SOS: Xərçəng qrip kimi yayılmaqdadır - SƏBƏBLƏR

İnsanların ildə bir dəfə tibbi müayinədən keçməsi əsas şərtlərdən biridir



Son illər xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı durmadan artıq. Təəssüf ki, bunu statistik göstəricilərə baxanda da görmək mümkündür. Nəinki ölkəmizdə, eyni zamanda bütün dünyada xərçəng xəstəliyi, sanki, qrip virusu kimi yayılmaqdadır. Xəstəliyin yaranma səbəbləri, müalicəsi haqqında müxtəlif fikirlər səslənsə də, konkret bir səbəb demək bir az çətindir. 

Çünki bir qisim mütəxəssis xəstəliyin yaranma səbəbini düzgün qidalanmamaqda, zərərli vərdişlərdə gördüyü halda, digər qisim xərçəngin genetik olduğunu bildirir.

Xərçəngin yaranma səbəbləri haqqında “Şərq”ə danışan  tibb və fəlsəfə elmləri doktoru,  həkim Şəmsiyyə Namazlı bildirib ki, bədxassəli şişin əmələ gəlməsində bir çox faktorlar rol oynayır. Həkimin sözlərinə görə, insanların ildə bir dəfə tibbi müayinədən keçməsi əsas şərtlərdən biridir. Çünki hansısa xəstəliklər, xüsusilə xərçəng xəstəliyi vaxtında aşkarlanarsa, xəstənin tez bir zamanda sağlamlığına qovuşması mümkündür: 



Həkim bildirir ki, telefon şüası, düzgün qidalanmama, ekoloji natarazlıq və şəkərdən çox istifadə buna səbəb olan əsas amillərdir 


“Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə baxsaq, yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində xərçəngdən əziyyət çəkənlərin sayında artım olduğunu görürük. Bu gün əhalinin böyük qismi tibbi müayinələrdən keçmirlər, səhlənkarlığa yol verirlər. 
İnsanların müayinədən keçməməsinin səbəblərindən biri maddi durumlarının aşağı olması və tibbi savadlarının yetərsizliyidir.
Xərçəng xəstələrinin artmasının bir səbəbi isə insanların çoxlu şüa qəbul etməsidir. Mobil telefonların, planşetlərin çox yaxın məsafədə istifadə edilməsi olduqca təhlükəlidir. Ümumiyyətlə, telefonların ən azı 1.5 metr məsafədə saxlanılması məsləhətdir. Amma gecə yatarkən belə telefonu yanında saxlayan insanlar var”.

Ş.Namazlı bədxassəli şişlərin əmələ gəlməsində insanların düzgün qidalanmamasının da rolu olduğunu bildirdi:

"Siqaretdən istifadə edilməsi, spirtli içkilərin qəbulu, əlbəttə ki, yuxarı tənəffüs yollarında şişlərin yaranmasına səbəb olur. Bu gün ekoloji tarazlığın pozulduğu da danılmazdır.
Ekoloji mühitin radioaktiv şüalarla zəhərlənməsi, bizdən asılı olmayan səbəblərdən, məsələn, maşınlardan və zavodlardan zəhərli maddələrin havaya buraxılması təhlükəlidir.
Şəkərdən çox istifadə olunması da böyük risk faktorundan biridi. Karbohidratların, şirniyyatların, həmçinin un məmulatlarının normadan artıq qəbulu xəstəliyin yaranma riskini artırır.
Xəstəliyin yaranmasında genetika da rol oynayır. Məsələn, elə ailələr var ki, kimdəsə bağırsaq şişi olur. Həkimlər tövsiyə edir ki, belə olduğu halda bütün ailə üzvləri hər 3 ildən bir müayinə olunsun. Məsələn, ananın yumurtalığında və ya süd vəzində şiş olubsa, tövsiyə olunur ki, onun qız övladı da tibbi yoxlamalardan keçsin.
Xərçəng xəstəliyi gecə oğruları kimi sakit formada insan həyatına daxil olur. Məsələn, səhər oyananda görürsən ki, qar yağıb və hər yan ağ rəngə bürünüb. Həmçinin bu xəstəlik də sakit tərzdə orqanizmə yayılır. Bu baxımdan mütəmadi müayinələrin olması çox vacibdir”.