çoxdur:
“Əlbəttə, belə oğlanlarımız, balalarımız ölkədə gənclər üçün bir etalon, qəhrəmanlıq mücəssiməsi rolunu oynayırlar. Yeniyetmələr, gənclər onların göstərdiyi igidlik və rəşadətlərdən ruhlanırlar. Bu da onlarda vətənpərvərlik hisslərinin güclənməsinə gətirib çıxarır.   

Muradın övladları çox vətənpərvərdir


M.Mirzəyevin iki övladı olduğunu söyləyən T.Mirzəyev qeyd edib ki, hazırda şəhidin oğlu 5-ci, qızı isə 4-cü sinifdə oxuyur: "Sağ olsun müdafiə naziri, general-polkovnik Zakir Həsənov. Qızıl ulduzu Muradın oğlu Nurlanın sinəsinə taxdı. Murad övladlarını da çox vətənpərvər böyüdüb. Övladları da özü kimi çox vətənpərvərdir. Oğluna hərbi geyimlər alırdı. İnşallah, gələcəkdə oğlu da atası kimi zabit olmaq istəsə, ona heç kim mane olmayacaq. Əksinə, ona imkan yaradacağıq ki, atasının yolunu davam etdirsin. Vətənpərvər bir övlad olsun. Əminəm ki, o da atası kimi cəsur olacaq. Hərbçi də olsa, mərd olacaq, hərbiçi olmasa da. Ona görə ki, qəhrəmanın oğlu qəhrəman olar”.

Poliqlot qəhrəmanın uğurları


T.Mirzəyev qəhrəman oğlunun həyat yolu və hərbidəki uğurlarından da söz açıb: "Murad 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1-ci sinfə qədər həmin kəndin orta məktəbində oxuyub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə qəbul olunub. 1994-cü ildə təhsilini fərqlənmə ilə bitirərək Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olub. 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə başa vurub. Türkiyənin sabiq Prezidenti mərhum Süleyman Dəmirəl ona Diplom və xatirə "Qılınc və məzun üzüyü” təqdim edib. Təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbələr arasında birincilik qazanaraq "Onur başqanı” təyin olunub. 1998-ci ilin sentyabrından Eyirdir Dağ Komanda məktəbində 3 aylıq kurs keçib. 1999-cu ilin yanvar-iyun aylarında isə İstanbulda yerləşən Tuzla Piyada məktəbinin kurslarını müvəffəqiyyətlə başa vurub. Daha sonra Türkiyə Silahlı Qüvvələrinin IV Motoatıcı briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayıb. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi (MN) onu ölkəmizdə xidmət göstərməyə dəvət edib. Gəncədə yerləşən N saylı hərbi hissəyə baş leytenant təyin olunan Murad bir müddət sonra arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 1999-cu ilin oktyabrında MN-in müvafiq əmrinə əsasən motoatıcı tağım komandiri, dekabr ayından isə kəşfiyyat bölüyündə tağım komandiri vəzifəsinə təyin olunub. Xüsusi Təyinatlı Qüvvələrdə xidməti dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlib. 2005-2007-ci illərdə ABŞ-ın Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş "Ranger” kursunu tamamlayıb. Növbəti illərdə Türkiyə, Rumıniya respublikalarında və İordaniya krallığında kurslarda iştirak edib və kursları üstün dərəcələrlə başa çatdırıb. Murad türk, ingilis, rus və erməni dillərini mükəmməl bilirdi”.


Hərb yolunu özü seçdi


T.Mirzəyev diqqətə çatdırıb ki, qəhrəmanımız xidmət etdiyi dövrdə müxtəlif təltif və mükafatlara layiq görülüb: "İki dəfə "qüsursuz xidmətə”, iki dəfə "hərbi xidmətdə fərqlənməyə görə” medallarına və 3 dəfə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı” ilə təltif olunub”.
Hərbi sahəni qəhrəmanın özünün seçdiyini deyən T.Mirzəyev bəyan edib ki, Murad bütün ruhu və varlığı ilə hərbiçi idi: "Açığı, bu sahəni seçəndə mən etiraz etdim. Çünki 13 yaşı vardı. Düşünürdüm ki, uşaqdı. Lakin o, təkid etdi. Muradın israrlı olduğunu görüb razılaşdım. Oğlum ərazilərimizin bütövlüyü uğrunda, vətəni, anası uğrunda şəhid oldu. Vətən sağ olsun. Aprel ayında erməni təxribatının qarşısını alan zabitlərimizin hamısı Murad kimi igid, qəhrəman övladlarımızdır. İnanırıq ki, yaxın zamanlarda torpaqlarımız düşmən tapdağından azad olunacaq. Əminəm ki, bütün şəhidlərimizin intiqamını alacağıq. Muradla qürur duyuram". 

