Günel Məmmədova: “Mən çörək itirən məxluqları birdəfəlik basdırıram" – MÜSAHİBƏ

"Mənim dostum ailəmdir. Sənətdə isə iş yoldaşlarım var"




Onu məşhur edən əslində seriallar oldu. Teatrda çalışsa da, məhz seriallardakı obrazları ilə daha çox tanındı.  «Şərq»in suallarını aktrisa Günel Məmmədova cavablandırdı. 

- Hər vaxtın xeyir. Necəsən? Axır vaxtlar az görünürsən?

- Xoş gününüz olsun. Deməzdim az görünürəm. Sadəcə yəqin hərdən bir az da darıxdırmaq lazımdı (gülür). İstədim tamaşaçı bir az darıxmış olsun.

- Aktrisa olmaq çətindi?

- Həqiqətən Azərbaycanda aktrisa olmaq daha çətindi. Çünki sən çox qurbanlar verməlisən, barəndə danışılanları eşitmədən keçməyi bacarmalısan, falanlar, filanlar. 

 - Özünüzdə nəyi bəyənmirsiz? Axı insanı özü qədər də kimsə tanımır. 

- Hər bir insan kimi mənim də mənfi xüsusiyyətlərim var. Özümdə sevmədiyim tərəflərim var ki, dəyişə bilmirəm. Yəqin bu da xarakterlə bağlıdır. Mən bilmirəm nə dərəcədə pisdir, ya da fikrim müzakirə oluna bilər, amma çox kinli insanam. Nə yaxşılığı unuduram, nə də pisliyi.



- Kinlilik yaradıcılığınıza da təsir edirmi? Sənət aləmində küsülü qaldığınız sənət dostunuz varmı?

- Bilirsiz, mən əslində bunu kin də adlandırmaq istəmirəm. Küsülülüyüm kinli olmaqla deyil əslində. Sadəcə həyatda insan üçün bir açıq pəncərədir. Baş verənləri görüb onu dəyərləndirmək olur. Elə hadisələr baş verir ki, onları və əməlləri heç vaxt bağışlamaq olmaz. Xətt çəkdiyim andan o insanlar mənim üçün mövcud olmurlar. Ümumiyyətlə, mənim dostum ailəmdir. Sənətdə isə iş yoldaşlarım var.

- Yəni həyatda dost deyib güvənə biləcəyiniz kimsə yoxdu. 

- Dost zərbəsi yaşamış biriyəm. Mən satqınlığı və əsas da çörək itirən məxluqları birdəfəlik basdırıram.

- Bu çox sərt səslənmədi?

- Ümumiyyətlə, mehriban insanam. Mənəvi dəyərlər mənim üçün toxunulmazdı. Ona görə də həyatda bəzi məqamlarda nəyisə bağışlaya bilmirəm. İndiyə qədər üstündən birdəfəlik xətt çəkdiyim 4 insan var. Onları da bağışlaya bilmərəm.

- Kimlərdi?

- Axı, onları basdırmışam. Ölənin arxasınca danışmaq  olmaz, günahdı (gülür).



- Bəzi aktrisalarımız özlərini türklərə oxşatmağa çalışırlar. Açıq-saçıqlığı da oğurlayanda bir az vulqar görünürlər.  

- Kimləri nəzərdə tutursuz, bilmirəm. Hərə öz qazanında qaynayır. Ona görə də kiminsə barədə danışmaq istəməzdim.  Özümdən danışa bilərəm, başqalarını müzakirə etməyə haqqım yoxdur. Açıq-saçıqlığın yaraşıb-yaraşmadığı haqqında heç nə deyə bilmərəm. Hərənin öz seçimi və baxışı var.

- Hər aktyorun bir rolla naxışı gətirir. Güneli hansı  rolu məşhurlaşdırıb?

- Naxış sözü ilə razıyam. Bəzən elə rollar olur ki, naxışı tutur, tamaşaçı sevir. Qaldı məşhurluğa, inanın səmimiyyətimə, "məşhur" sözünü sevmirəm. Məşhur olmaq bu gün çətin deyil, bir gecədə də məşhur olmaq olur. Baxır nə ilə seçilib məşhur ola bilirsən. Vacib olan insan olmaqdı. Azərbaycanda isə məşhurluq bu gün var, sabah yoxdur. Əsas mənim gördüyüm işlərdir. Onlara qiymət versinlər, yaxşını pisdən ayırsınlar. Mənim üçün məşhur o şəxsə deyilir ki, ölkəsindən kənarda da özünü tanıda bilib.

- Hər halda Güneli tanıdan rol olub. 

