Paşinyan qorxur: Baş nazir “Qarabağ kartı”ndan istifadə edib, reytinqini saxlamaq istəyir

“Misli görünməmiş həcmdə silah almışıq”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, Ermənistanın 2018-ci ildən etibarən erməni ordusunun böyük həcmdə silah və sursat aldığını iddia edib: “2018-ci ilin mayından 2020-ci ilə qədər Ermənistanın müdafiə xərcləri 28 faiz artıb”.

Paşinyan bundan sonra da regionda hərbi balansı bərpa etməyə çalışacaqlarını deyib. Kasıb Ermənistanın maliyyə durumu və iqtisadi vəziyyəti hamıya bəllidir. O səbəbdən hərbi büdcəsi xeyli az olan və Rusiyadan uzunmüddətli kreditlərlə köhnə silahlar əldə edən bir ölkənin müasir hərbi texnikalar aldığını iddia etməsi heç də inandırıcı görünmür. 

Paşinyanın iddiasını “Şərq”ə analiz edən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, baş nazir sadəcə populist çıxışlar edir. Ekspertin sözlərinə görə, Paşinyanın əksər açıqlaması daxili auditoriyaya hesablanıb:

“Ermənistanın baş naziri “Qarabağ kartı”ndan sağına-soluna istifadə edir. Hətta Paşinyanın həyat yoldaşı da Qarabağ faktorundan istifadə edərək xal qazanmağa, nüfuz əldə etməyə çalışır. Hesab edirəm ki, bu tipli açıqlamaların əsas məqsədi kütlənin dəstəyini itirməməyə hesablanıb. Digər problemlərin öhdəsindən gələ bilməyən Paşinyan Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuran açıqlamalar verməklə, absurd fikirlər səsləndirməklə öz reytinqini saxlamaq istəyir. Heç kimə sirr deyil ki, işğalçı Ermənistanı Rusiya silahlandırır. Erməni ordusu əsasən rus silah-sursatı ilə təchiz olunub. İşğalçı ermənilərə silah-sursat verən Moskva bunun bölgədə balansı qorumağa hesablandığını deyir. Paşinyan isə öz ağlınca bizə mesaj verir ki, müharibəyə hazırlaşmayaq, çünki erməni ordusunun “çoxlu” silahı var. Erməni rəsmilərinin bu cür hədyanlarına birdəfəlik son qoymaq üçün torpaqlarımızı azad etməliyik”.