Vüqar Bayramov: "Yerli istehsal məhsullarının qiyməti və ümumi xərc azalacaq"

“Son dövrlər yerli istehsal məhsullarına tətbiq edilən vergilər azaldılır. Digər tərəfdən həmin məhsulların ölkəyə idxalı zamanı tətbiq edilən vergi və rüsumların artırılması həyata keçirilir”. 

Bunu Sherg.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Ekspertin sözlərinə görə, burada məqsəd daha çox yerli istehsalın rəqabət qabiliyyətini gücləndirməkdir: 

“Nəticə etbarilə hansı məhsullarla yerli təlabatı ödəmək mümkündürsə, o məhsulların istehsalı və satışı prosesində vergi və rüsumların azaldılması müşahidə edilir. Ölkədə ərzaq məhsulları üzrə daxili tələbatın ödənilməsində problemlər var. Ona görə də həmin məhsulların idxalında vergi güzəştləri qorunub saxlanılır.

O baxımdan vergi məcəlləsinin dəyişdirilməsi və qəbul edilən qərarlar yerli istehsalın və daxili bazarın qorunması baxımından çox vacibdir. Bu vəziyyət yerli istehsal məhsullarının rəqabət qabiliyyətin artmasına və vətəndaşların praktik olaraq daha çox yerli məhsullara önəm verməsinə gətirib çıxaracaq. Nəticədə yerli istehsal məhsullarının qiyməti və ümumi xərc azalacaq. Onu da qeyd edim ki, yerli istehsal məhsulları, o cümlədən heyvan ətinin satışı və istehsalı növbəti 4 il ərzində əlavə dəyər vergisindən azad ediləcək. Bununla bağlı qərar 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək”.