Ali məktəblərdə yeni ixtisaslar yaranacaq: Bəziləri isə sıradan çıxacaq - AKTUAL

Ali məktəbə qəbulda yeniliklər olacaq. Bu barədə Təhsil naziri Ceyhun Bayramov açıqlama verib. Nazir qeyd edib ki, müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan sonra yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir.

Nazir bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq.

Ali məktəbə qəbuldakı yeniliklərlə bağlı fikirlərini Sherg.az-la bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. 

Ekspertin sözlərinə görə, elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır:

“Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni, hazırda dekabr ayını yaşayırıq, amma yanvarda elə güclü ixtira ola bilər ki, o bəşəriyyəti tamamilə dəyişsin Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək. Fizika və kimya fakültəsi var, gələcəkdə Fizkimya , Biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası oblastlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahə yaranıb. Fizika hara ekonomika hara, amma birləşiblər. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək. Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi”. 



Kamran Əsədov: "Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq"


K.Əsədov bildirib ki, bir ara insanlar texniki elmlərin həlledici rol oynadığını, humanitar sahəyə isə diqqət azalıb arxa plana keçdiyini hesab edirdilər:

“Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox? Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız -hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitab olur oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın.
Gələcəkdə okeanı, onun dərinliyini, kosmosu, Yer kürəsində insan mühiti, ekoloji məsələləri öyrənəcəyik. Yəni, Yer üzünün xilası və tərəqqisi ilə bağlı elmlər daha öndə olacaq. Ona görə fikir vermək lazımdır ki, NASA hansı problemlərlə məşğul olursa, həmin sahə qabaqdadır. Onların məşğul olduğu istiqamətlər üzrə ölkədə elmi inkişaf etdirmək daha doğru yol olardı. Çünki onlar bu şeyləri hiss edib, qəbul edirlər. Fəlsəfə, sosial elmlərin inkişafı ilə bağlı elmlər çox lazım olacaq”.