Bu cür oğulla niyə fəxr etməyim ki?


Şəhidimizin anası Mirzəyeva Güllübəyim Məmmədağa qızının masaya yaxınlaşdığını görüb, dərhal ona da sual ünvanladıq. Muradın işinə çox bağlı adam olduğunu deyən şəhid anası onunla fəxr etdiyini söylədi: «O, bizim başımızı uca elədi. Muradın nəşi 7 gün orda qaldı. Beynəlxalq Qırmızı Xaçın köməkliyi ilə bir həftədən sonra evimizə gətirildi. Bir həftə ərzində bütün kənd, el-oba, qohum-qonşu hamı bizə axın etdi. Dəstək oldular. Dostları deyirlər ki, Şəhidə, qəhrəmana ağlamazlar, ana! Bu mənə ən böyük təsəlli oldu. Əlbəttə, oğlumla fəxr edirəm. Vətən sağ olsun!. Prezidentimiz də sağ olsun. Oğlum ən yüksək ada layiq görüldü və medal aldı. Bu cür oğulla niyə fəxr etməyim ki? Sağ olsun dövlətimiz, oğlumun xidmətini qiymətləndirdi. Dövlət Muradın layiqli hədiyyəsini verdi». 

Qəhrəman xanımı olmaq çox şərəflidir 

 
Ardınca, qəhrəmanımızın ömür-gün yoldaşı Fizzə Mirzəyeva ilə Muradla ilk tanışlıqlarından danışdıq: "Muradın bir hərbçi dostu vardı. Ad gününə Muradı da dəvət etmişdi. Muradın dostunun həyat yoldaşı da mənim rəfiqəm idi. O da məni dəvət etmişdi. İlk dəfə biri-birimizi orda gördük. Allahın qismətidir. Sonra da  münasibət yarandı və ailə qurduq. Çox xoşbəxt ailəmiz vardı. Murad çox gözəl insan idi. Ailəsinə, balalarına, ata-anasına çox bağlı idi. Allah rəhmət eləsin. Onun üçün bu sözləri demək mənə ən ağır işgəncədir. Onun qanı, canı hərb işi ilə yoğrulmuşdu. Təbii ki, qəhrəman xanımı olmaq qürurvericidir". 

Şəhidlər vurulanda yox, unudulanda ölürlər


Qəhrəmanın xanımı vurğuladı ki, yenə də Muradlı günlərdə yaşayırlar: “İtirdiyimiz həmin andayıq. Bizim üçün 3 il 3 günə bərabərdir. Muradın ruhuna tapınıb ondan qüvvət alırıq. O, cismən yanımızda olmasa da, hər zaman xatirimizdə yaşayır və bizə güc verir. Murad bizim muradımızdır”.

F.Mirzəyeva Murad Mirzəyevin adına layiq övladlar böyütməyə çalışdığını bildirdi: "Murad elə bir insan idi ki, həm ailədə, həm də işdə yeri çox bilinir. Murad peşəsini sevdiyi qədər ailəsini də sevirdi. Heç bir şeyi diqqətdən kənarda qoymazdı: “12 il idi ki, ailə qurmuşduq. O, hərb sənətini mənə də, azyaşlı övladlarına da sevdirə bilmişdi. Hər dəfə əməliyyata, təlimlərə gedəndə mənim üçün nə qədər kədərli olsa da onu böyük həvəslə yola salıb sonsuz ümidlə  gözləyirdik. Muradın hər dönüşü bizim üçün bayram olardı və artıq buna öyrəşmişdik.  Şəhidlər vurulanda deyil, unudulanda ölürlər".

Qəhrəmanın həyat yoldaşı onu da əlavə etdi ki, Muradın oğul övladı Nurlan atasının yolunu davam etdirmək istəyir: “Nurlan gözünü açandan atasını formada görüb. Uşaq vaxtından hərbçi olmağın nə demək olduğunu anlayır. Hətta Muradın işinə də gedib, həm də dəfələrlə. İndi də heç bir təzyiq olmadan komandir olmaq arzusu ilə yaşayır. Hərb işi çətin peşədir, əgər Nurlan bunu dərk edib hərbçi olmaq istəsə, mütləq ona dəstək olacam”.

