“Kimsəsizlərin son ümidgahı” - Qocalar EVİ

“Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması”




Yaxınlarından, övladlarından və həyatdan küsənlərin, taleyin sovurub küçəyə atdığı insanların sığınacaq yerinə - Bilgəh Qocalar Evinə üz tutdum. Burada əsasən qocalar yaşayır, o səbəbdən də “Qocalar Evi” kimi tanınır. Hər birini buraya gətirən səbəblər fərqlidir. Bəziləri kövrək, bəziləri qürurlu, bəziləri isə hələ də övladlarının tərəfini verməyən insanlardır. Kimi ürəyindən keçəni danışır, kimi isə müqəddəs yalan... Bəziləri inandırıcı görünmədiyini bilsə də, evdəki səs-küydən qaçıb burada sakitlik tapmağa çalışdığını deyir. Dindirib danışdıran kimi, hamısının gözü dolur, dodaqları əsir. Qocalar evində yaşadıqları vəziyyətdən razı qalsalar da, yaxınlarının, doğmalarının və talelərinin onlara dönük çıxmasını qəbul edə bilmirlər...  

Hər dəfə televiziyada Qocalar Evi ilə bağlı verilişləri izləyəndə məni bir sual didib-parçalayırdı -”görəsən, övlad olan kəs valideynini necə atar, ona qarşı necə laqeyd ola bilər?”. Amma ağlıma yetərli bir cavab gəlmirdi. 

Ümumiyyətlə, bu sualın yetərli bir cavabı varmı ki?.. Özümüzü tanıyandan bəri böyüklərimizə sevgini, diqqət və qayğını öyrənmişik. Hər nə səbəbdən olursa-olsun, valideynini atanlar, onu övlad sevgisi və diqqətindən məhrum edənlər cəmiyyətimizdə daim ifşa olunub, heç bir halda hörmət qazanmayıb.

Buna baxmayaraq yenə də tənha, ümidsiz və gözü dolu yaşlılara rast gəlirik. Bu insanların hər biri dərdlidir. Qocalar Evi ilə bağlı yazı hazırlamağı, onların yaşayışını gözlərimlə görməyi çoxdan istəyirdim. Məkanın qapısında bir müddət gözləsəm də, buna dəydi. Pansionatın rəhbəri Qətibə Əsədova xüsusi bir mehribanlıqla məni qarşıladı. 

Qətibə xanım əvvəlcə məkan haqqında məlumat verdi. O bildirdi ki, pansionat, ötən əsrin 60-cı illərində inşa edilib. 2013-cü ilin oktyabrında isə yenidən qurulub. Burada olan tənha vətəndaşlar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Qocaların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir. Sakinlərə gündə 3 dəfə yemək verilir. Əksəriyyəti yeməkxanaya gəlsə də, yataq xəstələri, səhhəti ilə bağlı ciddi problemləri olanlar da var. Qətibə xanım pansionatda olan ahılların burada daimi və tam dövlət himayəsində olmaqdan könül rahatlığı tapdıqlarını, unudulmaq, tərk edilmək, atılmaq qorxusunu özlərindən birdəfəlik uzaqlaşdırdıqlarını da bildirdi. Onun sözlərinə görə, pansionatın hər mərtəbəsində iki xadimə olur. Burada terapevtlər, göz həkimi, tibb bacıları da işləyir.
Ahılların pansionatda darıxıb-darıxmadıqlarını soruşuram. Lakin aldığım cavabdan belə bir qənaətə gəlmək olar ki, onların darıxması üçün heç bir əsas yoxdur. Onlar biri-birlərinə qonaq gedirlər. Pansionatın həyəti genişdir, hər şərait var, düşüb gəzirlər, təmiz hava alırlar, burda konsertlər də olur. Bir də, kim istəsə pansionatdan müvəqqəti çıxa bilir. Bir-iki günlük ya özü gedir, ya da qohumları gəlir aparır. Getməmişdən əvvəl ərizə yazıb, qol çəkirlər, əlaqə nömrələri qeyd olunur.

“Həyat yoldaşım mənimlə yaşamaqdan imtina etdi”


69 yaşlı Həbib Qənbərov artıq 11 ildir ki, pansionatda qaldığını deyir. O, həyat yoldaşı ilə yola getmədikləri üçün bura yerləşib və heç də peşman olmadığını bildirir: "5 övladım və nəvələrim var. Həyat yoldaşım mənimlə yaşamaqdan imtina etdi. Evim bölünməli deyildi. Pencəyimi götürüb evi tərk elədim. Uzun müddət müxtəlif yerlərdə yaşadım. Sonra nazirliyə müraciət elədim. Araşdırdılar və məni bura gətirdilər.

