Şahxəndanda bərpa işləri davam edir - FOTOLAR

Şahxəndan Şamaxının ən böyük və qədim qəbiristanlıqlarından biridir. Burada bir çox tanınmış şəxsiyyətlər dəfn edilib. XIV əsrə aid olan bu unikal memarlıq nümunəsi günümüzə qədər qalsa da, zaman ötdükcə təbii amillər səbəbindən zədələnib və məhv olma təhlükəsi ilə üz-üzə qalıb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Şahxəndan türbəsinin ətrafında yenidənqurma və bərpa işləri aparılıb.

İsmayıllı regional mədəniyyət idarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfael Tağızadənin sözlərinə görə, türbənin ətrafında hasarlar çəkilib. Türbənin bərpa işləri üçün xarici mütəxəssislər cəlb edilib, bərpa işlərinə avstriyalı memar Erik Büner rəhbərlik edib: 

“Əsrlər boyu yağan yağışlar tarxi abidənin bir hissəsinin torpaq altında qalmasına səbəb olub. Bu da abidəyə ciddi zərbə vurub. Hazırda abidənin daxili və xarici divarlarının qurudulması üçün ciddi işlər görülür. Yaxın vaxtlarda abidənin konservasiyasına başlanılacaq”. 

Türbənin içərisindəki qəbir daşının üzərinə həkk olunan yazılarda “Quran” ayələri və burada dəfn olunan filosof Şahxəndan haqqında məlumatlar öz əksini tapır.

Şamaxı sakinləri bildirir ki, Şahxəndan türbəsinin 1980-1990-cı illərdə bərpasına başlanılıb. Amma işlər yaxşı görülməyib və yarıda buraxılıb. 

Bu gün isə türbəyə yeni nəfəs verilir. Türbədə iki məzar var: biri Şahxəndana məxsus olsa da, digərinin kim olduğu hələ məlum deyil. Məzarların üzəri oxunandan sonra onun da kim olduğu bəlli olacaq.

Qeyd edək ki, türbə bərpa edildikdən sonra ziyarətə gələnlərin sayında artım müşahidə edilir.