İntizamlı, intellektual şagird olub


Şəhidimizin ailəsinə baş çəkməyə gələn şəhidimizin təhsil aldığı Muğangəncəli tam orta məktəbin direktoru Afiq Quliyev qəhrəmanımızın məktəb həyatından söz açıb: "Murad çox sakit, təvazökar və nizam-intizamlı bir uşaq idi. Verilən tapşırıqları əsgər kimi intizamla yerinə yetirməyə çalışırdı. Yoldaşları ilə çox mehriban idi. Uşaq vaxtı qarmonda ifa etməyi çox xoşlayırdı. Çox vətənpərvər idi. Ona görə də, hərbi yolunu seçdi. Hətta yoldaşlarını da hərbi məktəbə ruhlandırırdı. Muraddan sonra bir neçə məktəblidə hərbi məktəbə meyl yarandı. Murad  repetitor yanına getmədən hazırlaşıb, hərbi məktəbə qəbul olundu".
Direktor bəyan edib ki, şəhidimizin idmana xüsusi meyli olub: "Hərbi idman oyunlarında aktiv iştirak edirdi. Dərs əlaçısı idi. Çox tərbiyəli uşaq idi. Telman kişi  bizdən Murad haqda dəfələrlə soruşub. Özü də bunu təsdiqləyər (Bu əsnada T.Mirzəyev başı ilə direktorun fikirlərini təsdiqləyir). Biz həmişə Muradın çox yüksək insani keyfiyyətə və intellektual biliyə malik olduğunu söyləmişik".

Gənclər də Murada oxşamaq istəyirlər


A.Quliyev vurğulayıb ki, Muradın qəhrəmanlığı Sabirabadda və rayonun bütün kəndlərində böyük əhval-ruhiyyə yaradıb: "Yuxarı sinif şagirdlərinin hamısı özünü ona oxşatmaq istəyir. Ona oxşamağa çalışırlar. Rayon və kəndlərdə çox adam avtomobilinin arxa və qabaq şüşələrinə Muradın şəkillərini vurub. Murad nəinki yalnız sabirabadlılar, bütöv Azərbaycan xalqı üçün qürur mənbəyidir. Fəxrimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi məktəbimizdə Qafqaz və dünya çempionu olan şagirdlərimiz var. Onlar da Murada oxşamaq istəyirlər. Bunu dəfələrlə açıq şəkildə dilə gətiriblər". 


Qəhrəmanımızın adı əbədiləşdiriləcək


Direktor bildirib ki, qəhrəmanımızın adının əbədiləşdirilməsi üçün müəyyən layihələr həyata keçirmək istəyirlər: "Məktəbimizdə Muradın guşəsini yaratdıq. Onun diskləri və bukletləri çıxdı. Düzdü, məktəbimiz 1990-cı il müharibəsində şəhid olmuş Vüqar Həsənovun adını daşıyır. Amma rayonun mərkəzi küçələrindən birinə və ya liseyə Muradın adının verilməsi məsələsi gündəmdədir. Bu, rayon rəhbərliyinin səlahiyyətində olan işdir. Bununla bağlı rayon rəhbərliyi qarşısında məsələ qaldırılıb. Rayon camaatı belə təşəbbüs qaldırıb ki, əsas küçələrdən birinə Muradın adı verilsin. İnşallah, yəqin ki, yaxın zamanlarda məsələ həllini tapar. Bir daha söyləyirəm ki, biz Muradla fəxr edirik. Bizə başucalığı gətirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".  

"Öldü var, döndü yoxdur” deyən speznaz...


Qəhrəmanımızın nəşini gətirən və adının çəkilməsini istəməyən hərbiçi dostu qeyd edib ki, Murad xidməti dövründə başqa adla tanınırdı: "Şəhid olduqdan sonra onu öz rəsmi adı ilə təqdim etdilər. Ancaq xidməti müddətində o, tamamən başqa ad daşıyır. Bu da Xüsusi Xidmət Orqanlarının yazılmış və ya yazılmamış qanunudur". 
Bundan başqa, həmsöhbətimiz söyləyib ki, Murad çox böyük igidliklər göstərib: "Onun nəşini mən gətirdim. Bədənində snaryad qəlpələri vardı. Murad əsl "speznaz” idi. Tankın qabağından çəkilməmişdi. Heç nədən qorxusu yox idi. Onun amalı düşmənə ağır zərbələr endirib, onları məhv etmək idi. İşinin peşəkarı idi. Həm fiziki, həm də intellektual qabiliyyətə malik idi. Xüsusi təyinatlıların bir devizi var: "Öldü var, döndü yoxdur”. Murad da əsl xüsusi təyinatlı idi. Vətən sağ olsun. Bu zirvəyə yüksəlmək hər kəsə qismət olmur. Allah rəhmət eləsin. Murad getməyib. O yenə də bizim aramızdadır”.
Həmsöhbətimiz onu da dilə gətirib ki, M.Mirzəyev və dostları 300-dən artıq erməni əsgərini məhv edib: "Düzdü, düşmən bunu gizlədir. Amma gözümlə görmüşəm, erməni əsgərləri yerlə-yeksan edilmişdi”.
 
Ayyət Əhməd

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.