Ali məktəblərə qəbulda yenilik olacaq

Müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan sonra yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir.

Oxu.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində  deyib.

Nazir bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq.

C.Bayramov xatırladıb ki, bu ilin fevral ayında Nazirlər Kabineti ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatını təsdiq edib:

“Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyirlər. Yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların kifayət qədər çoxu -70 faizi qısa müddətdə əmək bazarına daxil olurlar”.

O qeyd edib ki, dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir:

“Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda diqqət yetirilməsi vacib olan sahə sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılması vacibdir ki, onlar gələcəkdə işaxtaran deyil, iş yeri yaradan insanlar olsun. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir”.