Müsabiqə keçiriləcək: Bu marşrutlardan istifadə edənlərin üzünə gün “doğacaq”?

Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.  Məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.

Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. 



Elməddin Muradlı: “Həmişə “Baku Bus”ın qalib gəlməsi müəyyən şübhələr doğurur”


Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sherg.az-a açıqlamasında bildirib ki, adətən maşrutların müsabiqəyə çıxarılması əvvəlki sahibkarın yarıtmaz fəaliyyətinin nəticəsidir:

“Çünki BNA dəfələrlə xəbərdarlıq edir və şirkət mövcud problemləri həll edə bilmirsə, bu zaman agentlik maşrutu başqa daşıyıcı şirkətlərə təklif edir. Müsabiqə keçirməklə tələblərə cavab verən başqa şirkətlər var ki, onların imkanları çatırsa həmin ərazi üzrə xidmətlərini təklif edirlər. BNA uyğun bilirsə, daşımanı həmin şirkətlərə həvalə edir. Adətən “Baku Bus” MMC bu müsabiqələrdə qalib gəlir. Çünki ən çox tələblərə cavab verən şirkətlərdən biri odur. Lakin digər daşıyıcı şirkətlər də var. Məsələn, “Xaliq Faiqoğlu”, “Çinar Trans” şirkəti öz maddi-texniki bazalarını tez-tez yeniliyirlər, yeni avtobuslar alırlar. Düşünürəm ki, yalnız “Baku Bus” yox digər şirkətlərin də imkanlarını nəzər salmaq lazımdır. Gücləri çatırsa, heç olmasa bir dəfə də onlar qalib gəlsin. Həmişə “Baku Bus”ın qalib gəlməsi müəyyən şübhələr doğurur”.