- Yaradıcılığımdan xəbəri olanlar bilir ki, mən uşaqlıqdan Azərbaycanda çəkildiyim kimi, xaricdə çəkilirəm. Sırf aktyorluq sənətimdə iki dönəm olub ki, mənim aktyorluq bacarığımın başqa tərəflərini də rejissorlar göstərməyə imkan veriblər. Mən istər filmlərdə, istərsə də teatrda müsbət baş qəhrəmanları oynamışam. Teatrda isə mənim ilk və indiyə qədər də sevimli rolum "Çimnaz xanım yuxudadır" tamaşasında Nabat rolu olub, ekran işində isə "Ləkə" serialındakı Arzu rolu.

- Çox zaman aktyorlar, aktrisalar müsbət rollara üstünlük verirlər. Sizə uğur gətirən rol isə mənfi olub.

- Həqiqətən belədir. Düz qeyd etdiniz. Bu rolda rejissorlar məni necə görüblərsə, artıq məni yalnız mənfi obrazlara dəvət edirlər. Amma əvvəl mən mənfi obraz istəyəndə deyirdilər ki, sənin üz cizgilərin və səs tonun mənfi obrazları yaratmağa mane olur. İndi isə filmlərdə müsbət rollara həsrət qalmışam (gülür).



- Üz cizgilərindən söhbət düşmüşkən, simanızda, baxışlarınızda bir gizlilik, qisas almaq ehtirası hiss olunur. 

- (Gülür). Nə qisas? Niyə elə düşünürsüz? Gözlərimə diqqətlə baxın, yəni  xoşbəxtlik, sevgi dolu görünmürəm ki? Həyat gözəldir.

- Yəni həyatı mənasız qisaslara xərcləmək düzgün deyil deyirsiz?

- Qisas almaq üçün bir səbəbim olmalıdır axı. Nə olsun ki, kinliyəm, ya da mənə xəyanət edənlər olub. Həyatda bunları yaşamaq qədər normal nə ola bilər ki? Mən nəyin qisasını alım ki? Həm də həyat o qədər qısadır ki, bilmirsən sabah başına nə gələcək. Hər anı dəyərləndirib son an kimi yaşamalısan. İnsan öz enerjisini yalnız yaxşı nələrəsə xərcləməlidir, boş, mənasız intriqalara, nə bilim, dedi-qodulara, qisasa, bir sözlə, lazımsız şeylərə yox.

- Bizim tamaşaçılar türk seriallarına daha çox maraq yaradır. Yerli seriallarımızda nə çatışmır?

- Yerli seriallarımızda bir çox nüanslar var ki, onlar tamaşaçı ilə yaradıcı heyət arasında bir soyuqluq yaradır. Burda maddi tərəflər də özünü göstərir. Qaldı maddiyyatdan kənara çıxaraq, mənəvi tərəfdən yanaşsaq, seriallarımızda hamı kiməsə oxşamağa çalışır. Biri türkə, biri də başqasına. Yəni seriallarımızda  özümüz olmaq çatışmır. Kimlər kimisə serial çəkmək lazım deyil. Özümüzü unutmayaraq özümüz kimi çəkmək lazımdır.

- Adətən sənətlə şou-biznesi müqayisə etmirlər. Teatrı da şou-bizneslə müqayisə etməyə ehtiyat edirik. Amma gəlin onu da etiraf edək ki, teatrlarımızda elə hadisələr baş verir ki, şou-biznesdə baş verənlər onların yanında toya getməlidir. 

- Kənardan bu qədərmi burda olanları sezmək mümkündür? (Gülür).  Elə deyirlər. Təbii ki, müəyyən anlaşılmazlıqlar olur. Belə şeylər keçicidir. İnandırım sizi ki, əgər hər kəs öz işi ilə məşğul olsa, heç bir hadisə baş verməz. Fikrimcə, hadisələr bekarçılıqdan əmələ gəlir. İş olan yerdə bekarçılıq olmur, bu halda isə hadisələr baş vermir.

- Aktrisa üçün sədd varsa, bu onun yaradıcılığını məhdudlaşdıra bilərmi? Yəni elə rollar olub ki, təklif almısız, amma özünüzə olan qadağalar, ya da açıq-saçıq səhnələr üzündən obrazdan imtina etmisiz? 

- Bəlkə də Avropada aktrisa üçün sədd ola bilməz. Amma biz yaşadığımız cəmiyyətə uyğun hərəkət etməliyik. Ona görə də deyim ki, özümə qadağalarım yoxdu, yalan olar. Təbii ki, var. Mənə, çərçivələrimə zidd olan bir rol olsa, imtina edəcəyəm.