Türkiyəli qonaqlar Mətbuat Tarixi Muzeyini ziyarət etdilər - FOTOLAR

Türkiyə Milliyyətçi Həkimlər Dərnəyi idarə heyətinin və Rumeli-Balkan Stratejik Araşdırmalar Mərkəzi idarə heyətinin üzvü Halit Gökalp Küçük və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Şərq” qəzetinin qonağı olublar. Redaksiyamıza təşrif buyuran türkiyəli qonaqları məmnunluqla qarşılayan “Şərq” qəzetinin baş redaktoru, Azərbaycan “Türk ocağı”nın sədri Akif Aşırlı "Ocağın" bərpası və fəaliyyəti haqqında qısa məlumat verib. Baş redaktor Azərbaycan “Türk ocağı”nın məşhur türkoloq-alim, türkologiyanın müxtəlif sahələri üzrə 360-dan çox elmi əsərin müəllifi professor Əhməd Cəfəroğlunun 120 illik yubileyinə hazırlıq gördüyünü deyib:

“İstanbul Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Türk İş Adamları Birliyi, İstanbul və Azərbaycanın "Türk ocağı"nın birgə təşkilatçılığı ilə Bakı və Gəncədə 3 günlük elmi-praktik konfrans keçiriləcək. Dekabrın 9-da Bakıda konfransın açılış törəni olacaq. 20-dən çox alimin qatılacağı elmi tədbir dekabrın 10 və 11-də Gəncə Dövlət Universitetində davam etdiriləcək”. 

Türkiyə Milliyyətçi Həkimlər Dərnəyi idarə heyətinin üzvü Halit Gökalp Küçük Azərbaycan “Türk ocağı”nın tarixi və fəaliyyəti haqqında məlumat sahibi olduğunu deyib:

“Vaxtilə İstanbul "Türk ocağı"nı mütəmadi ziyarət etmişik və "Ocağın" gənclərindən olmuşuq. Azərbaycan bizim üçün önəmlidir. Azərbaycan türk dünyasına açılan körpüdür. Qardaş ölkə olmasa, biz Orta Asiyaya açıla bilmərik. Orta Asiyanın türk respublikaları haqqında bütün məlumatları Azərbaycan mətbuatından öyrənirik. Hesab edirik ki, bu sahədə əlaqələri daha da inkişaf etdirmək lazımdır. O səbəbdən Azərbaycan “Türk ocağı”nın yaradılması bizi çox sevindirir”. 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələr üzrə çox yüksək səviyyədədir:

“İki ölkə arasında elm, mədəniyyət, silahlı qüvvələr, siyasi münasibətlər ən yüksək inkişaf həddindədir. O cümlədən qeyri-hökumət təşkilatları arasında sıx əlaqələr mövcuddur. Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri hər il qurban kəsirlər. Bu il öz qurbanları Qarabağda kəsdilər. Eyni zamanda Azərbaycanda şəhid ailələrinə, qazilərə, qaçqın və məcburi köçlünlərə köməklik edirlər. Gənclərin Türkiyənin ali təhsil ocaqlarında oxumasına dəstək olurlar. Biz də bundan çox məmnunuq. Dövlət başçısı İlham Əliyevin dediyi kimi Azərbaycan və Türkiyənin bir diasporası var. Dünyanın bir çox yerində diasporalarımız birlikdə fəaliyyət göstərir”. 

Daha sonra qonaqlar “Şərq” qəzetinin nəzdində yaradılmış “Mətbuat Muzeyi” ilə tanış olublar. Muzeyin ərsəyə gəlməsi haqda məlumat verən baş redaktor Akif Aşırlı Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən dəyərli eksponatlar haqqında danışıb. Xüsusən, muzeyin nəzdindəki “Nuru Paşa Odası” haqqında qonaqlara ətraflı məlumat verərək, Qafqaz İslam Ordusunun Bakının xilas edilməsindəki əvəzsiz xidmətlərindən söz açıb. 

Muzeylə tanışlıqdan və görülən işlərdən məmnunluq ifadə edən Halit Gökalp Küçük dəyərli işlərə görə “Şərq” qəzetinin baş redaktoruna öz təşəkkürünü bildirib:



“Gəlişimizin məqsədi həm burada yaradılmış Mətbuat Muzeyi, həm də yeni bərpa edilmiş Azərbaycan “Türk ocağı”nın fəaliyyəti ilə tanış olmaq idi. Gördüklərimizdən və eşitdiklərimizdən çox məmnun olduq. Öncə onu deyim ki, redaksiyanın hər otağını muzeyə çevirmək möhtəşəm ideyadır. Burada çox dəyərli, nadir eksponatlar sərgilənir, zəngin tarix yatır. Ayrıca “Nuru Paşa Odası”nın olması, Qafqaz İslam Ordusunun fəaliyyətinin əks edilməsi bizi sevindirir. Bu təşəbbüs türk dünyasının birliyinə və Azərbaycan-Türkiyə tarixinə çox önəmli töhfədir. Burada çox böyük əmək var. Ümid edirik, bu fəaliyyətin miqyası daha da genişlənəcək. Əmin ola bilərsiz ki, gördüyünüz işlər Türkiyədə bilinəcək. Biz də sizə əlimizdən gələn dəstəyi verməyə hazırıq”. 

Sonra Türkiyə Milliyyətçi Həkimlər Dərnəyi və Rumeli-Balkan Stratejik Araşdırmalar Mərkəzi adından Akif Aşırlıya xatirə plaketi hədiyyə edilib. Baş redaktorumuz da öznövbsində müəllifi olduğu “Türk ocağı Azərbaycanda (1918-1920)” kitabını qonaqlara hədiyyə edib.