Mun Ce-in Çindən Koreya sülh prosesinə dəstək verməsini xahiş edib

Koreya Respublikasının Prezidenti Mun Ce-in Koreya yarımadasında sülhün təmin olunması prosesində Çinin rolunu vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Seulda Çinin Xarici İşlər naziri Van İ ilə görüşən Mun Ce-in Koreya sülh prosesinin çox vacib mərhələyə çatdığını və yarımadanın nüvə silahsızlaşdırılmasına yönələn səylərə Çinin dəstəyinin davam etməsini xahiş edib. O, təhlükəsizlik və digər çağırışlarla mübarizədə Seul və Pekinin əməkdaşlığının vacibliyini vurğulayıb.

Çin XİN rəhbəri Van İ ölkəsinin Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsinin danışıqlar yolu ilə həllin üçün impulsun saxlanılmasında konstruktiv rol oynamağa davam edəcəyini deyib. O, Pekinin Seul ilə əməkdaşlığı genişləndirməyi, Çin-Koreya Respublikası strateji tərəfdaşlığını dərinləşdirməyi arzu etdiyini deyib.

Tərəflər RCEP (Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq) prosesinin irəli aparılması, Çin-Koreya Respublikası-Yaponiya azad ticarət sazişi üzrə danışıqların və Çin-Koreya Respublikası azad ticarət sazişi ilə bağlı danışıqların ikinci mərhələsinin sürətləndirilməsinə dair razılığa gəliblər.