“Demokratların “impiçment şousu” – Trampın üzərinə getmələri təsadüfi deyil

ABŞ Prezidenti Donald Trampın impiçment prosedurunun həyata keçirilməsi üçün əhəmiyyətli səbəblər mövcuddur. Bu barədə ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin rəhbəri Cerri Nadler danışıb. Nadler bildirib ki, öz maraqlarını ABŞ-ın maraqları və təhlükəsizliyindən üstün tutduğuna görə prezident kürsüsünü Trampdan almaq olar.

O, impiçmentə işarə vuraraq, ABŞ konstitusiyasında lider üçün müvafiq cəzalar olduğunu bildirib. Donald Trampın impiçment məsələsi illərdir gündəmdədir. Görünən odur ki, Konqresdəki müəyyən qruplaşma və Vaşinqtondakı dairələr prezidenti devirməkdə maraqlı və israrlıdırlar. Lakin bəzi ekspertlər Trampın impiçmentinin reallaşacağına inanmır. Əksinə, impiçment oyununun Amerika rəhbərinin nüfuzunu artırdığını düşünürlər.  



ABŞ prezidentinin impiçment məsələsini “Şərq”ə dəyərləndirən BAXCP-nin sədr müşaviri, politoloq Azər Qasımov deyib ki, Tramp hakimiyyətə gəldiyi ilk gündən ona qarşı impiçment məsələsi gündəmdədir. Analitikin sözlərinə görə, Ağ Ev rəhbəri Rusiyanın seçkilərə müdaxiləsindən tutmuş, Ukrayna Prezidenti Zelenski ilə telefon danışığına qədər bir çox məsələdə ittiham olunur:

“Trampın impiçment məsələsi 2019-cu ilin ortalarında Amerika xüsusi xidmət orqanlarının əməkdaşının “Tramp vəzifəsindən öz maraqları üçün istifadə edir” sözündən sonra daha da ciddiləşdi. Demokratlar hesab edir ki, Tramp şəxsi siyasi maraqları üçün Ukraynaya təzyiq göstərir. Konqresdə impiçment görüşmələrində səfir Sondland deyib ki, prezident ona şəxsi vəkili Rudi Culiani ilə işləməyi təklif edib. O da Sondland və başqa siyasətçilərlə Ukrayna hökumətinə təsir etməyə çalışıb. Demokratlar Trampı günahlandırır ki, o, əsas siyasi rəqibi olan Con Baydenin oğlunun idarə heyətinin üzvü olduğu “Burisma” kompaniyasının fəaliyyətini yoxlamağı istəyib. 2016-cı il prezident seçkilərində Ukrayna da bu prosesə qarışıb. Əks təqdirdə Ukraynaya hərbi yardımı dayandıracağı ilə hədələyib, bir müddət də bunu edib. Həm də Zelenskiyə Ağ Evdə qəbul vədi verib ki, bunu da “xidmətə görə xidmət” adlandırıb. Sondland bunu təsdiq edib və deyib ki, Culianinin xahişi “xidmətə görə xidmət” olub”.

Partiya təmsilçisi bildirib ki, Respublikaçılar Trampı dəstəkləyir və impiçment prosesini şou, “əcinnə ovu” adlandırırlar:

“Çoxları qeyd edir ki, 2016-cı ildə Kiyev hökuməti Tramp əleyhinə kampaniya aparırdı. Lakin Ukrayna vəd edilən yardımı qısa müddət sonra aldığı üçün məlum olur ki, heç bir “xidmət qarşılığında xidmət” olmayıb. Bir müddət sonra Respublikaçılar sübut ediblər ki, səfir Sondland Trampın ondan heç bir bəyanat verməsini xahiş etmədiyini söyləyib. Beləliklə nə Respublikaçıların, nə də Demokratların öz iddialarından əl çəkmək fikirləri var. Seçkilərə isə az qalıb. Hesab edirəm ki, bunlar seçkiqabağı siyasi oyunlardır və reklam xarakteri daşıyır. Məqsəd Trampı zəiflətmək və növbəti seçkidə uğur qazanmasına mane olmaqdır. Məncə, Tramp yenidən prezident seçiləcək, çünki demokratların onun üzərinə bu qədər getməsi təsadüfi deyil. Trampı zəiflətmək üçün seçki kampaniyasını illər əvvəl başladıblar”.