Şəkər və 2-ci qrup əsəb xəstəsiyəm, əsəblərim imkan vermədi, ona görə də buranı seçdim. Hərdənbir gedib nəvələrimlə görüşürəm”.

"Daha çox kimin üçün darıxırsız” sualını H.Qənbərov belə cavablandırdı: "Taleyim üçün, keçirtdiyim günlərim üçün, çəkdiyim əzablar üçün darıxıram. Dövlətimiz sağ olsun, bizi yaxşı saxlayır. Amma içimiz qəmlə doludur.



Prezidentimizə təşəkkür edirik ki, bizim üçün belə gözəl şərait yaradır. Arxasıyca danışmaq kimi olmasın, əvvəlki müdirimiz yaxşı deyildi. Qocalar ola-ola gətirib buradakı otaqlarda kirayəşin saxlayırdı. Daha sonra Qətibə xanım rəhbər təyin edildi və o, burda bütün işləri sıfırdan başladı. Gələn kimi ilk işi 40 nəfər sənədsiz adamı çıxartmaq oldu. Hazırda burda çox gözəl nizam-intizam var, rahatlıq var. Gündə 3 dəfə isti yemək, geyimimiz, müalicəmiz, hər bir şəraitimiz var. Dövlətimizin qoyduğu bütün imtiyazlar hamısı yerinə yetirilir. Qətibə xanım sağ olsun, çox gözəl insandı. Hər bir qocanı öz dili ilə danışdırır. Qocalar çox kaprizlidir, qızım, uşaqdan da betərdilər. Amma Qətibə xanım hər kəsin qəlbinə yol tapır, mehribanlıq yaradır, əvvəl burada mehribanlıq yox idi.
Bilirsiz, Qətibə xanım necə insandı? O, sanki ulu öndərimiz H.Əliyevin qadın kopyasıdır. Yaratdıqca, qurduqca daha da qürurlanır, daha da sevinir. Biz ona bir şey üçün müraciət edirik və məsələ həmin an həll olunur, sabaha qalmır. Elə bil ki, Allah bu insanı qocalar üçün yaradıb. Hətta onun övladları da bura tez-tez yemək gətirirlər, maddi-mənəvi dayaq olurlar, qızları neçə dəfə mənə dərman alıb gətiriblər”.

“Bura gəldiyimə heç peşman deyiləm”


Uzun illər Elmlər Akademiyasında işlədiyini deyən Sona Rəhimbəyova isə 5 aydır ki, pansionatda yaşayır. 83 yaşlı Sona nənə pansionata öz istəyi ilə gəldiyini söyləsə də, yeganə övladına qarşı içində bir inciklik olduğunu hiss etməmək mümkün deyildi: "Vaxtilə Akademiyada professor və akademik Əlisöhbət Sumbatzadə, Arif Dadaşzadə, Mustafa bəy Topçubaşov, Mirəli Qaşqay ilə birgə işləmişəm. 1 qızım var. Kürəkənimin işi ilə əlaqədar İsrailə köçməli oldular, məni də aparmaq istəyirdilər, amma mən getmədim. Bir məsəl var, deyirlər ki, üstümü unlu görüb dəyirmançı çağırırlar. Amma mənim üstüm nə qədər unlu olsa da, mən Azərbaycanımı, torpağımı qoyub başqa yerə getmərəm. Azərbaycanda doğulmuşam, burda da ölməliyəm.

Buranın şəraiti, insanları çox gözəldi. Hər mərtəbədə həkimlər var, nəsə lazım olan kimi bizi başdan-ayağa yoxlayırlar. Leyla xanım da bura baş çəkir, hətta onunla şəklim də var. Babasının ad günü münasibəti ilə bizi restorana çağırdı və qonaqlıq verdi. Bura gəldiyimə heç peşman deyiləm, məni çox gözəl qarşıladılar və hörmət elədilər. Müdirimiz Qətibə xanım sağ olsun, o həmişə mənim başımın üstündə olub. Bura gələndə xəstə idim, amma indi özümü çox yaxşı hiss edirəm”.

“Oğlumla çoxdandır zəngləşmirik, bilmirəm sağdır, ya yox”.


