Mehman Əhmədli: "Meyxana sənətini təhqir etmək cahillikdi, savadsızlıqdı"

"Hər sahədə peşəkarlar və gündəm xətrinə gələnlər var"




Son vaxtlar onun adı çəkiləndə qalmaqal yada düşür. Heç şou-biznes əhli bu qədər qalmaqalın içinə düşə bilmir, amma Kəramətin başı qalmaqallı açıqlamalardan açılmır. Yazarın meyxanaçılarla bağlı söylədikləri yenidən gündəm olub. 
Əsasən sosial şəbəkələrdəki fəaliyyəti və efirlərdən meyxanaçılar barədə söylədikləri cəmiyyətdə birmənalı qarşılanmır, əksəriyyətin etirazlarına səbəb olur.  

«Aydın Xırdalanlı ilə birgə meyxana da ölsün, efirlərdən yığışdırılsın, rədd olsun» deyib meyxanaçıların nifrətini qazanmış oldu. Kəramət meyxana sənəti ilə bağlı sərt fikirlər səsləndirdi. - Mənim düşüncəmə görə, meyxana fərli bir şey olsa, onu efirə verməzlər. Meyxana bir növ narkotikdi, insanların beynini dumanlandırır. Bizim cəmiyyət də əsasən savadsız kütlədən ibarətdir deyə, bunlara nə deyirsən de, lap elə ağzına gələni de, amma qafiyə ilə de, xoşlarına gələcək. Sizi inandırım ki, onların alqışladığı qafiyə ilə söylənən fikirləri adi nəqli cümlələrə çevirib söyləsən, dəli olarlar, adamın üstünə hücum edərlər». Kəramət meyxananı küçə musiqisi hesab etdiyini deyib: «Ümumiyyətlə, meyxana küçə musiqisidir, onun yeri də elə çayxana və küçədir. Meyxanaçılar isə adını sənət qoyduqları meyxanalarla toylarda pul qazanırlar. Toya gedirsən, get, pul qazanırsan, qazan, heç kəs bunu sənə qadağan edə bilməz, amma efir məsuliyyəti deyilən bir şey də var axı, abır-həya da də olmalıdır axı.

İki nəfər çırtıq çala-çala qarşı-qarşıya durub bir-birinə dişinin dibindən çıxanı deyir, qan-tərə batır, kənardan onlara tamaşa edən məclis əhli isə hırıldaşır. Axı buna uşaqlar, yeniyetmə və gənclər baxır. Onlar bu səviyyəsiz çıxışlardan nə tərbiyə alacaqlar.
Əliağa Vahidin davamçısı olmaq da böyük bir iş deyil. Heç Əliağa Vahidin özünü də mən qəbul etmirəm. Doğrudur, qəzəl yazıb. Azərbaycan ədəbiyyatında meyxana adlı ciddi ədəbi janr yoxdu. Məni qınaya da bilərlər, söyə də bilərlər. Qınayanlar, söyənlərin savadsız, cahil təbəqəyə aid olduğuna əmin olduğum üçün bu məni narahat etmir».

Kəramətin açıqlamasına meyxanaçıların cavabı da gecikmədi. Meyxana aləmində ustad kimi tanınan və qəbul olunan Mehman Əhmədli «Şərq»ə açıqlamasında od püskürdü. Kəraməti ağ "yuyub", qara "sərən" meyxana ustası onu açıq şəkildə söhbətə dəvət etdi: «Meyxana sənətindən o insanın danışmağa haqqı yoxdu deyə, soruşuram, Kəramət kimdir? Görən Azərbaycan oxucuları arasında onu ciddi yazar olaraq qəbul edən nə qədər oxucu kütləsi var. Ədəbi aləmdədirsə, yazdıqlarını ciddi qəbul edənlər olmalıdır? Kimdir onu oxuyan, tanıyan? Kəramət həyatda da heç kimdir, bunu sözün böyük mənasında cəsarətlə deyirəm, ədəbi aləmdə də kimsəsiz biridir. Çünki kişi sözünü deyibsə, onun arxasında durmağı bacarmalıdır. Kişi kimi söz deyibsə, söhbətə çağırılanda gəlib sözünün izahını verər. Dəvət edirik, söhbət etməkdən qaçır. Kim necə istəyir elə də qəbul etsin, onu söhbətə dəvət etmişəm, gəlməyib. Bir dəfə yığdım dedi Bakıda deyiləm, soruşdum nə vaxt Bakıya qayıdırsan, dedi 5-6 günə, yenə yığdım hər dəfə bir bəhanə edib bizimlə üz-üzə oturmaqdan qaçır, qorxur, çəkinir. Söz deyəndə bilməliydin ki, bu sözə cavab verməlisən. Bir neçə dəfə onunla əlaqə yaratdım ki, gəl söhbət edək. Sözü demisən, arxasında dura bilmirsənsə, sənin ağzını  4 yerdən dağıdarlar. Mən onu söhbətə çağırdım, hədə-qorxu gəldi ki, səni Daxili İşlər Nazirliyinə şikayət edər, gözümü polislə qorxutmaq kişilikdi? Mən də bildirdim ki, hara istəyirsən şikayət et, mən səni söhbətə dəvət edirəm, öldürməyə çağırmıram, bizi təhqir etmisən, gəl cavab ver. Sən axı kimsən? Sənə kim o ixtiyarı verib ki, meyxana sənətini, meyxanaçıları təhqir edəsən? Sənə yazar da demək olmaz. Sən o axmaqsan ki, efirlərdən qovulan, atasından, anasından imtina edən, ailəsi müzakirəyə qoyulan, yerini bilməyən bədbəxt birisən. Sənin adın kimin yanında çəkilirsə, yalnız mənfi fikir səslənir. Sən nə kişi kimi kişisən, nə də sənət baxımından sənətini sərgiləyəcək istedad sahibisən. Həyatda uduzmuş birisisən. Hər sahədə peşəkarlar və gündəm xətrinə gələnlər var. Səhnədə nə qədər peşəkar müğənni varsa, o qədər də bayağı ifaları eşidirik. Jurnalistikada da peşəkar yazarlar, qələminə, imzasına hörmət etdiyim qələm əhli var. Eyni zamanda gəlin etiraf edək ki, jurnalistikada da bu sahəyə aidiyyəti olmayan qeyri-peşəkarlar mövcuddur. Ona görə də ümumi mənada meyxana sənətini təhqir etmək cahillikdi, savadsızlıqdı. Meyxana sənəti barədə elə insanlar fikir bildirib ki, sənin mənasız açıqlamaların özün kimi təlxəklərə təsir edə bilər. Meyxana sənəti barədə Rusiyanın, Amerikanın televiziyaları maraqlanır. Mənimlə bağlı Rusiya telekanalları verilişlər hazırladılar, Amerika kanalı bu günlərdə qonağım oldu, meyxana ilə bağlı veriliş hazırlayırlar. Səni ölkədən kənarda kim tanıyır? Kimə lazımdı sənin mənasız cızma-qaran? Bir müddət klounluq etmək üçün efirlərə lazım ola bilərsən, amma ədəbi mühitdə nə adın qalacaq, nə şəxsiyyətin yada düşəcək. Bu qədər bədbəxt bir cızma-qara yazan birisən».