Avropada azərbaycanlını yaşadığı evdə döydülər

Avstriyada azərbaycanlının yaşadığı evə basqın olub. Dekabrın 6-da səhər saat 06:44-də Avstriyanın Linç şəhərində dörd nəfər avstriyalı 22 yaşlı azərbaycanlının yaşadığı evə basqın ediblər.

Oxu.Az-ın xəbərinə görə, onlar mənzilin qapısını xüsusi alətlə sındırıb açmaq istəyərkən azərbaycanlı gənc özü qapını açıb.

Həmin şəxslər onu mənzilin içinə doğru itələyərək otağa daxil olublar və azərbaycanlını döyüblər. Lakin 22 yaşlı azərbaycanlı onların əlindən çıxaraq mənzilin pəncərəsindən qaça bilib və kömək çağırıb.

Bundan sonra dəstə üzvlərindən ikisi hadisə yerindən qaçıb, dəstənin 16 və 19 yaşlı iki üzvü saxlanılıb. 19 yaşlı qız mənzilin çarpayısında tutulub. 16 yaşlı oğlan pəncərədən qaçaraq binanın damına çıxıb və polisləri özünü atacağı ilə hədələyib.

Yanğınsöndürənlər binanın aşağısına hava yastığı gətirdikdən sonra 16 yaşlı oğlan təslim olub.

Onların hər ikisi ifadələrində 22 yaşlı azərbaycanlının evində narkotik saxladığını bildikləri üçün evə basqın etdiklərini deyiblər.

Hazırda yerli mətbuatda istintaqın dəstənin hadisə yerindən qaçan iki üzvünü axtardığı və azərbaycanlının narkotik daşıyıcısı olub-olmadığının araşdırıldığı yazılır.