Pansionat sakinlərindən olan Səbirə Əbdülzəka ilə söhbət də mənə xüsusi zövq verdi. Onunla tanış olduqdan sonra öyrəndim ki, bir çox şeirlərin, hətta kitabların müəllifidir: "4 aydır ki, bura gəlmişəm. Bir vaxtlar "Komsomol”da işləyirdim. Lakin sonra övladlarım oldu deyə işləmədim. Böyük oğlum mədəniyyət işçisi - tar müəllimidir. Kiçik oğlum isə hazırda Qırğızıstandadır. 25 yaşı olanda tələbələri Amerikadan medalla gəldiyinə görə, ona əməkdar məşqçi adı verildi. Sonra isə Azərbaycan Diasporasının sədri Akif Əliverdiyev onu Qırğızıstana apardı. Oğlum ordakı idman kompleksində uşaqlara məşq keçirdi. İndi onunla bağlı heç bir xəbərim yoxdu, çoxdandı zəngləşmirik, bilmirəm sağdır, ya yox. Özüm də xəstəyəm deyə gedə bilmirəm”.
Söhbətə ara verib yazdığı şeirlərdən ibarət dəftərçəni gətirməyə gedir. Dəftərçəni açıb vərəqləyir və şeirlərindən birini oxumağa başlayır:



Ürəyimdə arzum qaldı,
balam qərib yerdə qaldı.
Ürəyimdə niskin qaldı,
tələsmə, ömrüm, tələsmə.


İcazə ver balam gəlsin,
tabutumu çiyninə alsın,
son mənzilə yola salsın,
tələsmə, ömrüm, tələsmə.


Həyat vardır, mənsə yoxam,
parçalanmış sınsız oxam,
bu gün varam, sabah yoxam
tələsmə, ömrüm, tələsmə.

“Övladlarıma yük olmaq istəmirəm”


Pansionatın növbəti sakini Tahirə Şıxəliyeva ilə söhbət zamanı onun uzun müddət riyaziyyat müəlliməsi kimi işlədiyini öyrənirəm. Lakin maraqlı bir məqam diqqətimi çəkir. Tahirə xanımın texniki fəndən dərs deməsinə baxmayaraq, onun sözə-sənətə böyük marağı var, ədəbiyyatımızın görkəmli nümayəndələrinin şeirlərini, əsərlərini demək olar ki, əzbər bilir: "Mən riyaziyyatın yox, şairlərin çörəyini yemişəm. S.Vurğunun 2 misrası ilə 3 otaq almışam.
Artıq 2 ilə yaxındır ki, pansionatdayam. Çox şükür edirəm burda olduğum üçün. Dövlət başçımıza minnətdarıq. Bizim üçün çox gözəl şərait yaradır, diqqət və qayğısını bizdən əksik eləmir. Bura öz istəyimlə gəlmişəm. Övladlarım, nəvələrim var. Onlarla tez-tez görüşürük. Amma onlara yük olmaq istəmirəm. Burda özümü öz evimdəki kimi hiss edirəm”.

Pansionat sakinlər üçün özlərini daim qayğı əhatəsində, mehriban münasibət gördükləri doğma bir ev kimidir. Qocalarla sağollaşıb, pansionatdan ayrılıram. Onlardan biri məni qucaqlayıb "tez-tez gəl, söhbətləşək” deyir, buraxmaq istəmir. "Yenə gələcəyəm” deyib uzaqlaşıram...



"Dövlətin ahıllara və əlillərə qayğısı var”


Qocalar Evinin sakinləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın onlara doğma övlad qədər qayğı göstərdiyini, dərdlərinə əlac olduğunu, ən əziz həmdəmlərinə çevrildiyini deyirlər.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidentinin ağsaqqal, ağbirçək insanlara qayğıkeş münasibəti bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş vüsətlə davam etdirilməsinə şərait yaradıb. Pansionatın rəhbəri Qətibə xanım bildirir ki, həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa məhkum olmuş insanlar dövlətimiz tərəfindən hərtərəfli təminatla əhatə olunublar. Ahıl vətəndaşlara dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin, habelə pensiya təminatının gücləndirilməsi sahəsində ardıcıl addımlar atılır.
Q.Əsədova deyir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən humanist layihələr, nəcib tədbirlər pansionatın sakinlərini də əhatə edir: "Heydər Əliyev Fondunun dəstəyi ilə burada ahılların özlərini qayğı, dəstək mühitində hiss etmələri, tənhalıq xiffəti çəkməmələri üçün mütəmadi olaraq xeyirxah aksiyalar keçirilir. Ahıllara fərəhli hisslər bəxş edən müxtəlif tədbirlər təşkil olunur. Həmçinin onların sağlamlığına diqqət yetirilir, pansionat sakinlərinin vaxtaşırı olaraq pulsuz tibbi müayinələri təşkil edilir, xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması üçün müvafiq işlər aparılır. Leyla xanım Əliyeva tez-tez pansionatımıza gəlir, ahıl, ağbirçək insanlarla görüşür, onların ürək sözlərini dinləyir. Bütün bunlar ahıl insanlar üçün ilk növbədə çox böyük mənəvi dəstəkdir. Belə görüşlərin hər biri ahıl insanlarda sonsuz sevinc, fərəh hissi yaradır. Onlar bir daha dərk edirlər ki, heç də həyatda tənha deyillər, Azərbaycan dövləti daim onların himayədarıdır”.

Yeganə Bayramova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.