ABŞ liderindən Dünya Bankına çağırış: "Çinə kredit verilməsi dayandırılsın"

ABŞ Prezidenti Donald Tramp Dünya Bankının Çinə kredit verməsini dayandırmalı olduğunu deyib.

APA-nın xəbərinə görə, bu barədə Donald Tramp "Twitter" səhifəsində bildirib. 

"Niyə Dünya Bankı Çinə kredit verir? Bu, mümkün ola bilərmi? Çinin kifayət qədər pulu var və əgər olmasa belə, onlar bunu yaradır. Bunu dayandırın!", - deyə Donald Tramp qeyd edib.

Qeyd edək ki, bir ildən artıqdır Çin və ABŞ arasında ticarət sahəsində ciddi fikir ayrılığı davam edir. İki ölkə bir-birinə qarşı ticarət rüsumlarını artırıb.

Bu yaxınlarda diqqət yenidən rəsmi Vaşinqton və Pekin arasında mümkün ticarət razılaşması ilə bağlı danışıqlara yönəlib. İnvestorlar ilin sonunadək tərəflərin sazişin birinci hissəsi ilə bağlı razılığa gələ biləcəyinə və ya dekabrın 15-dən tətbiqi gözlənilən yeni idxal rüsumlarının təxirə salınacağına ümid edirlər.